“Gəl, gözəl bahar, coşsun arzular”

 

Dünya şöhrətli bəstəçi və dirijor Maestro Niyazinin mənzil-muzeyində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi, beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüsü Nəriman Əmiraslanovun “Gəl, gözəl bahar, coşsun arzular” adlı solo konserti keçirilib.

Əvvəlcə muzeyin şöbə müdiri Xanım Abdinova çıxış edərək yazın ilk ayının birinci günündə keçirilən bu musiqili görüşdən məmnunluğunu bildirdi, bahar fəslinin gözəlliyindən, insanlarda yaratdığı xoş duyğulardan söz açdı. Qeyd etdi ki, dünyanın bir çox görkəmli şair, musiqiçi və bəstəkarları ən gözəl əsərlərini məhz bahar fəslində yazıb.

Sonra söz tədbirin qonağına - beynəlxalq müsabiqələr laureatı Nəriman Əmiraslanova verildi. Onun ifasında M.Qlinkanın “Torağay”, S.Raxmaninovun “Yasəmən”, F.Şopenin “Polonez”, “Etüd do minor”, Q.Qarayevin “Çar kəndinin heykəli”, V.Mustafazadənin “Mart”, F.Bədəlbəylinin “Dəniz”, C.Allahverdiyevin “İki lövhə” və başqa əsərlər səsləndirildi. Musiqi nömrələri mövzu üzrə video-slayd ilə müşayiət olundu. Gənc pianoçunun maraqlı çıxışı dinləyicilərə bahar ovqatı yaşatdı.

Xudaferin.eu

06:01