Fazil Əliyev - köhnə dost, doğma insan

Bu il 75 yaşını qeyd edən Fazil Əliyev bir vaxtlar Qarabağın ən tanınmış futbolçularından olub.

Hindarxda doğulub, uşaqlıq və gənclik illəri Şuşada keçib.

Ağdamın “Qarabağ” komandasının ən məhsuldar hücumçularından biri olub. Milli Qəhrəman Allahverdi Bağırovla eyni komandada oynayıb və rəhmətliklə qardaş kimi dost olublar.

Fazil bəy mərifəti, mədəniyyəti və dürüstlüyü ilə həmişə Ağdamda xüsusi hörmətə malik olub.

Sonralar “Neftçi”, Şəmkir və Daşkəndin “Paxtakor” komandalarında da qısa müddət çıxış edib. Təəssüf ki, içkiyə meyli onun parlaq futbol karyerasına son qoydu…

Amma Fazilin həyatda qazandığı ən böyük hörmət futbol yox, insanlığı olub.

İyirmi il Hindarxda poçt müdiri işləyib və bu illər ərzində dürüstlüyü ilə seçilib. Mərhəmətli, yardımsevər və dostluğa sədaqətli bir insan kimi bəlkə də bənzəri azdır.

Rəhmətlik anası atamın qohumu, əslən Laçın rayonunun Narışlar kəndindən idi. Buna görə Fazil mənim üçün sadəcə dost və qohum deyil, doğma insan, qardaşdır.

Fazil hər Bakıya gələndə biz gənclər üçün bayrama çevrilərdi. Onun vasitəsilə gənc yaşlarımda məşhur kino aktyorları ilə tanış olmuş, dostluq etmişəm. Onlardan biri də rəhmətlik Ceyhun Mirzəyev idi.

Fazil bəy məşhur kino rejissoru Ramiz Əliyevin kiçik qardaşı idi. Atası Muxtar əmi isə uzun illər təhlükəsizlik orqanlarında məsul vəzifələrdə çalışmışdı.

Sevincli günlərində yanında, çətin günlərində arxasında olmuşam. Çünki Fazil də, anası da həmişə mənə doğma insanlar olublar.

Hər Azərbaycana gələndə onunla görüşmək mənim üçün xüsusi bir duyğudur.

Əziz Fazil bəy, 75 yaşın mübarək! Səni bağrıma basıram. Allah sənə möhkəm can sağlığı və uzun ömür versin. Həmişə var ol, əziz dostum və qardaşım!

Qardaşın,
Elman Mustafazade

Xudaferin.eu

12:50