Gerogi Mamuliya: “Güney Qafqazda baş verənlər Ermənistanın çoxəsrlik separatçı siyasəti ilə bağlıdır”

 Tbilisidə “Qafqazın müstəqilliyi uğrunda mübarizə” adlı kitabın gürcü dilinə tərcümə olunmuş versiyasının təqdimatı olub. Kitabda 1917-1921-ci illərdə Azərbaycan, Gürcüstan və Ermənistanın Güney Qafqazın müstəqilliyi uğrunda mübarizəsindən, bu mübarizədə məğlubiyyətin səbəblərindən bəhs olunub. İrandan olan Azərbaycan əsilli tarixçi alim Firuz Kazımzadənin müəllifi olduğu bu kitab ilk dəfə 1951-ci ildə ingilis dilində nəşr olunub. Kitabın elmi redaktoru, Fransanın Sosial Tədqiqatlar İnstitunun professoru, tarix elmləri doktoru Gerogi Mamuliya bildirib ki: “Kitabı gürcü dilinə tərcümə etməkdə məqsəd 1917-1921-ci illərdə bu regionda baş verən hadisələr, həmin illərdə Azərbaycan və gürcü xalqlarının müstəqillik uğrunda mübarizəsi, çətinliklə əldə etdiyimiz müstəqilliyin süqutunun səbəbləri barədə gürcü ictimaiyyətinə ətraflı məlumat verməkdir. Kitabda üç Güney Qafqaz respublikasının müstəqillik uğrunda mübarizəsi geniş təhlil olunub. Bildirilir ki, həmin dövrlərdə Azərbaycan ilə Gürcüstan müstəqillik uğrunda çətin, amma gərgin və şərəflə mübarizə aparıblar. Ölkələrimiz arasında çox səmərəli əməkdaşlıq mövcud olub. Azərbaycan ilə Gürcüstan 1919-cu ildə Denikin ordusuna qarşı mübarizədə birgə hərbi əməkdaşlığa dair müqavilə imzalayıblar. Bu da bir daha sübut edir ki, hər iki ölkə regionun inkişafı və müstəqilliyi uğrunda mübarizə aparıblar”.

Alimin sözlərinə görə, kitabda, eyni zamanda, Ermənistanın seperatçı mövqeyi və anti-Qafqaz siyasəti barədə məlumatlar və tarixi faktlar da əksini tapıb. Bildirilir ki, Ermənistanın əvvəlcə Denikin ordusuna köməklik etməsi, sonradan isə bolşeviklərə qoşulması Azərbaycanın və Gürcüstanın, eləcə də bütövlükdə Güney Qafqazın müstəqilliyinin süqutunun əsas səbəblərindən biridir.
“Hesab edirəm ki, Ermənistanın separatçı siyasəti bu gün də davam edir. Kitabı oxuduqca başa düşmək olur ki, bu gün Güney Qafqaz regionunda baş verənlər məhz 1920-21-ci illərdə Ermənistanın həmin anti-Qafqaz siyasəti ilə bağlıdır” – deyə G.Mamuliya vurğulayıb.

Report.az

11:42