Fransalı səfir: "Bakı ilə 10-a yaxın saziş razılığı var"

 

Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aureliya Buşez “Caspian Energy İnternational Media Group”un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərliyi ilə “Caspian Energy”nin nümayəndə heyətini qəbul edib.

Görüşdə Caspian European Club (Caspian Business Club), Caspian American Club və Caspian Energy İnternational Media Group çərçivəsində Azərbaycan-Fransa informasiya əməkdaşlığının genişləndirilməsi perspektivlərinə toxunulub. Səfir Fransa şirkətlərinin “Caspian Energy Forum Baku – 2017”də iştirakında maraqlı olduğunu ifadə edib və bunun informasiya baxımından vacibliyini qeyd edib.

Fransa səfiri iki ölkə arasında münasibətlərin inkişaf etdiyini bildirib. “Hazırda iki ölkənin şəhər və regionları arasında 10-a yaxın saziş və sənədlə bağlı razılıq əldə edilib. Dekabr ayında Fransa Xarici İşlər Nazirliyi ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi arasında yerli əlaqələrin dəstəklənməsinə yönəldilmiş administrativ razılaşmanın imzalanması bunun təsdiqidir. Əməkdaşlıq təhsil və mədəniyyətdən tutmuş şərabçılıq və kənd təsərrüfatı layihələrinə kimi iqtisadiyyatın ən müxtəlif sahələrində təcrübə və birgə təşəbbüs mübadiləsini əks etdirir", - deyə səfir söyləyib.

Ticari əlaqələrdən bəhs edən A. Buşez qeyd edib ki, Aİ ticarətdə Azərbaycanın əsas partnyoru və mühüm investorlarından biridir. Onun sözlərinə görə, Aİ ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsi ölkə iqtisadiyyatında diversifikasiya və islahatlara, həmçinin sabit inkişafa kömək edəcək: “Bu da öz növbəsində bizim müsbət qarşıladığımız rəqabətli iş mühitini genişləndirmək və hazırda həyata keçirilən və planlaşdırılan islahatları dəstəkləmək yolu ilə Fransanın, eləcə də digər Avropa ölkələrinin şirkətləri ilə əməkdaşlığın inkişafına yardım edəcək. Fransa Avropa enerji təhlükəsizliyinin mühüm elementi kimi enerji daşıyıcılarının nəqli və marşrutların diversifikasiyası üzrə Aİ-nin siyasətini dəstəkləyir. "Şərq-Qərb" və "Şimal-Cənub" marşrutlarının kəsişmə nöqtəsində yerləşən Azərbaycan, xüsusilə "Cənub Qaz Dəhlizi" vasitəsilə, bu baxımdan mühüm rol oynayır”.
Görüşün sonunda səfir “Caspian Energy”yə eksklüziv müsahibə verib. Müsahibədə o, ikitərəfli münasibətlərin inkişaf imkanlarına, iqtisadi əməkdaşlığın genişləndirilməsinə, həmçinin turizm sektorunun və enerji əməkdaşlığının inkişafı məsələlərinə toxunub.

Cebhe.info

 

 

12:04