Ermənistan mina terroru ilə müharibə cinayətlərini davam etdirir

Ermənistan postmünaqişə dövründə də müharibə cinayətlərini davam etdirir. Mina terrorunun qurbanlarının sayı artır. İki gün əvvəl minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşının Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi, bir nəfərin ayağının amputasiya olunması təəssüf doğurur. Bu, insanlıq faciəsidir və bu cinayətlərin məsuliyyəti Ermənistanın üzərinə düşür.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.
Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyev dəfələrlə ən ali tribunalardan bu problemi gündəmə gətirib. Təsadüfi deyil ki, ötən ay Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenlə telefon danışığında da işğaldan azad olunmuş ərazilərdə Ermənistan tərəfindən kütləvi şəkildə minaların basdırıldığını və müharibənin başa çatmasından bəri 240 nəfərdən çox vətəndaşımızın mina partlayışlarında həlak olduğunu və ya sağlamlığını itirdiyini bildirib.
Həmçinin dövlətimizin başçısı Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxışı zamanı işğal dövründə Ermənistanın ərazilərimizə bir milyondan çox mina basdırdığını bəyan edib.
Beynəlxalq təşkilatların toplantılarında diqqətə çatdırılıb ki, Ermənistan "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 1980-ci il 10 oktyabr tarixli "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozur. BMT-nin 1999-cu ildə qəbul etdiyi "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəaları da Ermənistan tərəfindən pozulur.
"Sözügedən konvensiyaya əsasən, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürür.
Ötən il iyunun 4-də Kəlbəcərdə media mənsubları da daxil olmaqla 3 nəfərin şəhid olması, 4 nəfərin yaralanması ilə nəticələnən hadisə ilə bağlı Ermənistana heç bir tutarlı təzyiq olmadı. Səslənən bəyanatların heç birində Ermənistandan minalanmış ərazilərin xəritəsini vermək tələb olunmurdu. Halbuki jurnalistlərin peşə fəaliyyətini yerinə yetirdikləri zaman mina terrorunun qurbanı olması bütövlükdə dünya mediasına qarşı həyata keçirilən cinayət idi. Çünki bu ərazilərə beynəlxalq missiyaların, beynəlxalq KİV nümayəndələrinin də səfərləri nəzərdən keçirilir. Bu insanların da təhlükəsizliyilə bağlı narahatlığa əsas var. Statistikaya nəzər salsaq, 2020-ci il noyabrın 10-dan indiyə kimi mina terroru qurbanlarından 7-si hərbi qulluqçu, 32 nəfər isə mülki şəxsdir.
Mina partlaması zamanı 117 hərbi qulluqçu, 67 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - deyə K.Nurullayeva qeyd edib.
Deputat bildirib ki, beynəlxalq təşkilatlar bu hadisələrə təəssüflənməklə kifayətlənməməlidir. Ermənistan bərpa-quruculuq prosesinə mane olmaq üçün mina xəritələrinin verilməsində də riyakarlıq etdi.
Məlumdur ki, müharibədən sonra erməni polkovnik Koryun Qumaşyan işğaldan azad olunmuş ərazilərdə təkcə özünün 17 yük maşını tutumunda mina basdırdığını etiraf etmişdi. Təbii ki, 17 yük maşını yalnız 1 hərbçinin etirafıdır. Bəzi rəsmi erməni dairələri minalanmış ərazilərin xəritəsinin olmadığını iddia edirdi. Məqsəd isə aydındır – postmünaqişə dövründə daha çox azərbaycanlının ölümünə bais olmaq, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasına əngəlləmək
“Azərbaycanın 2030-cu ilədək milli prioritetlər sırasında azad edilmiş ərazilərin bərpası və bu ərazilərə həyatın qaytarılması əsas strateji hədəflərdən biri kimi müəyyən edilib. Qarabağda bərpa prosesi sistemli şəkildə davam edir. Ərazilərin minalardan təmizlənmə prosesi də aparılır”, - deyən deputat qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistana təzyiqləri artırmalıdır. Nəzərə alınmalıdır ki, hazırda Azərbaycan müasir tarixin ən mürəkkəb və iddialı bərpa-yenidənqurma işlərindən birini həyata keçirir.

Xudaferin.eu

12:26