Gəncə Dövlət Dram Teatrının görkəmli səhnə ustası

 

İyul ayının 15-də Gəncə Dövlət Dram teatrının qoçaman səhnə ustası, Azərbaycanın xalq artisti, teatr və kino aktrisası Sədayə İsmayıl qızı Mustafayevanın 91 yaşı tamam olur.

Sədayə İsmayıl qızı Mustafayeva 1926-cı il iyul ayının 15-də anadan olub. 5 illik orta təhsilini bitirdikdən sonra Böyük Vətən Müharibəsi başladığından atası İsmayılı və qardaşı Məhəmmədi müharibəyə yola salan Sədayə Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında işləməyə başlayıb. Şəkidə boyu çox uca olduğundan və həmişə də səmaya baxdığından Günəbaxan Muxtar adı ilə tanınan bir şəxsin vasitəsi ilə Şəki Dövlət Dram Teatrına aktrisa kimi gətirilib. Bir müddət burada bir-birinin ardınca maraqlı obrazlar qaleriyası yaradan xalq artisti Sədayə Mustafayeva daha sonra fəaliyyətini Ağdaş və Göyçay teatrlarında davam etdirib. 1950-ci ilin mart ayında Gəncə Dövlət Dram Teatrının direktoru, respublikanın xalq artisti, teatr və kino aktyoru, rejissor Məhəmməd Bürcəliyevin dəvəti ilə Sədayə xanım Gəncə Dövlət Dram Teatrına aktrisa kimi gətirilib. Bu teatrın səhnəsində 400-dən artıq maraqlı obrazlar qalereyası yaradıb.

” Vaqif ” də Xuraman, Gulnar, “Aydın “da Gültəkin, “Pəri Cadu” da Pəri, “Solğun çiçəklər” də Sara, Pəri, Gülnisə, “Otello” da Emilya, “III-Riçard ” da Yelizaveta, “Sokratla söhbətlər” də Ksantipa, “İtgin gəlin” də Səbihə, ” Yad qızı” da Həcər xanım, ” Dairəni genişləndirin” də Aliyə, “Təbilçi qız” da Nila,”Kəndçi qız” da Bənövşə, “Dəli Kür” də Şahnigar, “Ana vüqarı” da Ana, “Bəraət” də Rəşidə xanım,” Atayevlər ailəsi” də Dilşad xanim,” Xurşudbanu Natavan” da Natavan, “Qonşular” da Mətanət, “Almaz” da Almaz, “Sən həmişə mənimləsən” də Nargilə, “Mahnı dağlarda qaldı” da Rəxşəndə xanım və s. obrazları xalq artisti Sədayə Mustafayeva yaradıcılığının ən gözəl nümunələrindəndir. Bu gün Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərən əksər aktyor və aktrisa truppası məhz Sədayə Mustafayeva məktəbinin yetirməsidir.

Xalq artisti Sədayə Mustafayeva həmçinin Azərbaycanfilmin istehsalı olan 20-dən artıq filmə çəkilib.” Qanun naminə” də Xatun,” Mən ki gözəl deyildim” də Gözəl, “Şərikli çörək” də Şamama, “Qaynana”da Mülayim, “Ölsəm bağışla” da Suğra xala,” Ağ atlı oğlan” da Mirvari nənə,” Həm ziyarət, həm ticarət” də Ana, Amerika kinemotoqrafcılarının istehsal etdiyi ” İlk körpü ” filmində Əsmər və s. filimlərini misal göstərmək olar. 1958-ci ildə respublikanın əməkdar artisti, 1981-ci ildə isə xalq artisti fəxri adlarına, həmçinin 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdünə layiq görülüb. Xalq artisti Sədayə Mustafayeva 2004-cü il avqust ayının 13-də Gəncə şəhərində vəfat edib.

Hicran Məmmədova

Gəncə

13:48