General Yücel Karauz: Ermənistanın israrla davam etdirdiyi mina terroru regionda qarşılıqlı etimada və sülh prosesinə təhdiddir

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Dövlət Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Kəlbəcər rayonunun Susuzluq kənd icra nümayəndəsinin müavini Arif Əliyevin minaya düşərək həlak olmaları Ermənistanın məqsədyönlü cinayətlərinin, qəsdlə törədilmiş terror aktının daha bir acı nəticəsidir. Beynəlxalq hüquqa və konvensiyalara görə, dinc əhaliyə təhlükə yaradan minalaşdırma hərbi cinayət sayılır. BMT-nin aidiyyəti qurumları, eləcə də ATƏT-in Minsk qrupu Azərbaycan ərazilərində qanunsuz olaraq basdırılmış minaların təmizlənməsi üçün böyük səylər göstərməli, minalı sahələrin xəritələrinin Ermənistanından alınmasını təmin etməlidirlər. Otuz il işğal altında saxlanılan Azərbaycan torpaqlarının təhlükəsiz qaydada minalardan təmizlənməsinə yardım göstərmək beynəlxalq birliyin mənəvi borcu, hüquqi öhdəliyidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz bildirib.
AZƏRTAC-ın və AzTV-nin işğaldan azad olunmuş ərazilərdə apardıqları çəkilişləri düşməni ifşa edən faktaraşdırıcı qənimət kimi dəyərləndirən general Yücel Karauz deyib: “Mən də daxil olmaqla on minlərlə, yüz minlərlə, hətta milyonlarla izləyici, oxucu otuz il işğal altında saxlanılmış Azərbaycan torpaqlarındakı erməni vəhşiliklərini məhz mərhum müxbir Məhərrəm İbrahimov və operatoru Sirac Abışovun timsalında cəsur media mənsublarının tarixi əməyi sayəsində öyrənə bilmişik. Jurnalistin istər müharibənin qızğın yerindəki, istərsə də ki, arxa cəbhədəki işi dinc fəaliyyət olaraq dəyərləndirilir. Bu hüququ müəyyən edən beynəlxalq təşkilatlar iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində mina partlaması hadisəsinə quru bəyanatla deyil, real addımlarla, səmimi mövqe ilə münasibət bildirməlidirlər”.
Kəlbəcərdəki qanlı hadisədə həyatlarını itirən şəhidlərə Allahdan rəhmət, ailələrinə və doğmalarına səbir və dözüm, yaralılara şəfa diləyən general Yücel Karauz vurğulayıb ki, Ermənistanın israrla davam etdirdiyi mina terroru regionda qarşılıqlı etimada və sülh prosesinə təhdiddir. Bütün beynəlxalq təşkilatlar, eləcə də Ermənistana təsir imkanı olan böyük dövlətlərin bu məsələdəki susqunluğu insan haqlarını heçə almaqdır.

Sabir Şahtaxtı

Xudaferin.eu

19:17