Fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanır

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunda növbəti islahat tədbiri kimi, 2017-ci il 01 aprel tarixdən fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanması ilə əlaqədar sığortaedənlərlə görüş keçirilib.
 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sığortaedənlərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə keçirilən görüşdə respublikamızda fəaliyyət göstərən 250-dən çox dövlət təşkilatının, yerli və xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının təmsilçiləri iştirak edib.

Görüşdə bildirilib ki, prezidentin 2014-cü il 4 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda təyin olunan pensiya məbləğinin ödənilən sosial sığorta haqqının məbləğinə uyğunluğunun təmin edilməsi vəzifəsi qarşıya qoyulub. Bu məqsədlə ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunda sığortaedənlərin təqdim etdiyi hesabat formalarının ümumi sayının azaldılması imkanları nəzərdən keçirilib, hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları və fərdi uçot məlumatlarına dair iki müxtəlif hesabat formasının fərdi uçot prinsipi əsasında birləşdirilərək,vahid rüblük hesabatla əvəz edilməsi həyata keçirilib. Tədbirdə çıxış edən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev diqqətə çatdırıb ki, təqdim edilən hesabatlarla bağlı qeyd edilən yenilik bir tərəfdən sığortaedənlər üçün hesabatların təqdim olunması prosesinin sadələşdirilməsinə və hesabatların sayının azaldılmasına, digər tərəfdən isə vətəndaşlar üçün fərdi uçot məlumatlarını rüblük əldə etməklə öz işəgötürənləri üzərində daha operativ ictimai nəzarət imkanlarının yaradılmasına xidmət edəcək. Görüşdə bildirilib ki, son illərdə ƏƏSMN-nin fəaliyyət sahələrinin avtomatlaşdırılması həmin sahələr üzrə 30-a qədər elektron xidmətin əhalinin istifadəsinə verilməsinə, xidmətlərin elektron müstəvidə şəffaflaşdırılmasına imkan verib. Təkcə 2016-cı il ərzində əhalinin 6 milyon 550 min dəfə faydalandığı bu e-xidmətlər "Elektron hökumət" portalında əhalinin geniş şəkildə faydalandığı e-xidmətlər sırasındadır. Nazirliyin e-xidmətlərinin mühüm bir qismi pensiya təminatının əsas şərti olan məcburi dövlət sosial sığorta sistemini əhatə etməklə, əhalinin bu sahə üzrə bütün xidmətlərdən online rejimdə, rahat və şəffaf şəraitdə istifadəsinə geniş imkanlar yaradıb. Hazırda təqdim edilən yenilik də bu sahədə növbəti addımdır.

Sonra ƏƏSMN-nin İnformasiya texnologiyaları şöbəsinin əməkdaşları tərəfindən sığorta iştirakçılarının qeydiyyatı, daxil olan ödənişlərin uçotu və fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqi ilə bağlı təqdimat keçirilib. Görüş müzakirə şəraitində sığortaedənlərin suallarının cavablandırılması, onlara ətraflı izahatların verilməsi ilə davam edib.

TREND IA

05:43