Estoniya radiosunda Novruz bayramına həsr edilən veriliş yayımlanıb

 

Estoniyanın Dövlət Radiosunda (R4) yayımlanan "Ocaq" proqramının növbəti buraxılışı Novruz bayramına həsr edilib.

Verilişin aparıcıları Sənəm Əliyeva və Anara Axundova dinləyiciləri Azərbaycan xalqının əziz bayramı Novruz münasibətilə təbrik edib, uşaq vaxtı ölkəmizdə bu bayramı necə qeyd etdikləri barədə xatirələrini bölüşüblər. Bildirilib ki, bahar bayramı Novruz yeni ilin gəlişidir. Azərbaycanlılar bayram ərəfəsində dörd çərşənbə axşamını qeyd edirlər ki, bu, köhnə ilin başa çatması, təbiətin oyanışı və yeni ilin qədəm qoymasının rəmzidir.

Həmvətənimiz, Hollandiyada yaşayan kinorejissor Timur İsmayılov verilişin qonağı olub. O, Novruz bayramında tonqalın üstündən tullanmaq ənənəsindən, bütün keçmiş uğursuzluqların odda rəmzi olaraq yandırılmasından, hətta yaddaşdan və evdən küllə birlikdə sovrulub aparılmasından danışıb.

Timur İsmayılov Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəklədiyi "4.1 Şəhər motivləri" kinoalmanaxında iştirakından da bəhs edib. Bildirib ki, onun çəkdiyi "Yuxarıda və aşağıda" filmi bu layihə çərçivəsində Almaniya, Fransa və Bolqarıstanda kinofestivallarda nümayiş etdirilib. Film Bişkekdə "Umut" kinoforumunda mükafata layiq görülüb. Sonda Timur İsmayılov dinləyiciləri Novruz bayramı münasibətilə təbrik edib və bahar fəslinin onlar üçün düşərli olmasını arzulayıb.

Xudaferin.eu
“Avropa Bürosu”

08:54