Ermənistan yeni Milli Təhlükəsizlik Strategiyasını niyə indi açıqladı?

Ekspertlər  deyirlər ki, sənəd Qarabağdakı işğalı legitimləşdirmək cəhdidir və  münaqişə haqda faktlar saxtadır

Ermənistan ilin-günün bu vaxtında özünün yeni Milli Təhlükəsizlik Strategiyasını ictimaiyyətə açıqlayıb.  Strategiya həm xarici siyasət, həm hərbi, həm də digər sosial, iqtisadi, enerji, səhiyyə, elmi, informasiya və texnoloji komponentləri əhatə edir. Azərbaycan tərəfinin buna cavabı çox gecikməyib.

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri, dövlət başçısının köməkçisi Hikmət Hacıyev Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasını şərh edib.

Sənəddə Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycan torpaqlarında yaradılan işğalçı rejimlə bağlı məqamların yer aldığını vurğulayan şöbə müdiri yazır: “Strategiyada münaqişə haqda fakt və arqumentlər saxtadır. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonunu işğal edib, azərbaycanlılara qarşı soyqırımı törədib, etnik təmizləmə həyata keçirib, müharibə cinayətləri törədib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərinə baxmayaraq Ermənistan hələ də öz ordusunu işğal etdiyi ərazilərdən geri çəkməyib, işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət, o cümlədən qeyri-qanuni məskunlaşma siyasəti aparır, ərazilərdə Azərbaycan izlərini yox etməyə çalışır.

Ermənistan təmas xəttində və dövlət sərhədində atəşkəsi kobud şəkildə pozaraq təxribatlar törədir, qəsdən Azərbaycanın mülki əhalisi və obyektlərini atəşə tutur, danışıqlarda maraqlı deyil, status-kvonu uzatmağa və işğalı möhkəmləndirməyə çalışır.

Sənəddə bir neçə dəfə xalqların öz müqəddəratını təyin etmə prinsipinə istinadlar edilir. Qeyd edilir ki, qondarma qurumun öz müqəddəratını təyin etmə hüququ qeyri-şərtsiz tanınmalıdır.

Ermənistan işğal faktını öz müqəddəratını təyin etmə prinsipi ilə ört-basdır etməyə çalışır. Heç bir halda bu prinsip Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə aid edilə bilməz. Bub öz müqəddəratını təyin etmə yox, işğaldır. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və buna alternativ yoxdur.

Qondarma qurumun qeyd-şərtsiz və məhdudiyyətsiz öz müqəddəratını təyin etmə hüququnun tanınmasını tələb edən və qanunsuz rejimi “azad ölkə” kimi tanıyan bu strategiya sənədi özü-özlüyündə ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesinə vurulmuş növbəti ağır zərbədir. Həmsədrlər və ümumiyyətlə beynəlxalq ictimaiyyət bu sənədə reaksiya verməlidir.

Sənəddə iddia olunur ki, Ermənistan ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlara sadiqdir. Lakin bu ölkənin baş nazirinin “Qarabağ Ermənistandır”, müdafiə nazirinin “yeni torpaqlar naminə yeni müharibə” kimi bəyanatları, qondarma rejimi tərəf kimi danışıqlara cəlb etmək cəhdləri, eləcə də strategiyada münaqişə ilə bağlı təxribatçı fikirlər sübut edir ki, Ermənistan məqsədli şəkildə danışıqlar prosesini pozur və onun niyyəti işğalı davam etdirməkdir.

Sənəddə qeyd olunur ki, qondarma qurumun təhlükəsizliyini, eləcə də Ermənistan da daxil olmaqla xarici dünya ilə təhlükəsiz və şaxələnmiş kommunikasiyasını təmin edəcək lazımi müdafiə xətləri olmalıdır. Bununla Laçın rayonu və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə bitişik digər işğal olunmuş rayonlara işarə edilir. Bu bir daha onu göstərir ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qaytarmaq niyyəti yoxdur.

Sənəddə bir neçə yerdə qeyd olunur ki, Ermənistan qondarma qurumun təhlükəsizliyinin qarantıdır. Bu, işğalın açıq etirafıdır.

Sənəddə qeyd olunur ki, danışıqlar prosesinin məqsədi “müharibənin nəticələrinin qorunması”dır. Bu açıq şəkildə göstərir ki, Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirmək niyyətindədir və dayanıqlı sülhə xidmət edən danışıqlarda maraqlı deyil".

Strategiyaya ön sözü kimi yazılmış qeydlərdə Paşinyan geniş şəkildə erməni tarixinə istinadlar edir, Ermənistan dağlıq yaylası, Hayk, çar Artaşes, Arşakilər, Van çarlığı, soyqırımı və s. kimi mifik tarixi məqamlara toxunur. Amma maraqlıdır, niyə məhz indi Paşinyan hökuməti yeni Milli Təhlükəsizlik Strategiyasını qəbul edib?

Asim Mollazadə: “Parlament daha çox gənclərdən ibarət olmalıdır”

 

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a sözügedən sənədin köhnə miflərdən ibarət olduğunu açıqladı. Deputatın fikrincə, nağılları xatırladan yeni stategiya əslində Ermənistanda daxili auditoriyanın diqqətini çəkməyə hesablanıb. “Ermənistan hökuməti heç nə edə bilmədiyinə, zəruri addımlar atmadığına, problemin həllinə töhfə verə bilmədiyinə görə miflərdən istifadə edir. Guya ki, yeni strategiyadır, amma heç özləri bunun nə olduğunu bilmirlər”.

A.Mollazadənin fikrincə, yeni sənəddə 1 milyon azərbaycanlı məcburi qaçqın və köçkün olduğu, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıldığı qeyd olunmalıydı: “Bəlkə bu münaqişənin həlli ilə bağlı gələcəkdə hansısa irəliləyişə səbəb ola bilərdi. Amma görünür ki, köhnə nağıllara istinad ediblər”.

Sənəddə 2018-ci ildəki “məxməri inqilab”dan bəhs olunmasına gəlincə, deputat qeyd etdi ki, gələcəkdə Ermənistanda hökumət dəyişikliyi baş verəndə strategiyaya yenidən düzəliş etməli olacaqlar. Onun fikrincə, bu dəyişikliklər hərbi yolla çevrilişlərlə müşayiət olunacaq.

Oxu.az - Qabil Hüseynli: Qəzaya uğrayan hərbi təyyarənin "qara ...

 

Politoloq Qabil Hüseynli isə qeyd etdi ki, yeni qəbul edilən sənəd köhnədən əsaslı şəkildə fərqlənir. Onun fikrincə, bu fərq erməni xislətinə xas tarixi şişirtmələr, saxtalaşdırmalar, Ermənistanın keçmişi və bu günü ilə bağlı miflərlə mövcuddur. “Bir sözlə, işğalçı dövlətin xarakterinə və təfəkkürünə uyğun saxta tezislərdən ibarət bir strategiyadır. Məhz bu sənədin indi açıqlanmasının səbəbi Qarabağdakı erməni işğalını legitimləşdirmək cəhdidir", - deyə ekspert bildirdi.

Q.Hüseynli hesab edir ki, ermənilər tarixi köklərinin olması haqda mifoloji uydurmalar ortalığa çıxarıblar, guya bu torpaqlar onların tarixi əraziləridir.

xudaferin.eu

11:05