Fransa telekanalı: Qarabağın azərbaycanlı qaçqınları doğma yurdlarına qayıtmağı arzulayırlar

Fransanın “TV 5” televiziya kanalında 1990-cı illərdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdları Qarabağdan didərgin düşmüş azərbaycanlılara həsr edilmiş veriliş yayımlanıb.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, “Azərbaycan: Qaçqınlar Qarabağa qayıtmağı arzulayırlar” adlı verilişdə 30 il əvvəl Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə görə 1 milyona yaxın azərbaycanlının doğma yurdundan didərgin düşdüyü bildirilib. Diqqətə çatdırılıb ki, 2020-ci il müharibəsində Azərbaycan Ordusu Qələbə qazanıb və 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal olunmuş əraziləri azad edib.

Verilişdə Şuşadan, Kəlbəcərdən olan azərbaycanlı məcburi köçkünlərlə müsahibələr təqdim olunub. Onlar bildiriblər ki, azad edilmiş torpaqlara gedərək doğma evlərini axtarsalar da, uçulmuş-dağılmış divarlardan başqa heç nə tapmayıblar.

Kəlbəcər sakini isə ermənilərin işğal müddətində onların evlərində yaşadığını, ancaq Azərbaycan Ordusunun qəlbəsindən sonra bu evləri yandıraraq tərk etdiklərini vurğulayıb. Bildirilib ki, 30 il işğal müddətində ermənilər bütün şəhərləri, kəndləri, onların infrastrukturunu tamamilə dağıdıblar.

Verilişdə qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyev azərbaycanlı məcburi köçkünlərin Qarabağa bu ərazilər minadan təmizləndikdən və infrastruktur bərpa edildikdən sonra qayıda biləcəklərini bildirib.

 

Şəhla Ağalarova

Xudaferin.eu


 

17:50