Etnik bölücülük siyasəti aparan liderlər İspaniyada tutuqlandılar

 

İspaniyanın Milli Məhkəmə Palatası Kataloniya hökumətinin üzvü olmuş 8 nəfər haqqında həbs qərarı çıxarıb. Onların arasında prezident Karles Puçdemontun müavini olmuş Oriol Junkeras da var.

İspaniyanın Kataloniya vilayətində oktyabrın 1-də keçirilmiş qanunsuz referenduma qatılanların 90 faizindən çoxu bölgənin müstəqil dövlət elan olunmasına tərəfdar çıxıb. Bu nəticələri əsas tutan Kataloniya parlamenti oktyabrın 27-də müstəqillik qətnaməsi qəbul edib. Oktyabrın 28-də rəsmi Madrid Kataloniya hökumətini və parlamentini buraxıb, idarəçilik səlahiyyətlərinin mərkəzi orqanlara ötürülməsi, dekabrın 21-də vilayətdə yeni parlament seçkisinin keçirilməsi barədə qərar çıxarılıb. Prezident Karles Puçdemont da vəzifədən götürülüb, Kataloniyaya rəhbərlik baş nazirin birinci müavini Sorayya Saensə həvalə olunub.

Kataloniya separatçılarının lideri oktyabrın 30-da 4 nəfər müşaviri ilə birgə Belçikanın paytaxtı Brüsselə sığınıb. Karles Puçdemonta, eləcə də onun hökumətində yer almış bəzi şəxslərə üsyan və qiyam təşkili, dövlət vəsaitini mənimsəmə ittihamları irəli sürülüb. Həmin şəxslər ifadə vermək üçün Milli Məhkəmə Palatasına dəvət olunublar. Noyabrın 2-də keçmiş hökumətin 9 üzvü, o cümlədən Oriol Junkeras palataya gəliblər. Karles Puçdemont və onun 4 nəfər müşaviri dəvətə baxmayaraq Brüsseldə qalıblar. Milli Məhkəmə Palatasının hakimi noyabrın 2-də ifadə verməyə gələn 9 nəfərdən 8-nin tutulması barədə qərar çıxarıb, 1 nəfər isə 50 min avro girovla azadlıqda qalacaq.

Karles Puçdemont və onunla Brüsseldə olan 4 müşavir isə beynəlxalq axtarışa verilib.

Xudaferin.eu
“Avropa Bürosu”

 

10:06