“Eşitdik ki, mənzil verilir...”

30 köçkünü necə aldadıb 139 min manatlarını ələ keçiriblər?

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı olmuş Gülnarə Muxtarova xeyli vaxtdır həbsdədir. O, 30 nəfəri aldadaraq, onların toplam 139 min manat pulunu mənimsəməkdə suçlanır.

Zərərçəkənlərsə Gülnarə Muxtarovanın təkbaşına iş görmədiyini düşünür və onun həbsini yetərli saymırlar. Onlar “Qaçqınkom”un daha yüksək vəzifəli məmurlarının da həbsini tələb edirlər. Məsələnin özəlliyi ondadır ki, bu işdə zərərçəkənlər də məcburi köçkünlərdir. İttihama görə, Gülnarə Muxtarova onlara Qaradağ rayonu, “Ümid” qəsəbəsində məcburi köçkünlərə tikilən binalardan mənzil veriləcəyini vəd edib. Daha doğrusu, onların adlarını mənzil alacaq şəxslərin siyahısına saldırmaqdan ötrü pul alıb. Amma nə evdən səs çıxıb, nə də verilən puldan...

Məcburi köçkünlər “Qaçqınkom”un məmurlarının həbsini tələb edirlər

 

Gülnarə Muxtarova Komitənin Qaradağ rayon sektorunda Dövlət idarələri və ictimai xidmət işçilərinin Həmkarlar İttifaqının Qaradağ şöbəsinin sədri olub. O, martın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə çıxarılıb. İşi Fikrət Qəribovun sədrlik etdiyi hakimlər kollegiyası araşdırır. Gülnarə Muxtarova ona verilən ittihama münasibət bildirərkən, özünü təqsirli saydığını söyləyib. Ardınca zərərçəkmiş şəxslər ifadə veriblər.

"Bu qadın 20 ildir ki, komitədə bizim işlərimizə baxıb. “Ümid” qəsəbəsində mənzillər vardı, siyahı tutmuşdular. Bizsə siyahıda yox idik. Bu qadın mənə dedi ki, hər iki oğlumun adına oradakı mənzillərdən ev verəcək. Buna görə hər oğlumun adına 4 min manat verdim. Pulu alandan sonra o, yoxa çıxdı. Mən istəyirəm ki, heç olmasa, pulumuzun bir hissəsi qaytarılsın", - zərərçəkən Balakişi Behbudovun məhkəmədə belə söyləyib.

 

Qubadlı köçkünü, Saray qəsəbəsində məskunlaşan Kamal Qasımov deyir ki, Gülnarə Muxtarova həmişə onlara yaxşı münasibət göstərib, arayış verilməsində, elə başqa məsələlərdə də yardım edib. Onların adını mənzil siyahısına salmaqdan ötrü 4 min 500 pul alıb: “Kirayədə yaşayırdıq. Eşitdik ki, mənzil verilir. Biz də adımızı siyahıya saldırmaq üçün verdik. Demişdi ki, bizə üçotaqlı mənzil veriləcək”.

Laçın rayonundan məcburi köçkün olan zərərçəkən Yaqub Qarayev Gülnarə Muxtarovaya 19 min manatdan çox pul verdiyini bildirib. Məhkəməyə üz tutan zərərçəkənlər deyiblər ki, bu işi Gülnarə Muxtarova təkbaşına görməyib, alınan pullar “Qaçqınkom”da bəlli adamlara çatıb. Məcburi köçkünlər həmin məmurların da həbsini tələb ediblər.

Məsələ araşdırılarkən məlum olub ki...

 

Hakim zərərçəkənlərin müraciətindən sonra Gülnarə Muxtarovadan bu işi təkbaşına, yoxsa kimlərlə gördüyünü soruşub. Təqsirləndirilən qadın bildirib ki, pulları özü alıb və heç kimə verməyib. Məsələ araşdırılarkən məlum olub ki, Gülnarə Muxtarova istintaqda dindirilərkən, “Qaçqınkom”dakı vəzifəli şəxslərindən birinin adını çəkib, amma o adamla üzləşdiriləndə, öz ifadəsini yalanlayıb. Gülnarə Muxtarova məcburi köçkünlərin hüquq-mühafizə orqanlarına şikayəti əsasında həbs olunub. Ona CM-in 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb. Dövlət Komitəsindən bildirilib ki, komitənin strukturunda bu adda əməkdaş olmayıb: "Komitədə heç zaman Gülnarə Muxtarova adlı əməkdaş çalışmayıb". Məhkəmə martın 28-də davam edəcək.

Azadliq.org

10:08