Ermənistan: "geosiyasi turbulentlik" və regional risk mənbəyi

Ermənistan: "geosiyasi turbulentlik" və regional risk mənbəyiDünya siyasətində müşahidə edilən bir sıra proseslər rəsmi İrəvanı xeyli çətinliyə salıb. Son günlər erməni mətbuatı həmin hadisələrə reaksiyanı ifadə edən yazılar dərc edir. Hiss olunur ki, orada siyasi-ideoloji təfəkkürdə inersiya davam edir və heç bir yeniləşmə yoxdur. Hurriyyet.org xəbər verir ki, böyük geosiyasi güclərin atdıqları addımları birtərəfli və yanlış kontekstdə təqdim etməyə çalışan erməni ekspertlər Ermənistanın regiondakı rolu barədə də absurd tezislər irəli sürürlər. Bu zaman onlar bölgənin İran, Türkiyə və Rusiya kimi böyük dövlətlərinin xarici siyasətini təhrif edirlər. Ayrıca, Azərbaycan rəhbərliyinin həyata keçirdiyi müstəqil xarici siyasət kursuna ləkə salmağa cəhd göstərirlər. Təbii ki, bütün bunlar acı təəssüfdən başqa bir şey yaratmır. Çünki söhbət bütövlükdə Cənubi Qafqazın taleyindən gedir və bunda hər kəsin məsuliyyəti vardır. "Geosiyasi turbulentliyə" düşüb, hərəkət məntiqini və istiqamətini itirən Ermənistan faktiki olaraq region üçün risk mənbəyinə çevrilib. Qəribədir ki, buna ABŞ, Rusiya və Fransa həmsədr dövlətlər kimi ciddi reaksiya vermirlər. Belə gedişat nələrlə sonuclana bilər?

Mürəkkəb geosiyasi situasiyada: İrəvan çaşqındır

Geosiyasi proseslərin sürətləndiyi və mürəkkəbləşdiyi hər mərhələdə Ermənistan siyasi və ekspert dairələrinin buna verdiyi reaksiyalar təəssüf doğurur. Uzun müddət keçməsinə baxmayaraq, bu ölkədə analitik və siyasi təfəkkürün inersiya vəziyyətindən çıxa bilməməsi xeyli təəccüblü gəlir. Doğrudanmı, bu dərəcədə reallıqdan uzaq, qərəzli, böhtançı və sistemsiz mənəvi-ideoloji mühitdə insan kimi mövcud olmaq mümkündür? Onların qlobal, regional və Ermənistanın daxili siyasi məsələlərini "təhlil etmək" üsulu bu kimi sualları verməyə məcbur buraxır. İndi də erməni siyasi və ekspert dairələri üçün əsas sual budur: "ABŞ və Rusiyanın generalları niyə Bakıda görüşüblər və İlham Əliyev müstəqil xarici siyasət kursunu nə vaxta qədər davam edəcək?" Əslində, bütün dünya üçün bu suallar mühüm əhəmiyyətlidir, lakin baxır onlara hansı vicdan, obyektivlik və siyasi analitikanın qaydaları çərçivəsində cavab verirsən.

Ermənistan KİV-də dərc edilən yazılara nəzər saldıqda, bu istiqamətdə ermənilərin hansısa irəliləyiş əldə etdiyini görmək mümkün deyil. Yenə köhnə mahnılar: Azərbaycan kənar qüvvələrin əmri ilə hərəkət edir, yaxud rəsmi Bakı kimlərisə qıcıqlandırır, ona görə də böyük güclər Ermənistana üstünlük verəcəklər, Türkiyə ekspansiya siyasəti yeridir və onun qarşısını almaq üçün Qərb Ermənistanla yaxınlaşmalıdır, nəhayət, erməni silahlı qüvvələri aprel savaşında "böyük qəhrəmanlıq nümayiş etdirərək" torpaqların yalnız bir qismini itirib (bax: məs., Наира Айрумян. Зачем начальник Генштаба США приехал в Баку / "Lragir", 16 fevral 2017 və Акоп Бадалян. Армянские вооруженные силы установили свой запрет / "Lragir", 17 fevral 2017).

Məsələyə dünya siyasəti kontekstində baxdıqda isə, Ermənistan ABŞ-İran və ABŞ-Rusiya-İran münasibətləri çərçivəsində nəzərdən keçirilir. Burada Türkiyəyə adətləri üzrə yalnız mənfi rol verməyə çalışırlar. Ankaranı bu cür süni surətdə kənarda tutmaq cəhdləri erməni siyasi-analitik təfəkkürünün faciəsidir, çünki reallıqdan çox uzaqdır. Təcrübə göstərir ki, Türkiyə Cənubi Qafqazda həmişə söz sahibi olub və bunu anlamayanlar daim zərər görüblər. Bu mərhələdə də rəsmi İrəvanın indiyə qədər ciddi bir iş görə bilməməsinin səbəbləri sırasında həmin faktor az rol oynamayıb. Başqa məqam Azərbaycan məsələsində Ermənistan rəhbərlərinin son dərəcə səmərəsiz, qeyri-konstruktiv və reallıqdan uzaq mövqe tutmaqda davam etməsi ilə bağlıdır. Son olaraq, erməni mətbuatı iki fakta münasibətdə səhvə yol verir. Birincisi Münxendə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün düzgün təqdim edilməməsi ilə bağlıdır. Orada nazirlər həm də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə də fikir mübadiləsi aparıblar. Azərbaycan tərəfi danışıqların konstruktiv istiqamətdə davam etdirilməsi ilə bağlı mövqeyini bir daha ortaya qoyub. Burada mövcud status-kvonun dəyişməsi zərurəti ciddi yer tutur. Azərbaycan, Rusiya və Ermənistanı əhatə edən üçtərəfli görüşün təşkil edilməsi haqqında danışılıb.

Lakin erməni nazir Azərbaycana böhtan ataraq atəşkəsin pozulmasından danışıb, rəsmi Bakının müharibə etmək istədiyini deyib. Bununla ermənilər həm təklif olunan danışıq formatını rədd edib, həm də Azərbaycana qarşı qərəzli mövqeyində qaldığını göstərib. Deməli, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə hələ də hazır deyil və vəziyyəti süründürməçi gedişlərlə qeyri-müəyyənlikdə saxlamağa çalışır.

 

Qonşuya atılan böhtan: region təhlükəyə sürüklənəndə

Təbii ki, Bakı bunları çox gözəl görür. Azərbaycan Prezidentinin göstərişi ilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpasına başlanılması və oraya bir neçə ölkənin səfirinin getməsi bir daha göstərir ki, ölkə rəhbərliyi bir qarış torpağı belə işğalçıya verməməkdə qərarlıdır. İkinci məqam erməni tərəfinin bu prosesi düzgün şərh etməməsi ilə bağlıdır. Heç şübhəsiz, bütün zəbt edilmiş torpaqlarımız tədricən azad ediləcək və bərpa olunacaq. Ermənistan rəhbərliyi də bunu yaxşı bilir və ona görə də müxtəlif bəhanələrlə danışıqlardan qaçır, qeyri-konstruktiv mühit yaratmağa çalışır və tarixi reallığı təhrif etməyə cəhd edir. Bunların fonunda rəsmi İrəvan İran, Türkiyə, ABŞ, İsrail və Rusiyanın geosiyasi fəallığından çox narahat olmağa başlayıb. Erməni ekspertlər İsrailin Azərbaycandan İrana qarşı istifadə etmək istədiyi haqqında cəfəng fikirlər ortaya atır. Xüsusilə hərbi sahədə Təl-Əvivlə Bakı arasında normal əməkdaşlığın mövcudluğundan şikayətlənir, havadan hücuma qarşı işlədilə bilən müasir hərbi texnikanın Azərbaycana verilməsindən dəhşətə gəlirlər (bax: Наира Айрумян. Зачем начальник Генштаба США приехал в Баку / "Lragir", 16 fevral 2017).
Çox qəribədir ki, İrəvandakı təhlilçilər Ermənistanın təcavüzkarlığını tam unudaraq, Azərbaycanın öz müdafiəsini müasir tələblər səviyyəsində qurmaq istiqamətində atdığı addımları "aqressiya" kimi qələmə verməyə çalışırlar. Onların bu gülünc şikayətlərinə, təbii ki, hər kəs gülür. Ancaq o da qəribədir ki, həmsədr dövlətlər olan ABŞ, Rusiya və Fransa buna heç bir reaksiya vermirlər. Bu mənfi hal davam etdikcə, Cənubi Qafqazda heç bir böyük geosiyasi gücün yeri isti olmayacaq.

Başqa bir yanaşmada ermənipərəst KİV İran məsələsini ortaya atır. Guya orada etnik azərbaycanlılardan Vaşinqton İrana qarşı istifadə edəcək. Belə təqdimat azərbaycanlılarla qonşu xalqlar arasında ixtilaf yaratmaqdan başqa məqsəd güdmür (bax: məs., Станислав Тарасов. США и Израиль бросают Ирану в лицо перчатку / "Regnum", 18 fevral 2017). Tarixi təcrübə göstərir ki, bu regionda yeganə qondarma dövlət Ermənistandır, digərləri əsrlərlə burada yaşayıb, öz ağlı və biləyinin gücü ilə dövlət qurmuş xalqlardır. Onların sırasında Azərbaycan türkləri ilk yerdədir. Tarixən bu coğrafiyanın dövlətçilik mədəniyyətinin əsas yaradıcılarından biri məhz bizim xalq olub. Burada fərqli dini inanc sahibləri, etnik qruplar sülh və əmin-amanlıq içində yaşayıblar. Azərbaycanlıların kənardan göstərişlərə ehtiyacları yoxdur. Onlar kimliklərini və tarixi missiyalarını çox yaxşı bilirlər. Lakin Cənubi Qafqaz doğrudan da geosiyasi təhlükə qarşısındadır. Bunun müxtəlif səbəbləri var. Onların sırasında erməni satqınlığı, xəyanəti və siyasi səbatsızlığı xüsusi yer tutur. Aparılan müşahidələr, edilən təhlillər göstərir ki, Ermənistan dövlət olaraq regionun maraqlarını kənar qüvvələrə satmağa hazırdır. Rəsmi İrəvanın gah Qərbə şikayət etməsinin, gah da Rusiyadan inciməsinin arxasında məhz bu məsələ durur. Ermənilər növbəti dəfə düşdükləri quyudan onları quru çıxara biləcək bir ağa, hakim, havadar axtarırlar. Fikir verin, onların hər kəlməsində "Ermənistanı xilas edin!" yalvarışı var. Özləri heç bir konstruktiv təklif verə bilmirlər, amma kənardan yardım üçün dəridən-qabıqdan çıxırlar. Təklifləri budur ki, Dağlıq Qarabağı Ermənistana verin, əvəzində, nə istəyirsiniz onu edək. Buna "siyasi f.......k" deyirlər.
Bax, Ermənistan belə bir süni dövlət kimi region üçün əsl təhlükə törədir. Lakin təəssüf ki, böyük dövlətlər (Türkiyə istisna olmaqla) bunun fərqinə varmaq istəmirlər. Onlar ermənilərdən yenə də öz oyunları üçün istifadə etməyə çalışırlar. Tarix bu kimi davranışların acı təcrübəsini bir neçə dəfə Londona, Vaşinqtona, Berlinə, Brüsselə, Moskvaya göstərib. İnanmırıq ki, növbəti halda nəsə fərqli bir nəticə alınsın. Yəni Ermənistanı regionda himayə etməyin sonu ölüm-itim, intriqa, dövlətlərin inkişafdan qalması, təhlükəsizliyin təmin edilməməsi kimi neqativ vəziyyətlərin meydana gəlməsi olacaq. Çünki insan övladı nə qədər güclü olsa da, haqq hər şeydən ucadır.

Newtimes.az

23:40