Ermənistanın ekoloji terroru fəlakət mənbəyidir

Ermənistan Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxladığı dövrdə təkcə insanlığa və günahsız dinc sakinlərə qarşı cinayətlər törətməyib, həm də regionun ekoloji tarazlığı üçün də fəlakətlərə bais olub. İşğalçı ölkə qiymətli təbiət abidələrini, flora və faunanı məhv edib, faktiki olaraq Azərbaycan təbiətinə qarşı ekoloji terror törədib. Ermənistanın bir vaxtlar işğal edilmiş ərazilərimiz də daxil olmaqla, təbii resursları kortəbii şəkildə istismar etməsi, ətraf mühitin ekoloji tarazlığını pozması və zəhərli tullantılarla Azərbaycan ərazisindən keçən içməli su hövzələrini çirkləndirməsi insanlığa sığmayan cinayətdir. Vətən müharibəsində acınacaqlı məğlubiyyətə uğrayan Ermənistan törətdiyi ağır ekoloji terrorla kifayətlənməyərək bu gün də öz çirkin niyyətini həyata keçirməyə cəhd edir, ekoloji mühitin toxunulmazlığı haqqında beynəlxalq konvensiyaların tələblərini kobudcasına pozur və BMT-nin ətraf mühit üzrə müvafiq təşkilatlarının normativ aktlarına məhəl qoymur. Təəssüf ki, nüfuzlu beynəlxalq təşkilatlar həmişə olduğu kimi, yenə də seyrçi mövqe tutaraq işğalçı ölkənin Azərbaycanın mülki əhalisinə, həmçinin təbiətinə qarşı törədilən və biomüxtəlifliyin məhvinə səbəb olan işğalçı siyasətinə, qeyri-insani cinayət əməllərinə göz yumur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ermənistanın ekoloji terrorunun ağır fəsadlarına münasibət bildirən siyasi şərhçi Əliqismət Bədəlov söyləyib.

O deyib ki, Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində təbiətə qarşı təcavüzkar davranışları bu gün də özünü büruzə verir. İşğalçı ölkənin həmin ərazilərin ümumi təbiətinə və bioloji müxtəlifliyinə ciddi ziyan vurması əhalinin sağlamlığına da mənfi təsir edir. Ekoloji terror əsasən, ətraf mühitin qəsdən və ya qanunsuz şəkildə məhv edilməsi, istismarı və ya dəyişdirilməsi kimi xarakterizə olunur. Ermənistan son 30 ildə transsərhəd su ehtiyatlarını davamlı olaraq kimyəvi və bioloji maddələrlə çirkləndirib, Azərbaycan ərazilərindən keçən Araz çayının 43 kilometr hissəsindəki mikroflora və mikrofauna tamamilə məhv edilib. Bu baxımdan Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının Ermənistanın hava və suyu çirkləndirməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatına və beynəlxalq ictimaiyyətə ünvanlığı müraciətdə əsas məqsəd qəflət yuxusuna qərq olmuş bir sıra beynəlxalq təşkilatları oyatmaqdır: “Ermənistanın ekoloji terror aktları ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlarla birlikdə müzakirələr, çoxsaylı araşdırmalar aparılıb. Məlum olub ki, İrəvan 1991-ci il Transsərhəd kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasından (Espo Konvensiyası) irəli gələn öhdəliklərinə əməl etməyib. Bu Konvensiyada ölkələrin mənfi transsərhəd təsirlərdən qaçmaq üçün bir-biri ilə məsləhətləşmələr aparılmasının vacibliyi açıq şəkildə qeyd edilir.

Siyasi şərhçi bildirib ki, hətta Avropa Şurası Parlament Assambleyası 2016-cı il yanvarın 26-da “Azərbaycanın sərhədyanı regionlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” haqqında qətnamə də qəbul edib. Həmin qətnamədə deyilir: “... Assambleya tərəfindən hesab edilir ki, qəsdən süni bir ekoloji böhranın yaradılması “ekoloji təcavüz” kimi qəbul edilməli və bu hal bir dövlətin digərinə qarşı ekoloji fəlakət bölgələri yaratmaq və orada yaşayan əhalinin normal həyatının mümkünsüz edilməsinə yönəlmiş “ətraf-mühit aqressiyası” kimi qəbul edilməlidir”. Qətnamədə daha sonra qeyd edilirdi ki, Dağlıq Qarabağın və ətraf ərazilərin Ermənistan tərəfindən işğalı Qarabağın işğal altında olmayan ətraf ərazilərində yaşayan Azərbaycan vətəndaşları üçün bənzər humanitar və ekoloji problemlər yaradıb və Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərindən birində yerləşən Sərsəng su anbarında 20 ildən artıq planlı texniki qulluq işlərinin aparılmaması səbəbindən bütün sərhəd bölgə üçün ciddi təhlükə yaradır. Sərsəng su anbarının bərbad vəziyyətdə olması böyük bir insan tələfatı və bəlkə də yeni bir humanitar böhran ilə nəticələnə biləcək bir fəlakətə səbəb ola bilməsi də Assambleyanın qətnaməsində öz əksini tapmışdı. Lakin nəticə nə oldu? Həmişəki kimi, ikili standart, islamofobiya, ayrı-seçkilik, “zavallı ermənilərə” təəssübkeşlik və beynəlxalq hüququn prinsiplərinə qarşı ardıcıl qeyri-konstruktiv davranış Ermənistana məkrli və qeyri-adekvat hərəkətlərini davam etdirməyə imkan yaratdı.

Ə.Bədəlov qeyd edib ki, Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törədib - 60 min hektar meşəlik məhv edilib, kəsilib və daşınıb, torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərləndirilib. Təəssüf ki, işğalçı ölkə bu gün də ekoloji terroru davam etdirir. Söhbət Ermənistanın Azərbaycan ilə həmsərhəd bölgəsində - Arazdəyəndə tikintisi aparılacaq Ermənistan və ABŞ-ın birgə layihəsi olan irimiqyaslı metallurgiya zavodundan gedir. Bu layihə yeni ekoloji fəlakət yaradacaq. Bu, həm Azərbaycan, həm də region üçün ciddi fəlakətlər törədə bilər. Nəhayət mötəbər beynəlxalq təşkilatlar ikili standartlardan əl çəkib ciddi fəlakətlər törədə biləcək ekoloji terrorun qarşısını almaqda özlərində təpər tapmalıdırlar.

Xudaferin.eu

15:41