Gənc fəal: 'İş tapıb cəriməni ödəməsəm...'

 

“Bir qədər aktivlik edən kimi hakimiyyət qarşıma fakt qoyur ki, ‘bax, üstündə 1 il islah işləri var. Elə etmə ki, səni həbs edək”. 3 gün əvvəl Sumqayıt şəhər icra şöbəsinin məmuru yenə zəng vurub, məni şöbəyə dəvət edib. Vaxtaşırı çağırırlar, iş tapıb məhkəmənin kəsdiyi cəriməni ödəməsəm, həbslə hədələyirlər”. Bunu AzadlıqRadiosu-nun “Qaynar xətt”inə gənc fəal Elçin Həsənzadə deyir.

 

125 MANATIN 25 MANATI...

Elçin Həsənzadə Nizami rayon Məhkəməsi tərəfindən xuliqanlıqda ittiham olunub. Ötən il iyunun 1-də barəsində hökm çıxarılıb. O, aylıq əməkhaqqının 20%-i tutulmaqla, bir il islah işlərinə məhkum edilib. Lakin 8 aydır iş tapa bilmir ki, işləyib cəriməni ödəsin: “İcra məmurları deyirlər ki, ‘iş yoxdur, gəl gir həbsxanaya’… Ötən ilin oktyabrında Sumqayıt şəhəri Məşğulluq Mərkəzində uçota dursam da, bu mərkəzdən mənə cəmi bir dəfə iş təklifi gəlib. 125 manat maaşla küçə süpürgəçisi işləmək təklifi… Bu məbləğin 25 manatını hökmün icrasına ödəməliyəm. Təklifi qəbul etmədim. Bildirdim ki, bu iş maaşına görə məni qane etmir. Ölkədə normal maaşlı iş tapmaq isə ən çətin məsələdir. Özümə normal maaşlı iş axtarmaq üçün vaxt istədim”.

ŞƏRTLƏR AĞIRLAŞDIRILIB

 

Elçin Həsənzadə iş tapa bilməsə, 1 ilini həbsxanada keçirməli olacaq: “Maraqlısı odur ki, iş tapmağım üçün qoyulan şərtlər də sərtləşdirilib. Axtardığım iş yerində gərək sahibkarla elektron müqavilə bağlayım və sahibkar öz VÖEN-in surətini məhkəmə icrasına göndərib dövlətə vergi verməsi ilə bağlı bəyannamə imzalasın. Bu şərtlərlə iş tapmaqsa, ümumiyyətlə, qeyri-mümkündür. Bu gün ölkədə bu şərtlərlə yalnız dövlət idarələrində iş tapmaq olar. Hakimiyyəti tənqid edən, sifarişlə məhkum olunan bir adamı hansı dövlət idarəsi işə götürər?”

Elçin Həsənzadə onunla işçi müqaviləsi bağlaya, VÖEN-in surətini məhkəməyə təqdim edə və dövlətə vergi ödəyə biləcək bir şirkət varsa, ona yardımçı olmasını istəyir.

E.Həsənzadə 2015-ci ildə keçmiş "Asiya” agentliyinin rəhbəri Cəfər Cəfərovun ona basqı göstərməsi ilə bağlı şikayət edib. Sonradan bu şikayət özünə qarşı çevrilib. Ötən ilin martında E.Həsənzadəyə 221.1 maddə ilə cinayət işi açılıb. Daha sonra bu ittiham daha ağır – 221-3 maddə (soyuq silah tətbiq etməklə xuliqanlıq törətmək) ilə əvəzlənib. Ötən ilin mayında prokuror ona 3 il 6 ay həbs cəzası istəsə də, hakim maddəni daha yüngül maddəyə tövsif edərək onu aylıq maaşının 20 faizi tutulmaqla 1 il islah işlərinə məhkum edib.

Azadliq.org

 

13:02