Ermənistan prezidentliyinə namizəd Rusiyaya səfər edib

Ermənistan Respublikaçılar Partiyasının prezidentliyə namizəd irəli sürdüyü Armen Sarkisyan Moskvaya səfər edib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, siyasi qüvvələr, təşkilatlar və cəmiyyətin müxtəlif təbəqələri ilə görüşlər keçirir.

Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarqsyan yanvarın 19-da başçılıq etdiyi partiyanın bu posta namizədinin səfir Armen Sarkisyan olduğunu bildirib.

A.Sarkisyan 1953-cü ildə Yerevanda anadan olub. Yerevan Dövlət Universitetinin Fizika-riyyaziyyat fakültəsini bitirib. O, 1996-cı ilin dekabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri postunu tutub. Ölkəsinin Belçika, Niderland, Lüksemburq və Vatikanda səfiri, 1995-1996-cı illərdə isə Ermənistanın Avropa İttifaqındakı daimi nümayəndəsi vəzifəsində işləyib. 2013-cü ildən ölkəsinin Böyük Britaniyadakı səfiridir. Avropa, Rusiya, Çin, Monqolustan, Hindistan və Qazaxıstanda energetika sahəsində fəaliyyət göstərən 15 şirkətdən ibarət “Knightsbridge Group” holdinqinin sahibidir. 64 yaşlı Sarkisyanın Türkmənistan və Özbəkistanda da biznesi var. Onun Yaxın Şərqdə və Britaniyada yaxşı çevrəsinin olduğu barədə məlumat yayılıb.

2015-ci il dekabrın 6-da qəbul edilən yeni konstitusiyaya əsasən, Ermənistan 2018-ci ildən parlamentli respublika idarəetmə sisteminə keçəcək. Yeni prezident parlamentdə 7 il müddətinə seçiləcək. Bir şəxs ard-arda iki dəfə dövlət başçısı ola bilməz. Namizədlər parlamentdə fevralın 19-dan irəli sürüləcək. Martın 2-də parlamentdə prezident seçkisi keçiriləcək.

İndiki prezident Serj Sarqsyanın səlahiyyət müddəti aprelin 9-da başa çatır. 

report.az

14:04