Əfsanəvi sərkərdə Həmid Qasımbəyovun xatirəsi Baltik sahillərində əbədiləşdirildi

Rusiya Federasiyası Kalininqrad vilayətinin Baltik şəhər dumasının deputatlarının qərarı ilə əfsanəvi hərbi dəniz qoşunları donanması admiralı Həmid Həbib oğlu Qasımbəvoyun adının əbədiləşdirilməsi istiqamətində qəti addımlar atılıbdır. Belə ki, şəhərin Lenin küçəsindəki 11 saylı binanın qarşısında əfsanəvi admiralın memorial xatirə lövhəsi qoyulubdur. Şəhər dumasının qərarında qeyd olunur ki, tarix və memarlıq irsinin qorunması istiqamətində Həmid Qasımbəvoyun adının və xatirəsinin əbədiləşdirilməsi çox vacib addımlardan biridir. Qərarda o da bildirilir ki, Həmid Qasımbəyov Baltik dənizi hərbi dəniz donanmasında vitse-admiralı kimi xidmət etdiyi dövrlərdə bölgənin inkişafı və hərbi-strateji baxımdan müdafiəsi istiqamətində onun xidmətləri misilsizdir. 

Qeyd edək ki, Həmid Qasımbəyov 13 may 1923-cü ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olubdur. İlk peşəkar təhsili əlvan metallurgiya sahəsi üzrə olubdur. II Dünya Savaşı başlayan kimi sevimli peşəsindən ayrılaraq, könüllü olaraq orduda xidmətə gedibdir. Bu zaman onun intellektual səviyyəsini və dərin biliyini görərək Keçmiş SSRİ müdafiə nazirliyinin əmri ilə Xəzər Dənizi Ali Hərbi Dəniz Məktəbində təhsil almağa göndərirlər. 1945-ci ildə buranı bitirən kimi, dərhal Həmid Qasımbəyovu Qara Dəniz Donanmasında xidmətə yollayırlar. Burada qısa müddətdə işlədikdən sonra, 1945-1955-ci illərdə dünya hərbi və dəniz donanması üzrə ən ağır və təzadlı bölgə hesab olunan Sakit Okean Donanmasında xidmət etməsi üçün Vladivostok şəhərində xidmətə göndərirlər. Bu, elə bir dövr idi ki, ABŞ və Yaponiyanın hərbi dəniz donanmaları həmin region ölkələrinə hərbi-strateji baxımdan dərin şəkildə nüfuz etmək imkanları geniş idi. Sovet-Yapon döyüşlərində okean sularında baş verən müharibədə peşəkar və istedadlı hərbi xadim kimi Həmid Qasımbəyov öz istedadını nümayiş etdirdi. İgidliyinə görə bir sıra orden və medallara layiq görüldü. Xüsusilə Saxalin və Kuril adalarının mühafizəsi sahəsində əfsanəvi qəhrəmanlıqlar nümayiş etdirmişdi. Bu elə bir dönəm idi ki, Rusiya hərb tarixində ikinci dəfə idi ki, Port-Artur müharibəsini yaşamalı olmuşdu. Birinci Dünya Müharibəsi illərində əfsanəvi ordu generalı, həmyerlimiz Əliağa Şıxlinski öz hərbi rəşadəti ilə Port-Artur Müharibəsində misilsiz uğurlar əldə etmişdisə, bu dəfə həmin ənənəni İkinci Dünya Müharibəsindən sonra Həmid Qasımbəyov davam etdirdi. Beləliklə də Oxot və yapon dənizləri, eləcə də Laperuza və Tatar körfəzlərində işğalçılıq siyasətinə son qoyuldu. Həmid Qasımbəyovun adı, igidliyi, cəsarəti, komandir kimi istedadı artıq bütün ölkədə əfsanəvi şəxs kimi yayılmağa başladı. 1949-cu ildə Həmid Qasımbəyov Baltik Dənizi Donanmasına məxsus hərbi-dəniz bazasının komandiri vəzifəsinə təyin olunur. 1957-ci ildə isə, Polşanın Svinouste şəhərindəki Sovet Hərbi Dəniz Donanmasının hərbi müdafiə briqadasının komandiri vəzifəsinə irəli çəkilir. 1963-cü ildə isə, keçmiş SSRİ müdafiə nazirliyinin ən güclü və strateji əhəmiyyət daşıyan Baltik Dənizi Hərbi Dəniz Donanmasının 71 saylı desant briqadasının komandiri təyin olunur. 1970-ci ildə SSRİ Hərbi Dəniz Donanması Komandanlığının xüsusi sərəncamı ilə Həmid Qasımbəyov Baltik Dənizi Hərbi Dəniz Donanmasının baş hərbi qərargahının rəisi vəzifəsinə irəli çəkilir. 1971-ci ildə isə ona kontr-admiral ali hərbi rütbəsi verilir. 1973-cü ildən 1976-cı ilə kimi Baltik Dənizi Hərbi Dəniz Donanmasının qarnizon rəisi vəzifəsində fəaliyyət göstyərmişdir. 1977-ci ildə Azərbaycan hökumətinin rəhbəri Heydər Əliyevin xüsusi qayğısı sayəsində Xəzər Dənizi Hərbi Dəniz Donanmasının komandanı vəzifəsinə gətirilir. Bu, həm də Xəzər dənizi akvatoriyasında hərbi-strateji siyasətə birbaşa rəhbərlik etmək demək idi. 9 iyul 1984-cü ildə SSRİ müdafiə nazirinin əmri ilə Həmid Qasımbəyova vitse-admiral ən ali rütbəsi verilir. O, 2005-ci ildə Bakıda dünyasını dəyişmişdir.  O, keçdiyi şərəfli ömür yolunda bir çox uğurlar əldə etdiyi üçün, hərbi rəşadətinə görə çoxlu sayda orden və medallara layiq görülmüşdü. Azərbaycanın hərbi dəniz qüvvələrinin yaranmasında uzun illər əldə etdiyi bilik və təcrübələrini öyrətməkdən heç zaman yorulmadı. Beləcə adını milli hərb tariximizə yazdıran ilk hərbi dəniz qüvvələri komandanı olmuşdur.     

Xudaferin.eu

 

12:21