FES-in qərarı bu dəfə nefti “vurdu”

 

İlham Şaban: “Çoxları düşünür ki, FES-in ötən ilin sonundan atdığı addımlar xammalın ucuzlaşması ilə nəticələnəcək”

ABŞ Mərkəzi Bankı FES-in bu ildən başlayaraq balansını kiçildəcəyi gözlənilir. FES-in balansını kiçiltməsi dolların daha da bahalaşması ilə nəticələnə bilər. Qeyd edək ki, 2008 böhranından sonra FES istiqrazlar alaraq dövriyyəyə çox aşağı faizlə pul kütləsi "nasoslamışdı". Bunun nəticəsində FES-in balansı 4.5 trilyon dollara qalxmışdı. İndi FES istiqrazları geri qaytararaq balansı kiçiltməyi hədəfləyir. Sankt-Luis Fed sədri Ceyms Bullard, balansın 2 trilyon dollar ətrafında olması lazım olduğunu deyib: “İstədiyim, bütün gəlir əyrisinin faiz artırımlarının daha təbii bir yolla özünü tənzimləməsidir. Bunu etməyin yolu balansın kiçildilməsidir". Bullard, balansın 2 trilyon həcminə salınması lazım olduğunu söyləyib və bunun bir neçə ildə mərhələli bir kiçiltmə olacağına diqqət çəkib. Bullard, ABŞ iqtisadiyyatının 2017-ci ildə 2 faiz böyüməsini gözlədiyini 100,000 civarındaki məşğulluq artımının bu trend ilə uyğun olduğunu qeyd edib. Sankt-Luis Fed sədri inflyasiyanın indi olduğu səviyyələr ətrafında olacağını düşündüyünü sözlərinə əlavə edib. Bu bəyanatdan sonra dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 0,07 dollar ucuzlaşaraq 53,01 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,04 dollar azalaraq 55,94 dollar olub. Ancaq, “AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 0,85 dollar bahalaşaraq 56,16 dollar təşkil edib. “Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Azərbaycan nefti ilə digər ölkələrin neft qiymətlərini müqayisə etmək düzgün deyil: “Azərbaycan nefti terminallarda satıldığı üçün onun qiyməti birjalardakı digər neftin qiymətinə nisbətən təyin edilir. Yəni, Azərbaycan nefti “Brent”in qiymətinə əsasən təyin edilir. “Brent” aşağı düşəndə Azərbaycan nefti yuxarı qalxmır. Bəzi media orqanlarında neftin qiymətilə bağlı yayılan məlumatlar bir sutka sonra gəlib çatan informasiyalardır. Çünki biz həmişə nefti Bakı-Tbilisi-Ceyhandan bir tanker yükləyib yola salırıq. Alıcı ilə satıcı arasında sövdələşmə Azərbaycan bazarına gecikmə ilə çatır. Həmən vaxt isə dünyada qiymətlər tamam başqa istiqamətdə dəyişə bilir. Ona görə də, bizdə belə bir təəssürat yaranır ki, Azərbaycanda neftin qiyməti artıb, dünya bazarlarında isə aşağı düşüb. Əslində isə belə deyil, qiymətlər eyni ox istiqamətində dəyişir”.

 

FES-in atacağı addımlar nə ilə nəticələnə bilər?

Ekspert qeyd edib ki, çoxları düşünür ki, FES-in ötən ilin sonundan atdığı addımlar xammalın ucuzlaşması ilə nəticələnəcək. İlham Şabanın qənaətincə, bahalı dollar Amerika ixracatçıları üçün əlavə şərtdir: “Dolların möhkəmləməsi Amerika ixracatçılarının bazarda rəqabətə davamlılığını aşağı salır. Amerika dünyanın ən böyük neft ixaracatçısı olan ölkələrindən biridir. ABŞ bir ayda müxtəlif faktorlardan 50 milyard dollarlıq mal ixrac edir. Bu, bazarda qiymətləri dəyişir. Heç kəs reallıqda nəyin baş verdiyini bilə bilməz. FES-in bundan sonra belə addımları atacağı da müəmmalıdır. Əgər ötən ilin dekabrından onlara inansaydıq, onda neftin qiyməti heç 55 dollar olmamalı idi. Ancaq neftin qiyməti 58 dollara qədər qalxmışdı. Bu gün neftin ortalama qiyməti 55 dollardır. Fakt budur ki, Qərbi Texas nefti 51, “Brent” markalı neft isə 55 dollardır. Artıq bazar buna uyğunlaşıb. Bu da hasilatçıları və alıcıları qane edir. Çünki yeddi aydan artıqdır ki, bazar bu qiymətlərlə alış-veriş edir”.

Yeganə Oqtayqızı
Cebhe.info

06:09