Fidan Hacıyeva bəstəkar Ədilə Hüseynzadənin romanslarını təqdim edir: Bakı, London, Bern

Azərbaycanın Xalq Artisti, Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində silsilə konsert proqramına start verir. Müğənni dahi Üzeyir Hacıbəylinin tələbəsi Ədilə Hüseynzadənin yaradıcılığına müraciət edib. O, yaradıcılığında klassik bəstəkarlara üstünlük verməsinin səbəbini açıqlayıb: “Üzeyir bəyin tələbələri olan ilk bəstəkar qadınlara - Şəfiqə Axundova, Ağabacı Rzayeva və Ədilə Hüseynzadəyə yaradıcılığımda yer ayırmaq istədim. İlk olaraq bəstəkar Ədilə Hüseynzadənin yaradıcılığına müraciət etdim. Onun əsərlərinə vaxtilə Bülbül, Şövkət Ələkbərova, müəllimim Hüseyn Əliyev müraciət edib. İndi də həmin romansları ifa etmək mənə nəsib oldu”. Ədilə Hüseynzadənin vaxtilə tanınmış vokalist və ifaçı kimi tanındığını söyləyən Fidan Hacıyeva “Sanki onun bütün əsərləri mənim üçün yazılıb”, - deyə hisslərini ifadə edir: “Ədilə Hüseynzadənin 16 romansını ifa edəcəyəm. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlər silsiləsinə bu əsərlər daxildir”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Xalq Artisti Fidan Hacıyevanın, Əməkdar İncəsənət Xadimi Elnarə Dadaşova və Ədilə Hüseynzadənin nəvəsi Səbinə xanımın layihə ilə bağlı birgə keçirdikləri mətbuat konfransında səsləndirilib.

Ədilə Hüseynzadənin əsərlərini repertuarıma daxil etməkdən qürur duyuram

“Ədilə Hüseynzadənin romanslarında musiqi və fəlsəfi məzmun bir-birini mükəmməl tamamlayır. Bəstəkarın əsərlərini repertuarıma daxil etməkdən qürur duyuram”, - deyə Xalq Artisti Fidan Hacıyeva mətbuat konfransında söyləyib.

Xalq Artistinin “Azərbaycan Xalq Cümhuriyyəti-100” adı altında təqdim edəcəyi ilk konserti mayın 6-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq. Sözügedən konsert Ədilə Hüseynzadənin əsərlərindən ibarət olacaq. Növbəti konsertlər isə mayın 16-da Londonda, mayın 23-də isə İsveçrədə keçiriləcək: “Ədilə xanımın əsərləri o qədər gözəldir ki, bütün dünyada onların tanınmasını istəyirəm. Bu əsərlər fəlsəfə, zəngin melodiya və harmoniyalar üzərində qurulub və Nigar Rəfibəyli, Rəsul Rza kimi böyük şairlərin sözlərinə yazılıb. Bu romansları hər dəfə oxuyanda özüm üçün yeni kəşflər edirəm. O əsərlər sanki bu gün üçün yazılıb”.

Xalq Artisti yaradıcılığında romanslara üstünlük verməsini bu janrın unudulmaqda olması ilə əlaqələndirir. Bildirir ki, romanslar artıq unudulub və bu heç də yaxşı hal deyil: “İllər öncə efirlərdə romanslar Bülbülün, Şövkət xanımın, Firəngiz xanımın, Fidan və Xuraman Qasımovaların ifasında səslənirdi. İndi daha müğənnilər bu janrda yazılan əsərləri ifa etmirlər. Mən də romansları bərpa etmək istədim. Qoy bizim gənclərimiz də bu romansları tanısınlar, eşitsinlər. Bacardığım qədər bu əsərləri həm Vətənimdə, həm də dünyada tanıtmaq istəyirəm. Bəstəkarın “Mənim arzum”, “Yaşamaq”, “Günəşdən gənclik istədim”, “Gül”, “Bahar”, “Əziz ana” və s. mahnıları layihədə yer alıb”.

Xalq Artisti silsilə konsertlərdən sonra telekanalların birində Ədilə Hüseynzadənin əsərlərini tamaşaçılara çatdırmaq arzusunu da söyləyib.

Azərbaycanın mədəniyyətini dünyada tanıtmaq mənim bir vətəndaşlıq borcumdur

“Bu konsertləri təqdim etmək mənim istəyimdir. Məqsədim bir opera ifaçısı kimi Azərbaycanın klassik musiqilərini, mədəniyyətini dünyada tanıtmaqdır”, - deyə Fidan Hacıyeva qeyd edir.

Müğənninin "Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində İsveçrədə keçirəcəyi konsert Respublika Gününə həsr olunacaq. F.Hacıyeva konsertdə Ədilə Hüseynzadə, Üzeyir bəy, Tofiq Quliyev, Qara Qarayev və Fikrət Əmirovun romanslarını ifa edəcək: “Həmçinin dünya bəstəkarlarının əsərlərini ifa edəcəyəm”. Əsərlər Fidan Hacıyevanın ifasında yeddi dildə – Azərbaycan, italyan, ispan, rus, alman, ingilis, fransız dillərində səsləndiriləcək. Opera müğənnisi konsert proqramının daha sonra İtaliya, Fransa, Türkiyə və digər ölkələrdə təqdim edəcəyini də bildirib: "Böyük ölkələrin səhnələrində Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək. Azərbaycanın mədəniyyətini dünyada tanıtmaq mənim bir vətəndaşlıq borcumdur”.

Qeyd edək ki, əvvəlcə konservatoriyanın vokal şöbəsində əfsanəvi Bülbülün sinfində təhsil alan Ədilə Hüseynzadə daha sonra böyük ustad Üzeyir Hacıbəylinin sinfinə qəbul olunub. Uzun illər ərzində qələmini musiqinin müxtəlif janrlarında sınayan bəstəkar simfonik poema, simli kvartet, xor əsərlərin, violonçel və fortepiano üçün sonatinanın müəllifidir. Onun yaradıcılığında romans janrı daha çox üstünlük təşkil edir. Milli musiqimizdə romans janrının təşəkkülündə onun özünəməxsus yeri var. Ədilə xanımın Nizaminin sözlərinə yazılmış "Vəslin həvəsi" romansı, habelə Füzuli, Natəvan, Səməd Vurğun, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Nigar Rəfibəylinin şeirlərinə bəstələnmiş romansları və "Duyğular" vokal silsiləsi musiqimizin inciləridir. Professional vokalçı olan Ədilə xanımın Rəsul Rzanın sözlərinə yazdığı “Yaşamaq”, “Kövrək budaq”, “Mənim arzum”, “Yenə, yenə ürək haqqında”, Nigar Rəfibəylinin sözlərinə yazdığı “Günəşdən gənclik istədim”, “Məhəbbətlə doğulmuşam anadan”, “Lirik nəğmə” və digər onlarla gözəl əsərləri vardır. O, həmçinin 1945-ci ildə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında çəkilmiş bədii filmdə Asyanın vokal partiyasını səsləndirib.

Ədilə Hüseynzadənin nəvəsi: Bəstəkarın romansları Fidan Hacıyevanın ecazkar ifasında mükəmməl səslənir

Mətbuat konfransında Ədilə Hüseynzadənin nəvəsi Səbinə xanım Xalq Artisti Fidan Hacıyevanın (metso-soprano) ecazkar ifasında bəstəkarın romanslarının mükəmməl səsləndiyini vurğulayıb, onunla əməkdaşlıqdan məmnunluğunu bildirib və silsilə konsertlərdə ifaçıya uğurlar arzulayıb.

Bəstəkarın çox gözəl səsi olduğunu qeyd edən Fidan Hacıyeva deyib: “Mən məhz onun lent yazılarını dinləyərək, öyrənərək bu əsərləri məşq etmişəm. Onun da səsi metso-soprano olub. Həm bəstəkar, həm də vokalçı olmaq nadir istedaddır”.

Əməkdar İncəsənət Xadimi Elnarə Dadaşova qeyd edib ki, Ədilə Hüseynzadə bəstəkar və vokalçı olaraq romanslarını o qədər rahat yazıb ki, onları səsləndirmək ifaçıya zövq verir. “Mən romans janrına Ədilə xanımın romanslarını onun ifasında dinlədikdən sonra müraciət etdim və bu janrı sevdim. Bu gün dəyərli əsərlərin peşəkar ifasına böyük ehtiyac var. Bu baxımdan Fidan Hacıyevanın silsilə konsertləri önəmlidir”.

Fidan Hacıyeva: Ədilə Hüseynzadənin elə əsərləri var ki, onları ifa edəndə göz yaşlarımı saxlaya bilmirəm

“Neçə aydır ki, bu əsərlərin üzərində işləyirəm. Onların sırasında eləsi var ki, onu hər dəfə ifa edəndə göz yaşlarımı saxlaya bilmirəm”, - deyə Fidan Hacıyeva qeyd edib.

Elnarə Dadaşovanın fikrincə, “Gözlərin matəmi - Xirosima” romansı təkcə Xirosimanı deyil, Xocalını, orada törədilmiş qanlı cinayətin ağır nəticələrini, eləcə də Suriyada dinc insanların qətlə yetirilməsini musiqinin dili ilə dinləyicilərə çatdırır. “Biz gərək unutqan olmayaq. Belə əsərlərin bu gün ürəyimizi ağrıtması o deməkdir ki, biz özümüz də faciələri yaşamışıq. Bu baxımdan Ədilə Hüseynzadənin əsərləri həmişə aktualdır. Onun “Mənim arzum”, “Sülhün səsi” və digər əsərləri də bu qəbildəndir”.

Xalq Artisti Fidan Hacıyeva mətbuat konfransında hazırkı layihənin təkcə Ədilə Hüseynzadə deyil, Üzeyir Hacıbəylinin digər qadın tələbələrinə yönəldəcəyilə bağlı sualı cavablandırarkən qeyd edib ki, Ədilə Hüseynzadənin tələbəsi olmuş Elnarə Dadaşovanın repertuarına da müraciət edəcək. “Azərbaycanın qadın bəstəkarlarının əsərlərini silsilə olaraq həm Azərbaycanda, həm də dünyada tanıtmaq istəyirəm. Artıq tələbələrimin də repertuarında Ədilə xanımın və Elnarə xanımın əsərləri var”, - deyə Xalq Artisti Fidan Hacıyeva bildirib.

Qeyd edək ki, çox gözəl pianoçu, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə və Azərbaycanın Əməkdar Artisti, violonçel ifaçısı Aleksey Miltıx Ədilə Hüseynzadənin “Sonatina”sını repertuarlarına salıblar. Elnarə Dadaşovanın sözlərinə görə, “Kvartet” tələbələrik illərində yazılmasına baxmayaraq, bu gün də peşəkar və müasir səslənir. Kvartet janrında bu gün yeni söz demək çətindir, lakin Ədilə Hüseynzadə bunu bacarıb.

Mətbuat konfransının sonunda Ədilə Hüseynzadənin notlarının üzə çıxarılmasında bəstəkarın ailəsinə dərin təşəkkürünü bildirən Xalq Artisti Fidan Hacıyeva ilboyu Azərbaycanın qadın bəstəkarlarının əsərlərini ölkəmizdə və dünyada təbliğ edəcəyini diqqətə çatdırıb.

AZƏRTAC

15:07