Fransa portalında azərbaycanlı tenor Yusif Eyvazovun müsahibəsi yerləşdirilib

Fransanın “Forumopera” (www.forumopera.com) portalında və “Lirik dünya” jurnalında azərbaycanlı tenor Yusif Eyvazovla bağlı “Səsinə inanırsansa, təslim olma” adlı məqalə yerləşdirilib.

Xudaferin.eu xəbər verir ki, məqalədə Yusif Eyvazovun Paris Operasında solo konserti yüksək qiymətləndirilir və tenorun bu uğuru onun uzun illər çəkdiyi zəhmətin bəhrəsi olduğu bildirilir.

Məqalədə Y.Eyvazov hələ XIX əsrdən Azərbaycanda böyük lirik ənənələrin olduğunu qeyd edib. Bildirib ki, dahi bəstəkar Üzeyir Hacıbəyli, Müslüm Maqomayev kimi lirik əsərlər bəstələyən azərbaycanlılar dünya musiqisinə öz töhfələrini verib.

Paris Operasının Qavo zalındakı solo konsertinin proqramına Qara Qarayevin iki əsərini daxil etdiyini bildirib.

Azərbaycanlı tenor sənətə gəlməsindən, pop müğənnisi olmaq arzusundan, konservatoriyada klassik musiqi ifa etməsindən söhbət açıb. Qeyd edib ki, Placido Domingo, Luciano Pavarotti, Jussi Björling kimi böyük tenorları dinlədikdən sonra tenor olmaq qərarına gəlib.

“Əgər operada oxumaq istəyirsənsə, İtaliyaya get. Onların dilində danış, yeməyini ye, mədəniyyətinə qovuş” deyən Azərbaycandakı müəllimimin məsləhəti ilə İtaliyada təhsilimi davam etdirdim”, – deyə Y.Eyvazov diqqətə çatdırıb. Milana səfərindən və 14 il sonra opera səhnəsinə çıxmasından bəhs edib. İfa etdiyi əsərlərdən, səhnədə klassik dekorasiyaya üstünlük verməsindən söz açıb.

Bildirib ki, Paris Operasının Qavo zalında ilk solo konserti onun üçün çox vacib idi. İki saat ərzində dinləyicinin diqqətini öz üzərində saxlamaq heç də asan olmadığını qeyd edib.

Gənc musiqiçilərə yardım məqsədi ilə irəli sürdüyü müsabiqədən, onun 4 qalibindən danışıb.

Sonda azərbaycanlı tenor gənc musiqiçilərə oxumağın çətin olmasına baxmayaraq, onları öz səslərinə inanmağa və təslim olmamağa səsləyib.

Xudaferin.eu

14:03