Fərhad Cavadi: Türkcə Adlar Sözlüyünü yazmağı özümə bir vəzifə bildim

Beç cildlik “Türkcə İnsan Adları” sözlüyünün müəllifi Fərhad Cavadi 1990-cı illərdə dünyaya gələn qızına Türkay, oğluna isə Türk Aslan adını seçib. Urmudan “Amerikanın Səsi” radiosuna açıqlama verən araşdırmaçı yazar deyir ki, “Türkay adına şəxsiyyət vəsiqəsi almaq üçün 3 ay, Türk Aslan adına isə tam 6 ay dövlət qurumlarına gedib gəldim. Adlar üçün mənbə istəyirdilər. Bunun üçün bir türk adları sözlüyünü hazırlamağı özüm üçün bir vəzifə hiss etdim.”

Fərhad Cavadi keçən 20 il ərzində Güney Azərbaycanda uşaqlarına türk adları seçən ailələrin qat-qat artmasını belə açıqlayır: “Elə bir şərait yaradırlar ki, bir neçə gün gedir, gəlir və sonunda yorulub türk adı seçməkdən imtina edir. O zamanlar təzyiq bundan da artıq idi. Getdikcə atmosfer yumşalmağa başladı. Adlar haqqında kitablar çap olundu. Bunun təsiri oldu. Bir də türk xalqı özü bu inama çatdı ki, uşaqlarına türk adı seçsinlər. Bu da çox təsir göstərdi.”
Yazarın 1993-cü ildə dünyaya gələn qızının 3 ay, 3 il sonra dünyaya gələn oğlunun isə 6 ay boyunca şəxsiyyət vəsiqələri olmur: “1372 günəş ilində mənim ilk uşağım, bir qızım oldu. Adını Türkay qoymaq istədim. Pasport idarəsi gərəkən sənədləri vermədi. Üç ay getdim gəldim, çox dartışma və get-gəldən sonra ala bildim. Ondan üç il sonra bir oğlum oldu. Adını Türk Aslan qoymaq istədim. Bu dəfə isə sənədləşmə işləri tam altı ay çəkdi. 6 ay yol döydüm idarəyə. Çoxlu məktub yazmalar və get-gəldən sonra müsibətlə bu adları aldım. Bu, məndə bir vəzifə hissinin yaranmasına səbəb oldu ki, bəzi işlər görmək lazımdir. Çünki, uşaqlarıma ad seçəndə məndən mənbə istəyirdilər. Deyirdilər belə ad olmaz, bir mənbə göstər.”
Fərhad Cavadi “Türkcə İnsan Adları” sözlüyünün birinci cildini 2001-ci ilin fevral ayında 618 səhifədə çap etdi. Kitabın 2-ci və 3-cü cildləri də daha sonra İrşad və Mədəniyyət Nazirliyinin icazəsi ilə işiq üzü görə bildi. Yazarın söylədiklərinə əsasən, “İrşad və Mədəniyyət Nazirliyi müxtəlif bəhanələr gətirərək kitabın 4 və 5-ci cildlərinin çapına icazəsi verməyib. Amma istifadəçilər bu cildlərin PDF faylını əldə edə bilirlər.”
Cavadinin sözlərinə görə, öz övladlarına, təsis olunan şirkət və dükanlarına seçdikləri türk adlarını qeydiyyatdan keçirmək istəyənlər “Türkcə İnsan Adları”  kitabından bir mənbə kimi istifadə edib.
Yazar 1990-cı illərlə müqayisədə vəziyyətin xeyli yaxşılaşdığını ifadə edir. O, seçdikləri türk adlarını qeydiyyatdan keçirmək istəyənlərə tövsiyə edir ki, seçdikləri addan imtina etməsinlər.
“Uşağına, dükanına ya şirkətinə türk adı almaq istəyənlərə deyirəm ki, adla bağlı önləyici bir qanun yazılmayıb. Ancaq bunlara (dövlət qurumlarına) tapşırırlar, elə edin ki, türk adı qoyulmasın. Elə bir şərait yaradırlar ki, adam neçə gün gedir, gəlir və sonra yorulub imtina edir. Deyir nə ad olursa olsun” deyə Fərhad Cavadi əlavə edir.

Amerikaninsesi.org

 

11:47