Fransa səfiri: Ağdamda məktəb direktorunun müharibənin dəhşətləri barədə söylədikləri çox təsirli idi

Ağdam rayonuna səfərimiz zamanı gözəl Muğam Mərkəzində olduq. Rayonun xüsusilə mədəniyyət və kənd təsərrüfatı sahələrində böyük potensialının olduğunu gördük. Bu baxımdan Ağdamın iqtisadi inkişafının təmin edilməsi önəmlidir.

Bu sözləri AZƏRTAC-ın müxbirinə müsahibəsində Fransanın Azərbaycandakı səfiri xanım Oreliya Buşez söyləyib.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Ağdam rayonuna səfərində iştirak edən O.Buşez təəssüratlarını bölüşərkən deyib: “Rayonun girişindəki "Şəhidlər" abidə kompleksini ziyarət etdik, orada uyuyan qurbanları xatırlamaq vacibdir. Məcburi köçkünlər üçün salınan Bənövşələr qəsəbəsinə də baş çəkdik, qəsəbədə yerləşən məktəbin direktorunun müharibənin dəhşətləri barədə söylədikləri çox təsirli idi”.

Səfir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli və davamlı həlli məqsədilə danışıqlara töhfə vermək üçün təmas xəttində gərginlik azaldılmalı, atəşkəs qorunmalıdır.

Xatırladaq ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri – 40-dan çox ölkəni və beynəlxalq təşkilatları təmsil edən diplomatlar fevralın 27-də Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Ağdam rayonuna səfər ediblər.

AZƏRTAC

16:59