Ev tikintisi ilə bağlı yeni QADAĞA: Evsizlərin bu ümidi də kəsildi

Yanvarın 1-dən etibarən Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalanıb. Fərmana əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, yerli icra hakimiyyəti orqanlarına tapşırılıb və Bakı şəhərinin ərazisi hüdudlarında təşkil olunmuş bələdiyyələrə tövsiyə olunub ki, Bakı şəhəri üzrə ərazi planlaşdırılması sənədlərinin sifarişi ilə bağlı verilən layihə tapşırıqlarında şəhərin ərazisinin baş və müfəssəl planlarında şəhərsalma məqsədləri baxımından tikintilərin növü və miqyası ilə bağlı torpaqlardan istifadəsi təsbit edilmiş ərazilərin zonalaşdırılması zamanı həyətyanı torpaq sahələri olan yaşayış evləri tikiləcək zonaların planlaşdırılmasına yol verilməsin. Ekspert bildirir ki, bələdiyyə ərazilərində lazımı dövlət infrastrukturu qurulduqdan sonra həmin ərazilərdə tikintilərin bərpa edilməsi mümkün ola bilər.

“Məmurların məsulliyyət hissi artacaq”

“Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli  “Cümhuriyət” qəzetinə bildirib ki, bu sərəncamın verilməsi ilk növbədə istər yerli icra  hakimiyyətində, istərsə də yerli bələdiyyə orqanlarında çalışan məmurların müəyyən mənada məsuliyyət hissini artıracaq: “Burda əsas məqsədlərdən biri budur ki, onlar işinə məsuliyyətlə yanaşsın. Digər tərəfdən paket formasından hazırlanan sənədlərin içərisində həmin ərazilərin kommunal və kommunikasiya sisteminin normal qaydada qurulmasını təmin etməkdir. Bu da istənilən halda kommunal xidmətlərlə çalışan strukturlarla çalışan sahələrin məsuliyyət hissini artıracaq. Faktiki olaraq bu gün bələdiyyələr tərəfindən torpaqların satılması, icarəyə verilməsi və sənədləşdirmə işlərini aparmaq kimi bir səlahiyyəti yoxdur. Çünki torpaqların mülkiyyətə verilməsi məsələsi tam reallaşmayıb.Çox güman ki, Bakı ərazisində bələdiyyə torpaqlarında fərdi yaşayış evlərinin o cümlədən digər obyektlərin tikintisi dayandırılımasında əsas məqsəd Bakının Baş Planında nəzərdə tutulan tədbirdir”.
Yeni qaydaların hazırda inşası davam edən yaxud yarımçıq qalan tikililərə də şamil edilməsinə gəlincə, ekspert güman etmədiyin bildirib: “Sərəncam yanvarın 1-dən inşası nəzərdə tutulan tikililərə şamil olunacaq. Əgər inşası davam edən tikililərin bütün sənədləri qaydasındadırsa, tikintisi niyə danadırılmalıdır? Bunlar kompleks şəkildə atılan addımın tərkib hissəsidir. Məram da Bakıdakı torpaqların sənədləşdirilməsi ilə hər hansı bir məsələnin sürətlə həllinə yönəlib. Bu məhdudiyyətin uzun müddət davam edəcəyinə inanmıram. Yəqin ki, proses başa çatdıqdan sonra məhdudiyyət aradan götürüləcək”.

Yeganə Oqtayqızı
Cebhe.info

13:42