Fəriba Vəfi: Oyundan yorğun

Fəriba Vəfi

Güney Azərbaycan çağdaş ədəbi prosesində özəl bir imzası olan Fəriba Vəfi adlı ünlü yazar var. Öncələr fars dilində əsərlərini yazsa da, sonradan ustad Məhəmmədhüseyn Şərhriyar və digər sənətkarlarımız kimi ana dilində yazmağa başlamışdır. Onu da deyək ki, Fəriba Vəfinin nəsrlə əsərlər yazması bu günkü Güney Azərbaycan milli ədəbiyyatı üçün çox böyük qürurverici prosesdir. Nəzmlə yazmaqla yanaşı, nəsrdə yazmağın özəlliyi ondadır ki, burada ruhun qidası ilə yanaşı, düşüncə tərzinin də daha sürətli bir şəkildə inkişafı üçün bu çox böyük bir örnəkdir. Digər Güney Azərbaycan yazarları kimi, Fəriba xanım da əsərlərində cəmiyyətin social metafizİkasının mifologemlərini, onun bədii yorumunu ortaya qoyur. Beləliklə də onun əsərləri sadəcə bədii əsər örnəyi kimi deyil, həm də social proseslərin axarının sürətlə inkişafına yönəldilən bir ədəbi proses kimi başa düşülməlidir. Onu da qeyd edək ki, Avropanın 20-dən çox ölkəsində Fəriba xanımın kitabları çap olunub.   

Oyundan yorğun

Atam qapını çırpıb getdi. Bizi də parka aparmadı. Anam uzanıb əli ilə üzünü tutmuşdu. Sanki gün işığının gözünə düşməsini istəmirdi. Aydın qapı-bacanı bir-birinə vurdu. Savaş oyunu oynadıq. Mən oğru oldum, Aydın tüfənglə məni qovaladı. Anamın yekə qarnının dalında səngər tutdum. O mənə güllə atdı. Anam bizə deyinmədi. Aydın bir az da ucadan qışqırdı. Mən təslim oldum. Dedim:

- Gəl indi bir park düzəldək.

Əvvəl pillələri düzdük. Sora da parkın ağacları olsun deyə, güldanları gətirdik. Aydın dedi:

- Heykəl!

Tez qaçıb kor qolçağımı gətirdim. Gözlərini aydın çıxartmışdı. Aydın ayaq üstə anama baxırdı. Qolumdan çəkib dedi:

“Gəl, anam da olar heykəlimiz.”

Anamın ayağından tutub çəkdik. Tərpədə bilmirdik, ağırıydı. Ikimiz yardımlaşaraq yenə də o biri ayağını çəkdik. Dal – dalı gedib düşdük. Gülüşdük. Bir daha qalxdıq. Bu dəfə başını çəkdik. Sora o biri ayağını çəkdik. O qədər tərpətdik ki, sonunda onu otağın ortasına gətirə bildik. Indi anamın gözləri yumuluydu; əllərini də yekə qarnının üstünə qoymuşdu. Sonra anamın dövrəsinə çəpər çəkdik. Evdəki bütün yastıqları gətirib düzdük. Atam evdə olsaydı, ikimizi də anbara salıb qapını qıfıllayacaqdı. Anam da gözlərini açsa qışqıracaqdı. Amma açmırdı. O, doğurçu bir heykəl kimi olmuşdu. Indi anam otağın tam ortasındaydı, ətrafında mən ucalıqda bir divar.

Aydın dedi:

- Gəl dava-dava oynayaq.

Dedim:

- Parkda savaşmazlar.

- Onda gəl “nənə məni qurda vermə” oynayaq.

Bir-birimizi qovalayıb qışqırdıq. Aydın birdən dayandı. Anama elə baxırdı elə bil onun üzündə yeriyən bir qarışqaya baxırdı. Yaxınlşdım. Anamın gözünün ucundan su axırdı. Saçları da islanmışdı.

Dedim:

- Aydın bu da fəvvarəmiz!

Aydın anamın bulaq kimi axan gözlərinə baxmaq üçün əyildi.

Yavaş səslə dedim:

- Gəl bu yana, burda daha çoxdu.

Aydın anamın üzünə sarı əyilib qışqırdı:

- Ana!

İkimiz də birdən dedik:

- Ana! Ana!

Anam əllərimizdən tutdu. Əlləri buz kimiydi.

- Bu qədər oynamaqdan yorulmadiz?… Mən çox yoruldum, uşaqlar. Oyun oynamaqdan çox yoruldum.

O güldü və su gözlərinin ucundan saçlarına töküldü.

 

 

Qadınlar

Qadınlar iki qrupdur. Qorunanlar və qorunmayanlar. Birinci qrupu maşınla o yan-bu yana aparırlar. Vaxtlı-vaxtında gözəllik salonundan, hovuzdan, məktəbdən, iş yerindən və… götürürlər. Telefonla halını soruşurlar. Və birdən başı ağrısa, “bir az istirahət etmən gərəkmirmi?” deyən biri vardır. /
İkinci qrupun qadınları yeldə, yağışda və küləkdə saatlarca avtobus növbəsində dururlar. Və dəfələrcə avtobusun gələcəyi yerə baxmayacaqlarını desələr də, boyunları istəristəməz bir daha və bir daha o yönə çevrilir. Gecəyə qədər o yan-bu yana qaçırlar və gecə “əzizim, ağrıkəsici istəyirsənmi?” deyən biri yoxdur.
Birinci qrupun qadınlarının səsi yumşaqdır və telefonla danışarkən gerçək yaşlarını bilmək çətindir. İkinci qrupun qadınları kobud və acıdırlar. Dişləri tez çürüyür. Və hər an saç boyasının bahalığından şikayətçidirlər.
Qorunan qadın yerli-yersiz kilosunu ölçür. Və şişmiş qarnından narahatdır. O, idman salonlarına, saunaya gedir… Gecə yeməyi yemir və bunu böyük bir ləzzətlə hər yerdə anladır. Dostlarının arasında çeşidli arıqlama dieti üsullarını paylaşırlar və onlardan birinin bişirdiyi tortu zövqlə yeyirlər. İdman müəllimləri onlara məşqi evdə də davam etmələrini məsləhət görür. Onlar ərlərindən idman etməyəndə onları cəzalandırmalarını istəyirlər. Maqnitafona bir kasset salırlar. Dar bir paltar geyirlər və evin balkonunda ipatdı oynayırlar. Qarının içəri getməsi ancaq şanslılara üz gətirən bir möcüzədir. Şanslı qadın sirrini açıqlayır:

“Səhər yeməyindən öncə yerimək.”

Onlar bir-birilə qərarlaşırlar və səhər yuxulu gözlərlə evlərinə ən yaxın parka gedirlər.  Dönüşdə doyun qarına bir yemək yeyirlər. Sonra da bir-birlərinə gecələri yemək yerinə salat yeməyi önərirlər.
İkinci qrupun qadınları nə sauna tanıyırlar, nə hovuz. Yavaş-yavaş boş məmələr və asılmış qarınlarına zərərsiz bir ev pişiyi kimi alışırlar. Saç ustası qorunan qadınları ilk baxışda tanıyır. O, əliaçıqlılıqla bağışlayır. Və gizli bir anlaşmada ondan, zamanın əsərlərini üzündən yox etməsini istəyir. Özünü acı bir ləzzətlə saç ustasının əllərinə tapşırır. Və təzə görünüşünün intizarını çəkir. Qorunmayan qadın min bir dillə, saç ustasından onu kişisinin istədiyi şəklə salmasını istəyir. Saçlarını boyayır, amma qısaltmır. Bir az qürur və utancla, ərinin uzun saçdan xoşu gəldiyini söyləyir. Evliliklərindən bir neçə il sonra özlərinin sandıqları bir cəsarətlə saçlarını alman manikenləri kimi qısaldırlar.
Bir qadının əllərindən onun hansı qrupa aid olduğunu bilmək olar. Qorunmayan qadının əlində göy rəngli, şişmiş damarlar var və sümükləri görünür. Barmaqlarının təklikdə hərəkəti yoxdur. Əlinin hər tərəfi eyni anda beyindən əmr alır. Amma qorunan qadınların incə barmaqları var. Yumşaq və qıvraqdırlar. Və əlin hərəkətini təkmilləşdirmək üçün sürətlə ona uyum sağlayırlar. Qorunmayan qadının əlləri itaət edərcəsinə bədəninin kənarından sallanıb və hərdən yuxarı qalxmaq istədikdə sinəsindən yuxarı qalxmır. Qorunan qadınlar ağır yerişlidirlər. Amma qorunmayan qadınlar ya çox yavaş, ya da çox sürətlə yeriyirlər. Ya belləri əyilib, ya da başları bədənlərinə uyumsuz bir yüksəklikdə yer alır. Onların yerişlərinin tamaşaçısı yoxdur. Onlar kişilərin söz atmalarından ləzzət almırlar. Və diqqətlə, mehribanlıqla, eşqlə dolu baxışların onlara baxmayacağından əmindirlər.
Qorunmayan qadın ya deyinir, ya bir yerə zillənir, ya da gicəllənir. Ya qarınqululuğa baxır, ya da özünü belə, təngə gətirəcək qədər xəsislik edir. Qorunan qadın qonaqlıq qurur, xarici səfərlərindən danışır, orta yaşlarını keçsə də, sürətli bir rəqs də edə bilir. Dostları onu öyürlər və bu qədər cavan qaldığı üçün təəccüblənirlər.
Qorunmayan qadın oynamır. Dırnaqlarını uzatmaqda uğurlu deyil. Dar bir köynəyi var. O, qızına baxır. Onun əyninə kəsə biləcəkmi?
Qorunan qadın kişini tanıyır. Ondan nə zaman və necə pul istəyəcəyini bilir. Bir ovçu kimi kişinin zəif yerlərinin pusqusunda yatır və ondan yararlanır. Qorunmayan qadın özünü də tanımır. Və hər zaman nədən o və kişisi heç nəyi eyni anda istəmirlər deyə, şaşırır. Qorunmayan qadın günah və vicdan əzabını doğulmamış əkizlər kimi özüylə daşıyır. O, ərindən nigarandır, o birisi isə özündən. Hər dəfə çek-ap edir. Qan analizinə gedir, sağlamdır, ancaq enerjisi azalıb. Xəstəlik və yaşlılıq onu min əjdahadan daha çox qorxudur. Amma qorunmayan qadın zamanın keçməsini bilmir. Birinci günə ikinci gün deyir, üçüncü günə dördüncü gün. Ərinin üzündəki ağ tükləri görür və sabahı düşünür. Qorunmayan qadın ağlayır. Göz yaşları bitəcək qədər ağlayır. Qorunan qadın ağlamaq və hüznün yarı yolundan həyata qayıdır.

20:39