Ev dustaqlığı istəyən jurnalistə 4-cü dəfə ‘yox’ deyildi

 

Nəsimi Rayon Məhkəməsi jurnalist Əfqan Muxtarlı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqda vəsatəti rədd edib. Bu haqda “AzadlıqRadiosu”na jurnalistin vəkilləri bildirib. Məhkəmədə Ə.Muxtarlını Osman Kazımov və Elçin Sadıqov təmsil edib.

Vəkillərin bildirdiyinə görə, Ə.Muxtarlının ev dustaqlığına buraxılmasından ötrü indiyədək 4 dəfə məhkəməyə müraciət edilib. Bundan əvvəl verilmiş vəsatətləri Nəsimi Rayon Məhkəməsi geri çevirib. Vəkillərin verdiyi məlumata görə, məhkəmə hesab edib ki, Ə.Muxtarlı ev dustaqlığına buraxılarsa, istintaqın gedişinə təsir göstərə bilər. Ə.Muxtarlının istintaqı başa çatsa da, məhkəmə vəkillərin dördüncü vəsatətinə də “yox” deyib. Qərarı hakim Babək Pənahovun sədrlik etdiyi məhkəmə kollegiyası çıxarıb.

Jurnalistin müdafiəçiləri məhkəmə qərarından apellyasiya şikayəti veriləcəyini bildiriblər.

Oturum izni ilə Gürcüstanda yaşayan Ə.Muxtarlı mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub. Bakıdakı rəsmi qurumlar isə onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Ə.Muxtarlı ilə bağlı Gürcüstanda da istintaq aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Ə.Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib edib. Bununla belə, istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.

İstintaq Ə.Muxtarlı barəsindəki cinayət işini "Meydan TV"nin rəhbər işçilərinə qarşı açılmış cinayət işi ilə birləşdirmişdi. "Meydan TV"nin rəhbər işçiləri ilə bağlı ötən ilin əvvəlində cinayət işi açıldığı bəlli olmuşdu. Onda ittihamları qəbul etməyən "Meydan TV"nin rəhbəri Emin Milli AzadlıqRadiosu-na bunları demişdi: "Artıq bəlli olub ki, "Meydan TV"nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (külli miqdarda vergidən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi açılıb".

Ə.Muxtarlıya qarşı açılmış cinayət işinin istintaqı keçən həftə başa çatıb. İstintaq bitdikdən sonra jurnalistin işinin “Meydan TV” ilə bağlı cinayət işindən yenidən ayrıldığı bəlli olub.

 

Amerikaninsesi.org

 

10:13