Əfqanıstanda naməlum şəxslər tikilməkdə olan qaz kəmərinə hücum edib

Əfqanıstanın cənubunda yerləşən Qəndahar vilayətində silahlı şəxslərin tikilməkdə olan TAPİ qaz kəmərinə hücumu nəticəsində mühəndis dəstəsinin azı 5 əməkdaşı həlak olub, bir nəfər isə yaralanıb.

Xudaferin.eu TASS informasiya agentliyinə istinadla xəbər verir ki, vilayətin polis rəisi general Əbdül Razik insidentin Maivənd dairəsində baş verdiyini bildirib. Onun sözlərinə görə, mühəndislər ərazinin əldəqayırma minalardan təmizlənməsi işləri aparan zaman atəşə tutulub. “Onlar Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəmərinin keçəcəyi hissədə işləyirdilər”, - deyə Əbdül Razik bildirib.

Regionda fəaliyyət göstərən “Taliban” hərəkatı hücumda iştirakını inkar edib.

Qeyd edək ki, uzunluğu 1800 kilometr olacaq regional əhəmiyyətli magistral qaz kəməri Türkmənistanın cənub-şərqindən Əfqanıstana, sonra Herat və Qəndahar şəhərləri arasından Pakistana keçəcək, nəticədə Kvetta və Multan şəhərlərinin ərazisindən Hindistanın Pəncab əyalətinədək uzanacaq.

Qaz magistralının gücü ildə 38 milyard kubmetr və ya gündə 90 milyon kubmetrdən çox olacaq. Bu qazın 14 milyon kubmetri Əfqanıstan, 76 milyon kubmetri isə Pakistan və Hindistan (hər biri 38 milyon kubmetr) üçün nəzərdə tutulur.

Kəmərin tikintisi 7,6 milyard dollara başa gələcək.

14:09