Eyyy… Ərdoğan!!! Boraltan körpüsünü bizlər heç unutmadıq… Biz Mübarizi istəyirik!

İş adamı və dəyərli soydaçımız Mübariz Mənsimovu yaxından — uzaqdan heç tanımadım. Amma onun Vətənlə birgə çırpınan qəlbini tanıdım. Qarabağ üçün boğazında düyünlənmiş qəhərini tanıdım. Mən onun düşmən qarşısında düyünlənmiş yumruğundan tanıdım. Savaş qaziləri üçün açılan qollarından tanıdım. Mən onu bu Yurdun bir qarışı, Göy Xəzərin bir dalğası kimi tanıdım.

Azərbaycan insanı çalışqandır, zəkidir, yığımcıldır. Azərbaycanda rəsmi və qeyri-rəsmi milyarderləri çoxdur. Və bu çoxluqda olmayan bir üstün xarakterdən tanıdım, Mübariz bəyi. Məmləkət naminə, məmləkət insanı naminə və məmləkətin gələcəyi naminə bircə sentindən keçməyənlərin qaranlıq simaları arasından sızan bir nur kimi tanıdım, Mübariz bəyi. Məni anladınızmı, Eyyy… sayın Ərdoğan! Siz, bu insanı «Nurçu» kimi tanıdığınızı deyə bilərsinizmi? O nurçu erməni-MKİ(SİA) agentlərini bizim ölkəyə, Mübariz Mənsimovmu sırımışdı? Fətullah Güləni düşmən biləni FETÖ-çü elan etmək türk ədalətinin təntənəsimi? Bu erməni-rus sifarişini durdurun!

Türk ədalətində və gələnəyində arxadan vurma yoxdur. Öydüyünüz İslam əxlaqında qadın uyuyan odaya girilməz. Çanaqqalada yaralıya düşmən olsa belə su verən Türklər, tanınmış iş adamını cərrahiyyəsini gözləyib həmlə edənmi oldu? Özünüz demişkən, «Nereden, nereye?» Bir Türkiyə və Azərbaycan sevdalısını apar-topar, 00:01-də mühakimə edərək həbsə atmaq heç cəngəllikdə yaşayan papauslara rəva görülməyən bir işdir. Mübariz Mənsimov da Amerikayamı qaçacaqdı? Bu uydurma və qondarma cinayət işindən erməni qoxusu gəlir. Zaman-zaman fotolar sərgilədiyiniz Güləni Siz ki, ətrafıyla birgə daha yaxşı tanıyırsınız və o sırada Mübariz bəyin olmadığını da ən azı savçı dediyiniz məmuriyyətdən yaxşı bilirsiniz.

Artıq günlərdir ki, Azərbaycan xalqı öz övladının tutqusuz yarğılanmasıyla bağlı Sizə müraciətlər edir. Mal-mülk davası fonunda bu səslərin heçmi dəyəri yoxdur? Sizin üçün qardaşlıq budurmu?

Bir zamanlar CHP-yə səslənib Boraltan körpüsündən danışmışdınız, sayın Ərdoğan. Onu göz yaşıyla bir qardaş xəyanətinin verdiyi acıyla dinləmişdim. Özünü güllə ilə vurub həyatına son qoymaqla etiraz edən qardaşımızla birgə ölmüşdüm.

O dönəm Azərbaycan türklərini Stalin və Mikoyan (erməni, FETÖ-nün qurucu babası) sifariş etmişdi. İndi bu iş Putin və Maşustinlik, Kalantarov (erməni) olmasa sevinərdik. Amma bu sevinc qismət deyilmiş. Çünki aramızda xəncərlə bizləri hər an bölməyə çalışan, düşmən edən düşmən heç yatmadı.

Amma, Eyyy cənab Ərdoğan, bu gün dünya çox kiçilib. Bərisindən baxanda o üzü görünür. Tarixə İsmət İnönü kimi düşməyinizi heç istəməzdik. Qosqoca tarix Türkiyənin çiyninə dünyaya yeni düzən vermək vəzifəsi qoymaq istəsə də, nədənsə Türkiyə kimlərinsə sifarişiylə oynamağa can atır. Hardasa baş olmaq əvəzinə, yanlış yerdə, yanlış zamanda küllə oynayır. O gün gəlmişdir. O gün bu gündür. Tamahları, qısqanclıqları bir yana atıb, dost olanın deyil, düşmən üzərinə yerimək zamanıdır.

İllər öncə bir kitabımda yer verdiyim bir hadisə var, onu olduğu kimi bu yazıda da təkrar edirəm: «Prof. Türkkan, aşıq Esat Kabaklı və hətta Cumhur başqanı R.T. Ərdoğanın da yanğıyla söylədikləri Boraltan adlı körpü əhvalatı var. Könülləri dağlayan və qardaşlığımıza qara bir ləkə sürtən bir rəvayətdi: “Stalin zülmündən qaçaraq Boraltan körpüsünü keçməyə nail olan 146 (Prof. Türkkana görə 407 nəfər – müəl.) nəfər ziyalı Türkiyədən sığınacaq istəyir. Stalin İsmət İnönüdən bu adamları geri verməsini tələb edir.

O, tələbi yerinə yetirir. Karakolun rəisi bu qərara inanmadığından təkrar Ankarayla əlaqə saxlayır. Ankara qaçqınların təslim edilməsini əmr edir. Azərbaycanlılar türk əsgərlərinin boynuna sarılaraq: “Bizi öz torpaqlarımızda, öz bayrağımız altında öldürün”- deyirlər. Amma əmr yerinə yetirilir. Təslim edilən azərbaycanlıları kommunist cəlladları elə ora-daca güllələyirlər. Karakolun rəisi bu hadisədən təsirlənərək intihar edir. Qədir bilən, məzhəbə, dinə, şivə və ləhcəyə baxmadan səmimi qardaş olanlar bunu əfsanəyə, şeirə, ağıya, türküyə çevirirlər:

Boraltan bir körpüdü,
Aşar, daşar arası.
Yusan Araz suyuyla,
Getməz üzün qarası.

Düşmən bəklər qarşıda,
Önünə qatdı məni.
Can alınan çarşıda,
Qardaşım satdı məni.

Dönüb səsləndim geri,
Mərhəmətsiz birinə.
Məni siz vursaydınız,
Bu kafirin yerinə…
«

Xatırladınızmı, sayın Ərdoğan? Heç yaraşdırmadıq.

Eşit bir xalqın səsini və Türk ədalətinə yaraşanı et! Bunu Sizdən gözləyirik, Türk ədaləti bunca düşərsə, vay dünyanın halına!

Sayın Cumhurbaşqanı! Sizden savaş iştirakçıları adından bir ricada olmağımı veteranlar xahiş etdilər. Mübariz Qurbanoğlunun tutuqsuz yarğılanmasını «əmri yuxarıdan aldığını» deyən yarğıdan tələb etmənizi gözləyirik. Qolumuzu «bağladıb» bizi yenidən düşmənə təhvil verməyin!

Trampa, Putinə deyil, Sizə müraciət edirəm, bu səs Azərbaycan xalqının səsidir.

Üzümü Mübariz Qurbanoğluna tuturam! Aclığı dayandırın, bunu müharibə qaziləri adından rica edirik. Düşmən önündə şax dayanaraq böhtanları alt-üst edəcəyiniz günü gözləyirik. Tanrı yar və yardımçınız olsun!

Xaqani Ədəboğlu
Müharibə əlili, jurnalist

xudaferin.eu

14:29