Ermənistan 1 mart qırğını astanasında

Qafar Çaxmaqlı: “İğtişaşlar heç bir siyasi qüvvədən asılı olmadan da başlana bilər”

“Ermənistanda indi seçkiöncəsi gərginlik var. İqtidar bu seçkilərdə qələbəsini təmin etmək üçün əvvəlcədən tədbirlər görüb”.

Ermənişünas-alim Qafar Çaxmaqlı bu fikirləri “Yeni Müsavat”a işğalçı ölkədəki seçkiöncəsi situasiyanı şərh edərkən bildirdi. Ermənistan daxilində gedən prosesləri həssaslıqla izləyən və proseslərdən kifayət qədər məlumatlı olan ekspert qeyd etdi ki, hakim partiya “Daşnaksütyun” Partiyasına da parlamentdə yer verdiyindən erməni diasporunun da dəstəyini alıb: “Erməni milli burjuaziyası da oliqarxiya da bir şəkildə Sərkisyan iqtidarına dəstək verməkdədir. Amma ona qarşı olan, belə demək mümkünsə "müharibə partiyası" son günlər fəallığını artırıb. Könüllülər və Ermənistan ultra millətçilər qarşı tərəfdə yer alıblar".

Diqqətçəkən budur ki, parlament seçkilərində kifayət qədər fəallıq göstərən, meydana çıxan sabiqlər - eks-prezident Levon Ter-Petrosyan, sabiq müdafiə naziri Seyran Ohanyan və digərləri hazırda prezidentlik iddiasını ortaya qoymurlar. Onlar ümumiyyətlə, meydanda görünməməyə üstünlük verirlər.

Bununla bağlı danışan Q.Çaxmaqlı qeyd etdi ki, bir neçə partiyanın birləşdiyi sağ qrupların, Ter-Petrosyanın başçılıq elədiyi Ermənistan Milli Konqresinin cəmiyyətdə elə də gücü yoxdur: “İkincisi isə onların bu seçkilərə münasibəti dəyişməyib. Siyasi olaylara baxışları əvvəlki kimidirsə, səsləri də yüzdə beşdən o yana keçməyəcək Azərbaycanın işğal olunmuş ərazilərinin geri verilməsi fikrindən vaz keçmədiyindən Ter-Petrosyanın və onun ətrafındakı siyasi güclərin uğur qazanması mümkün görünmür. Şovinist erməni cəmiyyəti bu qüvvələrə etimad etmir. Seçki ərəfəsində ola bilsin ki, ona daha bir neçə partiya da Ermənistan Milli Konqresinə qoşulsun”. Ancaq ekspert deyir ki, keçmiş müdafiə naziri Seyran Ohanyan və onun ətrafında olan “müharibə partiyası”nın Sərkisyana problem yaratması mümkündür: “Amma bunların da köklü dəyişiklik yaradacağına ehtimal verənlər azdır. Xalqın hakimiyyətə narazılığından istifadə edərək bəzi sürprizlər ola bilər. Amma Ermənistanda parlament üsul-idarəsinə keçərkən o da nəzərə alınıb ki, Sərkisyan və onun komandası gələcəkdə koalisiya şəklində hakimiyyəti idarə edəcək. Bu ermənilərin ölkədə xaosdan xilas olmaq üçün hazırladıqları milli bir plandır”.

Q.Çaxmaqlı qeyd etdi ki, ölkəyə artıq Armen Sarkisyan adlı diplomat prezidentlik kürsüsünə oturmaq üçün dəvət edilib: “Parlament seçkiləri isə sərkisyanlar hakimiyyətinin davamını təmin edəcək. Parlament seçkiləri o biri tədbirlərdə də olduğu kimi əvvəlcədən razılaşdırılmış heç- heçə oyunudur, amma bu oyunun tamaşaları isə beynəlxalq cameədir”.

Bəs, seçkiqabağı gərginlik nələr vəd edir? Ermənistanda 2008-ci ilin 1 mart hadisələri təkrarlana bilərmi? Q.Çaxmaqlı: “Ermənistanda radikal qüvvələr həmişə var və Sərkisyanın hakimiyyətinin davam etməsini istəməyən qüvvələr hədələr səsləndirirlər. 2008-ci ildə seçkilərin nəticələrindən narazı qüvvələr meydanlara töküldülər. Bu dəfə isə dediyim kimi Sərkisyan bəzi tədbirləri görüb və o radikallar zərərsizləşdirilib. Bu dəfə elə ciddi rəqib və ya rəqiblər yoxdur. Ona görə belə xaotik durum olmaya bilər. Amma xalq çox narazıdır. Heç bir siyasi qüvvədən asılı olmadan da iğtişaşlar başlana bilər”.

Maraqlıdır, Serj Sərkisyanın A.Sərkisyanı prezident kürsüsünə oturtmaq, özününsə baş nazirliyə yiyələnmək planına Rusiyanın mövqeyi necə olacaq? Krem bu mərhələdə kimi dəstəkləyəcək? Ekspertin fikrincə, Kreml birmənalı şəkildə Sərkisyanın hakimiyyətinin davam etməsini istəyir: “Bəzən Sərkisyanı cəzalandırması da ona hesablanıb ki, erməni prezident Moskvanın sözündən çıxıb, başqa tərəflərə meyllənməsin. Seçkilərdən sonra Rusiya onu ram edəcək”.

Cavid TURAN,
“Yeni Müsavat”

 

11:35