Ermənistanın xəyallarını puç edən böyük güclər - hamı ondan üz döndərdi

Azərbaycanın Ermənistanın tərxribatına cavab olaraq, işğal altındakı ərazilərini azad etmək üçün başlatdığı Vətən müharibəsindən 25 gün ötür. Ən başlıca məsələ əlbəttə ki, müzəffər ordumuzun torpaqlarımızı durmadan işğaldan azad etməsi, artıq 3 rayon mərkəzinə bayraq sancmağımızdır.

Eyni zamanda proseslərin gedişində, xüsusilə diplomatik müstəvidə baş verənlərlə bağlı diqqətləri çəkən bir çox məsələlər oldu. Onlardan biri də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən Fransa istisna olmaqla, Amerika və Rusiyanın, eləcə də qabaqcıl Avropa ölkələrinin Azərbaycanın haqlı mübarizəsi ilə bağlı sərgilədikləri mövqe oldu. Söhbət dünyanın Ermənistanı iqnor etməsindən gedir.  

Müharibənin başlandığı 27 sentyabr tarixindən etibarən ölkə ictimaiyyətində bir narahatlıq var idi ki, ordumuzun uğurlu əməliyyatının qarşısını almaq üçün beynəlxalq güclər hərəkətə keçə bilərlər. Lakin bunların heç birinin şahidi olmadıq. Ara-sıra bəyanatlara, açıqlamalara rast gəldik. Hansısa qərəzli mövqelər, gizli addımlar atılmaq cəhdləri olanda isə Azərbaycan dövləti sərt mövqelər və gedişlərlə bunları neytrallaşdırmağı bacardı.

Ekspertlər bütün bunları müxtəlif səbəblərlə əlaqələndirir, öz ehtimallarını irəli sürürlər.

Amerikanın, Avropanın və Rusiyanın proseslərə yanaşmasına dair rəylərdə vurğulanır ki, bunun obyektiv və subyektiv səbəbləri var. Bütün hallarda isə əsas diqqət Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsinə yönəldilir.

Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi yoldur”

Əhəd Məmmədli: “Ermənistan din amilindən Azərbaycana qarşı istifadə edə bilmədi”

Siyasi şərhçi Əhəd Məmmədli səbəbləri Azərbaycan hakimiyyətinin düzgün siyasət qurması ilə əlaqələndirir: “Təbii ki, uyğun şəraitlər müharibə aparmağı asanlaşdırır. Əsasən də, balaca dövlətlər üçün bu cür uyğun şərait və məqamlar önəmlidir. Təbii ki, pandemiya, ABŞ-da seçkilər, rus müxalifətçisi Navalnının zəhərlənməsi məqamları Azərbaycanın antiterror aparmaq məsələsində işini asanlaşdırdı. Amma düşünürəm ki, səbəb bu deyildi. Rəsmi Bakının illərdir apardığı səbirli, təmkinli, strateji xarici siyasətin uğurlu nəticəsində Qarabağda aparılan antiterror əməliyyatı mümkünə çevrildi. Əsasən Rusiyaya yönəlik aparılan düzgün xarici siyasəti qeyd etməliyik. Rusiya ilə isti münasibətlərin saxlanılmasının, rus dilinin inkişafı, rus kanallarının yayımlanması, rus dilində tədrisin artması, ortadoks kilsələr, Slavyan Universitetinin varlığı nə qədər doğru siyasətin nəticəsinin olduğunu biz indi görürük. Bunu etiraf və təqdirəlayiq hesab etməliyik. Eyni zamanda, İranla ehtiyatlı siyasət, paralel olaraq İsraillə strateji münasibətlərin qurulması da Azərbaycanın xarici siyasətinin uğuru hesab edilməlidir. ABŞ-ın bu məsələyə aktiv müdaxilə etməməsi, Böyük Britaniyanın Azərbaycanı dəstəkləməsi də bizim üçün önəmli idi. Rəsmi Bakının Avropa ölkələrinin çoxu ilə yaxşı münasibətlər qurması nəticəsində Ermənistan din amilindən Azərbaycana qarşı istifadə edə bilmədi. Bakının dünya yəhudi lobbisi, Vatikanla yaxşı əlaqələri də Qarabağ məsələsində Azərbaycanın işini asanlaşdırdı. Təbii ki, qardaş, dost Türkiyənin, Pakistanın, Ukraynanın Azərbaycanın yanında olması çox önəmli idi. Təbii müttəfiqimiz Türkiyə və onun lideri Ərdoğanın bu məsələdə rolu əvəzsiz və həlledicidir”.

Jurnalist Əziz Əlibəyli mətbuat katibi təyin olundu | KONKRET

Əziz Əlibəyli: “Qarabağla bağlı son 20 illik hazırlığımızın ifadəsi üçün məqam yetişdi”

Beynəlxalq münasibətlər üzrə şərhçi, Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli düşünür ki, post-koronavirus dövrünün özü yeni imkanlar gətirdi: “Bir növ ölkələrin daxilinə həbs edilməsi regional münasibətlərə yeni qapı açmaqla fərqli siyasi dizayn üçün də şərait yetişdirdi. Koronavirusun özü ilə yeni dünya nizamını da gətirəcəyi məlum idi.

İlk zərbə resurs siyasətinə əsaslanaraq davranan ölkələrə dəydi, əksəriyyəti xarici faktorlara yatırımdan qaçmağa, mərkəzləri bağlamağa, fəaliyyətləri dondurmağa başladı.

Bizim bu halda Qarabağla bağlı son 20 illik hazırlığımızın ifadəsi üçün imkan da beləliklə ələ düşdü.

Çoxsaylı digər nüanslar olsa da, bildirim ki, Rusiya - Türkiyə münasibətləri və onlara qarşı Qərbin mövqeyi, Çinin müasir siyasi yanaşması regionda Azərbaycan üçün əlverişli mühiti yarada bildi.

Bu dönüş nöqtəsində hətta İranın da indiki duruşu ilə Azərbaycan divident əldə edir.

Hazırda geostrateji maraqlar bizim nəinki Qarabağla yekunlaşacağımızı, hətta Zəngəzur məsələsini də gündəmə gətirir. Avrasiyada böyük iqtisadi və hərbi gücün qurulması üçün Türkiyə birbaşa Azərbaycana-türk dünyasına da bağlanmalıdır və bu günün şərtlərinə haradan baxsaq, bunu zəruri edir".

Xudaferin.eu

10:14