Ermənilərin sevmədiyi Tramp: Yeni prezident Qarabağa ədalətli olacaqmı?

Respublikaçılar Partiyasının namizədi Donald Tramp ABŞ-ın yeni prezidenti seçildi. Dünya birliyinin super gücün yeni başçısından istəkləri və gözləntiləri var. Rusiya münasibətlərin qaydaya salınmasını, Türkiyə dövlət çevrilişi etməkdə ittiham olunan FETÖ lideri Fətullah Güləni, digər dövlətlər də öz maraqlarının tanınmasını, Azərbaycan isə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini istəyir. Seçkilərin nəticələri elan olunmamış ayrı-ayrı dövlətlərin başçıları, o cümlədən Azərbaycan prezidenti İlham Əliyev Trampa ünvanladıqları təbrik məktublarında gözləntilərini onun diqqətinə çatdırdılar. Azərbaycan prezidenti məktubda ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri kimi Trampın rəhbərliyi altında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə öz töhfəsini verəcəyinə ümid etdiyini dedi. Azərbaycan xalqı da dünyanın super gücünün yeni başçısına ümid edir.

İrəvan Hillari Klintona ümid edirdi

Analitiklər Donald Trampın Dağlıq Qarabağ münaqişəsinin həllinə obyektiv yanaşacağını istisna etmirlər. Azərbaycan hakimiyyətinin bir çox rəsmisi ilə dostluq münasibətlərinin, o cümlədən ölkəmizdə investisiyasının olduğuna diqqət çəkən mütəxəssislər hesab edirlər ki, yaxın vaxtlarda Trampın başçılığı altında Ağ Evin münaqişənin həllinə baxış bucağı kəskin formada dəyişəcək. Super dövlətin yeni başçısının Azərbaycanın maraqlarına loyal yanaşacağı ehtimalını yaradan digər amillər də var. Məsələn, seçkilərin təbliğat-təşviqat kampaniyasını Donald Tramp özünün şəxsi hesabı ilə təşkil etdiyi halda, demokratların namizədi Hillari Klinton üçün bu işi ABŞ-dakı erməni diaspor təşkilatları gördü. Trampın seçki kampaniyasında erməni lobbisi, yaxud diasporunun təmsilçiləri ilə əlaqələrinə dair informasiya da yoxdur. Hillari Klinton isə ermənilərə bir sıra vədlər verdi, Tramp ümumiyyətlə, kampaniya ərzində erməni məsələsini gündəmə gətirmədi. İrəvan Hillari Klintonun seçiləcəyini ümid edirdi, bu baxımdan ABŞ-dakı erməni lobbisi və diasporu bütün fəaliyyətini onun kampaniyasının uğurlarına yönəltmişdi. Ermənistanda heç bir investisiyası olmayan Donald Trampın yaxın vaxtlarda Bakıdakı “Trump Tower” mehmanxanasının açılışı olacağı yayılan məlumatlar arasındadır. Respublikaçıların daha çox geosiyasi məsələlərə önəm verdiyini bildirən analitiklər qeyd edirlər ki, Azərbaycandakı iqtisadi maraqları baxımından respublikaçıların namizədi kimi Tramp Dağlıq Qarabağ münaqişəsinin həllini prioritet kimi qabağa çəkə bilər.

“Ermənilərin tərəfini tutmayacaq”

Millət vəkili Tahir Kərimli “Cümhuriyət”ə bildirib ki, ABŞ-ın dövlət siyasətində Dağlıq Qarabağ münaqişəsi prioritet məsələ kimi dayanmır. Bundan təəssüfləndiyini deyən T.Kərimli qeyd edib ki, həmsədr dövlət olmasına baxmayaraq, bu münaqişə Ağ Evin xarici siyasətində sonuncu yerdəymiş kimi görünür: “Lakin Donald Tramp dövlət sisteminə əl gəzdirmək, ənənəvi siyasətdən imtina etmək niyyətindədir. Buna nə dərəcədə gücünün çatacağını deyə bilmərəm. Amma hələlik gözləmə mövqeyində ola bilər. Aylarla hökumət sistemini dəyişməlidir. Üzvü olduğu Respublikaçılar Partiyası Konqresdə də (Nümayəndələr Palatası) üstünlük qazanıb. Ali Məhkəməyə yeni rəhbər seçmək də onların əllərində olacaq. Ali Məhkəmənin ABŞ-da böyük səlahiyyətləri var. Hələlik başları bu işlərə qarışacaq. Amma hər halda Trampın azərbaycanlılara xoş münasibəti var. Baxmayaraq ki, müsəlmanlara qarşı aqressivdir. Amma onu dəstəkləyən xalqları dəstəkləyəcəklərini bildirib. Ən azından insan haqları məsələsi ilə Azərbaycana təzyiqlər etməyəcək, bu adla ermənilərin tərəflərini tutmayacaq. Bu ona işarədir ki, Tramp dövründə ABŞ Azərbaycanı işğalçı Ermənistanla eyni tərəziyə qoymaya bilər. Böyük ümidlər var. Süpriz dəyişiklik olmasa, qarşıdakı 6 ay və 1 il yarım ərzində intensiv dəyişikliklərin şahidi ola bilərik”.

“Cənubi Qafqazda təhlükəsizlik məsələsi gündəmə gətiriləcək”

Politoloq Arzu Nağıyev “Cümhuriyət”ə açıqlamasında deyib ki, kimin prezident olmasından asılı olmayaraq, ABŞ-ın xarici siyasəti dəyişmir. Lakin ABŞ-ın Minsk Qrupunun həmsədrlərindən biri olduğunu xatırladan A.Nağıyev dolayı yolla Donald Trampın münaqişənin həll prosesinə təsir edəcəyini istisna etməyib: “ABŞ-ın birbaşa Dağlıq Qarabağ siyasətini dəyişəcəyi inandırıcı görünmür. Çox güman ki, regionda reallaşan beynəlxalq iqtisadi və enerji layihələrinə görə, bölgədə təhlükəsizlik məsələsi ABŞ tərəfindən gündəmə gətirilməsi gözləniləndir. Cənubi Qafqazın təhlükəsizliyini təhdid edən amillərdən biri də Dağlıq Qarabağ münaqişəsidir. Gələcəkdə həmin layihələrin həyata keçirilməsi və bunun üçün regionda sabitliyi bərpa etməyin yolu da münaqişənin həllindən keçir. Bu baxımdan Donald Tramp və ABŞ Ermənistana təzyiqləri artırmalıdır. Hər halda bu da istisna olunmur. Yəqin ki, bu da Minsk Qrupunun həmsədrləri vasitəsilə həyata keçirilə bilər”.

Mənsur Rəğbətoğlu
(Cebhe.info)

22:54