Gəncə rəqqasları “Kəpəz Kuboku 2017”-nin qalibi olublar

Gəncədə “Azərbaycan Gənclər İttifaqı” və “Azərbaycan Rəqs Assosiasiyası” birgə təşkilatçılığı ilə “Kəpəz Kuboku 2017″ yarışması, rəqs və bədii rəhbərlərin konqresi keçirilib. Gəncə Olimpiya Kompleksində keçirilən müsabiqədə respublikanın 9 rayonundan 20-dən artıq kollektiv iştirak edib.

Rəqqaslar 5 nominasiya üzrə – müasir rəqs növlərini özündə birləşdirən rəqs şousu, küçə rəqsləri – hip-hop, folklor əsasında qurulmuş müəllif rəqsləri və milli rəqslərilə yarışıblar. 4 yaş qrupu üzrə yarışan iştirakçılar həm tək, həm də qrup şəklində öz bacarıqlarını nümayiş etdiriblər. Ən yaxşı rəqqaslar münsiflər tərəfindən seçilərək, bal sistemi ilə qiymətləndiriliblər. I, II və III yeri tutan komandalara kubok və diplomlar təqdim olunub. 5 nominasiyadan 4-nü Gəncə şəhərinin komandaları qazanıb.
“Məhsəti Gəncəvi Mərkəzi”ndə baş tutan bədii rəhbərlərin konqresində mart ayında Moskvada keçiriləcək Avropa Çempionatından, yay ərəfəsində beynəlxalq rəqs festivallarının keçirilməsindən danışılıb, rəqslərlə bağlı bir çox məsələlər müzakirə olunub. Gəncə, Mingəçevir və Göygöl təmsilçiləri arasında müzakirələr bir ay ərzində davam edəcək, nəticə mart ayında “Azərbaycan Gənclər İttifaqı”nın mədəniyyət şöbəsinə çatdırılacaq və festivalın quruluşu ilə bağlı işlərə başlanılacaq.

Xudaferin.eu
“Gəncə Bürosu”

17:18