Fərid Mustafayev: Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi tarixi və əlamətdar hadisədir

Gözəl Şuşamıza səyahət və bu gözəl şəhəri görmək mənə də nəsib oldu. Şuşanın küçələrini gəzərək keçirdiyim hissləri sözlə ifadə edə bilmərəm. Əziz Şuşamız həqiqətən də gözəldir.

Bunu AZƏRTAC-a müsahibəsində Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında iştirak edən Azərbaycan-İspaniya Ticarət və Mədəniyyət Assosiasiyasının (ACAE) prezidenti, ölkənin şimal bölgəsinin diaspor nümayəndəsi Fərid Mustafayev deyib.

F.Mustafayev belə bir möhtəşəm tədbirin təşkilinə görə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinə dərin təşəkkürünü bildirib. O qeyd etdi ki, Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi tarixi və əlamətdar hadisədir.

“Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın və azərbaycanlıların döyünən qəlbi, Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsi bizi çox sevindirdi. Zəfər Qurultayına dünyanın hər bir yerindən azərbaycanlılar gəlmişdi. Qurultayın Dünya Azərbaycanlıları üçün önəmli tərəflərindən biri də o idi ki, xaricdə yaşayan bütün azərbaycanlılar bir-birlərini tanıdı və bu da gələcək işimizdə, bir yumruq kimi fəaliyyət göstərməyimizdə əhəmiyyətli töhfə olacaq”, - deyə F.Mustafayev söyləyib.

F.Mustafayev deyib: “Qurultayın ən tarixi və qürurverici anı Ali Baş Komandan İlham Əliyevin tədbirdəki çıxışı oldu. Prezident İlham Əliyevin bu tarixi çıxışı, daim yaddaşımızda qalacaq. Bir azərbaycanlı olaraq ölkə başçımızla fəxr edirəm. Çünki bu gün əziz Şuşamızda birləşməyimizi, keçirdiyimiz xoş günləri Prezidentin iradəsinə və igid əsgərlərimizin gücünə borcluyuq”.

Prezident Qurultaydakı çıxışında ölkə xaricində yaşayan azərbaycanlıların qarşısına çox mühüm öhdəliklər qoyduğunu deyən ACAE-nin rəhbəri qeyd edib ki, bu öhdəliklər vətənimizi layiqincə təmsil etmək, Azərbaycanın maraqlarını qorumaq, dünya ictimaiyyətinə yeni reallıqları, Azərbaycan haqqında dəqiq məlumatı yaymaqdan ibarətdir. Biz öz növbəmizdə Prezidentin qarşıya qoyduğu vəzifələri bundan sonra da böyük şövqlə yerinə yetirəcək, bunun üçün bütün səylərimizi əsirgəməyəcəyik.

Şuşa şəhərində gedən yenidənqurma işlərinin şahidi olduğunu vurğulayan F.Mustafayev deyib: “Ötən 30 il ərzində erməni vandalları və quldurları işğalda olan ərazilərimizi viran qoydular. İşğaldan azad olunan ərazilərə tamaşa edərək Şuşa istiqaməti boyunca görünən mənzərədən insanın içi parçalanır. Hər şey göz qabağındadır - həm ermənilərin barbarlığı, həm də dövlətimizin başçısının göstərişi ilə həyata keçirilən abad işləri sayəsində Qarabağın cənnətə çevrilməsi”.

Nigar Cəfərli
Xudaferin.eu

16:41