Ermənini dəstəkləyən Suriya prezidentinə etiraz

Bəşər Əsədin müşaviri Buseyn Şaban Suriya hökuməti adından Ermənistan hökumətinə dəstək verib; ekspert: “Bu, həm də Türkiyə faktoru ilə bağlıdır”

Ölkəsinin terrorizmdən əziyyət çəkdiyini deyən Suriya prezidenti Bəşər Əsəd hökuməti terrorçulara, işğalçı Ermənistana dəstəyini ifadə edib. “Yeni Müsavat” xəbər verir ki, prezidentin müşaviri Buseyn Şaban Suriya hökuməti adından Ermənistan hökumətinə dəstək verib. Bu barədə “RİA Novosti” xəbər yayıb. Suriyanın Ermənistan hökumətinin işğal siyasətini dəstəkləməsi təsadüfi deyil. Azərbaycan və Türkiyə mediası dəfələrlə suriyalı muzdluların erməni hərbi birləşmələri sıralarında fəal iştirakını izah edib.

Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum hərbi əməliyyatına başlamasına və qisas almasına səbəb olan Qarabağdakı erməni təxribatı ərəfəsində də suriyalı muzdluların, xüsusən də erməni mənşəli suriyalıların Ermənistana tranziti barədə məlumat verilib. Hələ iki il əvvəl Avropa İttifaqı Suriyadan olan erməni qaçqınların Ermənistanda yerləşdirilməsi üçün 3 milyon avro maddi vəsait ayırıb. Erməni KİV suriyalı ermənilərin işğal edilmiş ərazilərimizdə yerləşdiriləcəyini bildirmişdi. İndi isə Əsəd Qarabağa muzdluları göndərir və İrəvana açıq şəkildə dəstəyini nümayiş etdirir. Yeri gəlmişkən, Şeyx Əhməd Bədrəddin Hassum Suriyanın baş müftisidir. Əsədə ən sadiq insanlardan biridir. Daha da irəli gedərək “Əsədin məsləhət verənidir”, desək, heç yanılmarıq. Əsədin baş müftisi Azərbaycana qarşı necə nifrət etdiyi açıqlaması ilə göndərmişdi: “Qarabağ ermənilərinin müstəqillik və azadlıqları uğrunda mübarizələrini dəstəkləyirəm”.

Beləliklə, Əsədin ətrafı və özü erməni sevgisini heç zaman gizləməyib. Onun muzdluları Qarabağa göndərməsi və işğal edilmiş torpağımızda erməni tərəfdən döyüşməsi əsas verir ki, uşaq qatili elə uşaq qatilinin yanında ola bilərdi. Suriya xalqına silah açan, evləri bombaladan Əsəd rejiminin terrorçu ermənilərə dəstək verməsi tamamilə yerinə düşür.

Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi yoldur”

Əhəd Məmmədli

Siyasi ekspert Əhəd Məmmədlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Əsəd rejiminin Ermənistana dəstəyi həm də Türkiyə faktoru ilə bağlıdır. Onun fikrincə, Əsəd Moskvanın nökəridir və Kremldən gələn təlimatlarla hərəkət edir: “PYD və YPG kürd silahlı təşkilatlarının Əsədlə birləşməsi və Türkiyəyə qarşı eyni cəbhədə olması bunun isbatıdır. Baxmayaraq ki, Əsəd rejimi ilə kürdlər yola getmirdilər, amma ümumi düşmən saydıqları Türkiyəyə qarşı birləşə bilirlər. İndi də həm Türkiyə, həm Azərbaycana qarşı eyni mövqedən çıxış edirlər. PKK muzdlularının Qarabağa gətirilməsi və ermənilərə dəstək verilməsi də məhz bu siyasətin tərkib hissəsidir. O baxımdan Əsəd hökumətinin Ermənistana dəstək verməsi məni təəccübləndirmədi”.

Siyasi şərhçi düşünür ki, bu hadisələrdən sonra Azərbaycanda Əsədə simpatiyası olan bəzi adamlar papağını qarşısına qoyub fikirləşsinlər: “Biz Əsədin qatil prezident olduğunu, Suriyada terrorçularla yox, öz xalqı ilə savaşdığını, körpəyə, qadına silah açdığını bildirəndə bəzi Əsəd aşiqləri ortaya çıxırdılar. İndi onun qondarma rejimin yanında olmasını görsünlər. Bəşər Əsəd terrorçudur, cəlladdır və uşaq qatillərinin yanındadır. Əgər yenə Əsədi və onu qoruyan İranı müdafiə edəcəklərsə, deməli, Azərbaycan dövləti üçün təhlükədirlər”.

Ramiyə Məmmədova: “İmamoğlunun daxili siyasətdə problemlər yaradacağını  düşünmürəm”

Ramiyə Məmmədova

Politoloq Ramiyə Məmmədovanın sözlərinə görə, Suriya hökumətinin mövqeyi Qarabağa muzdlular göndərdiklərini təsdiqləyir: “Suriyadan muzdluların Qarabağa gəlməsi və burada bizə qarşı döyüşməsi iddiaları sübuta yetirilməkdədir. Suriya hökuməti açıq mövqeyini göstərib və bundan o yanası yoxdur. Az sonra Livan və Fələstin hökumətinin də Ermənistana dəstək bəyanatlarını gözləyirəm. Çünki bu ərəb ölkələri hər zaman erməni tərəfkeşi olublar. Ona görə hələ döyüşlərdən əvvəl prezident İlham Əliyev müsəlman dünyasına səslənmişdi ki, onlar Ermənistanla münasibətlərinə yenidən baxmalıdırlar. Prezident müsəlman dövlətlərinin nəzərinə çatdırdı ki, ermənilər məscidləri dağıdıblar, fermaya çevriblər, donuz saxlayırlar. Yəni bu sözlər həm də İrana ünvanlanan mesajlar idi. Amma əfsus ki, biz müharibə getdiyi zamanda istər İran, istər onun dəstəklədiyi Əsəd rejiminin mövqeyini görməkdəyik”.

xudaferin.eu

11:09