Gimnastımız beynəlxalq turnirdə bürünc medal qazanıb

Latviyanın paytaxtı Riqada bədii gimnastika üzrə beynəlxalq “Baltic Hoop” və “Riga Spring” turnirləri keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin üzvləri hər iki yarışda çıxış ediblər. Böyüklər arasında təmsilçimiz Veronika Qudis “Baltic Hoop” turnirində iki final mərhələsinə vəsiqə qazanıb. Yekun nəticədə gimnastımız həm gürzlər, həm də halqa ilə yarışlarda səkkizinci yerdə qərarlaşıb. Çoxnövçülük yarışında V.Qudis 63,050 xalla 10-cu, digər təmsilçimiz Darya Sorokina isə 13-cü (60,350) olublar.

Böyüklərin turniri ilə paralel yarışda gənc gimnastlar medallar uğrunda mübarizə aparıblar. Azərbaycan gimnastları “Riga Spring” yarışında dörd finalda çıxış ediblər. Nərminə Səmədova lent ilə çıxışına görə hakimlərdən 15,350 xal toplayaraq bürünc medala layiq görülüb. Digər 3 final mərhələsində isə ölkəmizi Arzu Cəlilova təmsil edib. Ən yaxşı nəticəsini ip ilə çıxışlarda göstərən təmsilçimiz turniri beşinci pillədə başa vurub.

21:44