Ermənilərin bizdən bircə fərqi odur ki... - Çingiz Hüseynov

Teleqraf.com İsraildə yaşayan azərbaycanlı yazıçı Çingiz Hüseynovla müsahibəni təqdim edir.

– Çingiz müəllim, Amerika prezidentinin Qüdsün İsrailin paytaxtı kimi tanınması dünyanın gündəmini dəyişdi. Hazırda İsraildə yaşadığınıza görə sizin də bu məsələyə münasibətiniz maraqlıdır. Sizcə, Tramp nə üçün belə bir bəyanatla çıxış elədi? Məqsəd, niyyət nə ola bilər? Və siz Qüdsü hansı ölkəyə aid şəhər hesab edirsiniz?

– Əl-Qüds, Yerusəlim əsrlər boyu yəhudilərin paytaxtı olub. Ən azı beş min illik müddətində. Və bu, Tövrat və Bibliyada, hətta Quranda da vardır. İki dəfə uçurulub, eramızdan əvvəl və I əsrdə. Uzun müddət xristianların, daha sonra Osmanlı imperiyasının ərazisi olub, I Dünya müharibəsindən sonra “mandat” ərazisi kimi Britaniyayanın tabeliyində olub. Əslində, Qüds üç dinin şəhəridir və İsrail bunu təsdiqləyir, abidələri qoruyr, nə xristianları, nə də müsəlmanları təqib etmək fikrində olmayıb, indi də bu fikirdən uzaqdır. Mən burada gördüklərimi deyirəm.

Son zamanlara qədər üç dinə aid şəhərin şərq hissəsində yerləşən bu müqəddəs və həm də qazanc mənbəyi olan abidələr – uçurulmuş Sinaqoqadan qalma faciəli keçmişin yadigarı - “Közyaş divarı“, İsanın edam yeri və məqbərəsi, Məhəmməd Peyğəmbərin “isra-mirac” və Ömərin qələbələri şərəfinə ucaldılmış iki məscid müsəlmanların tabeliyində olub... BMT-nin qərarı ilə 1947-48-ci illərdə Fələstin ərazisində iki dövlətin, yəhudi və ərəblərin, yaranması qərarını yəhudilər qəbul etdilər, ərəblər isə bu qərarla nəinki razılaşmadılar, hətta o gündən ərəb ölkələri ilə birlikdə bu günə qədər davam edən (üç nəsil!) İsrail ilə qanlı müharibəyə başladılar. Qərar-niyyətləri isə o zamandan dəyişilməzdir, bunu açıq aydın yüksək tribunalardan elan edirlər: İsrail bir dövlət kimi ləğv olunmalıdir! Yəhudilər qovulmalıdır! Bütöv ərazi ərəb-fələstinlilərin olmalıdır! Və bu ölüm-dirim müharibələrdə İsrail daima qələbə çalmış, Fələstin ərəbləri isə torpaqlarını qarış-qarış itirməkdə olublar... Mən yəhudi deyiləm, amma haqq-ədalət onların tərəfindədir. Odur ki, Tramp, din söz-söhbətləri, islam abidələrin zəbti, “işqal” və s. bütün bunlar bəhanədir, siyasi oyunlardır, üstəlik “antisemitizmin” qalıqlarıdır. Düşündüyümü, şahid olduğumu deyirəm...

– Uzun müddət Rusiyada yaşamısınız. Rusiyadan yaşayan bəzi azərbaycanlılar ermənilərlə xoş münasibətlərindən, dostluğundan danışır. Sizin də yaxşı münasibətdə olduğunuz ermənilər olubmu?

– Olub. Bakı, Qarabağ və nisbətən Moskva ermənilərini deyirəm. Və bunu qətiyyən inkar etmək olmaz!

– Ümumiyyətlə, erməniləri bir millət kimi necə xarakterizə edərdiniz?

– Ermənilər dilini, dinini, mənsubiyyətini, varlığını qoruyub saxlaya bilən xalqlardandır, yəhudilər sırasında olmağa can atırlar, onlardan qədim olmaq arzusundadılar... Bizdən bircə fərqləri var: biz türk və islam dünyasının ayrılmaz bir parçasıyıq, onlar isə yer üzündə tək-tənhadılar, hətta xristian aləmində də “monofizit”likləri ilə fərqlənirlər. Puşkinin “erməni əfsanəsi əsasında” yazdığı “Qavriilifda” əsərini oxuyun! Və tək-tənhalıq milləti, məncə, sıxır, narahat edir.

– İndi İsrail kimi daha azad və sərbəst bir ölkədə yaşayırsınız. Bəs narkotik maddələrdən istifadə azadlığına necə baxırsınız?

– Mənfi...

– Heç çəkmisiniz?

– Gəncliyimdə bir dəfə anaşa çəkmişəm...

– Necədir?

– Boş şeydir!

– Siqaret...

– Onu da 33 yaşımda atdım.

– İçki necə?

– Az-az olar.

– Sizcə, homoseksualizmi Qərbin pis dəyəri hesab etmək olar, yoxsa?

– Pisdən pis dəyərdir!..

– Bəs azadlıq, sərbəstlik?

– Söz yox ki, istəyənlər gizlindcə yapırsa yapsın, amma bunun təbliği, nümayişlər bəşəriyyati edam etməkdir.

– Maraqlıdır, sizdən asılı olsa, Azərbaycan ədəbi mühitində nəyi dəyişərdiniz, hansı islahatları həyata keçirərdiniz?

– Azadlıq, sərbəstlik... Amma birlik necə azad ola bilər ki?

– Hərdən deyirlər ki, müasir yazıçılarımız fransız maarifçilərinin ideyalarını yayırlar. Fransız maarifçilərinin ideyalarını isə köhnəlmiş hesab edirlər. Sizcə, Volter, Monteskyö, Russo, Didro doğrudanmı köhnəliblər?

– Öyrənmişik və hələ də öyrənməliyik. “Ölçülər” heç də köhnələməyib, hələ də davam etməkdədir, aldanmayaq və öz-özümüzü aldatmayaq. Bir var dünyəvi (beş-altı) elm-sənət-fəlsəfə-ədəbiyyat, bir də var ümumdünya. Biz və erməni-gürcü-çex və bir çoxları hələ də ikincilər dəstəsindənik.

– Bəzən də deyirlər ki, Azərbaycan dili böyük ədəbi əsərlər yaratmaq üçün yetərli deyil. Razısınızmı?

– Dilin nə günahı? Özü də son illərdə dilimiz xeyli inkişaf edib, gizli nə varsa, açıb göstərməyə malikdir. Onu da deyim ki, bunlar şablon kəlmələrdir, daxilən qulsansa, ilahidən alınan Qələmi tulla, özünə başqa bir iş tap.

– Mirzə Cəlil, Sabir doğrudanmı millətimizi aşağılayıb? Belə yazırlar...

– Yanlış və ziyanlı fikirdir! Mirzə Cəlil və Sabir bizim güzgümüzdur... Görüb eşidirik: Qul təbiətli olma (“Poçt qutqsu!)! Avam-nadan olma! Çalış, savadlan, boş-boş işlərdən qaç, oğlunu savadlandır! (“Usta Zeynal”) və s. Millətin üçün çalış, onu soyma, qeydinə qal! (Sabir!!) Qoqolu da ruslar atmaq istəyirlər, Saltıkov-Şedrini də. Bu kimi fikirləri yayanların bircə adı var: “Danabaşlar”.

– Guya onların əsərlərində müsbət azərbaycanlı obrazları yoxdur...

– Bəs Mirzə Cəlil, yaxud Sabir müsbət azərbaycanlı obrazlar deyilmi?

– Çingiz müəllim, Azərbaycan ədəbiyyatında, kinosunda müsbət dindar obrazına rast gəlmisinizmi? Niyə bizdə ruhanilər ancaq Molla Sadıq, Şeyx Nəsrullah kimi göstərilir? Bizdə işıqlı ruhani olmayıb?

– Maraqlı sualdır... Mənim dinə bağlı xalamın əri Əlməmməd kişi, ona Bircədayı deyirdik, nurani, alicənab adam idi, əsərin müsbət qəhrəmanı ola bilərdi, amma olmadı; bu kimiləri az deyildi; görünür, ədəbiyyatımız hələ bu kimi mənəviyyata bağlı problemlərin əksinə hazır deyil. Bəlkə səbəb dinimizin qapalı olmasındadır? Tam sərbəst deyil? Haqqı-ədaləti qorumaqda acizdir? Bəlkə “müsbətliyi” konkret və tək-tük, çox vaxt passiv adamlara bağlıdır? “Qadağançılıq” dində dərin kök salmış? Ölüm fəsəfəsi həyat fəlsəfəsindən üstündür, ona görə? Kənarda düşmən axtarmayaq!.. Düşmən bizim içimizdədir.

– Bəs din alimlərinə alim demək olarmı? Məsələn, Əbu Hənəfi, İmam Qəzzali...

– Din varsa, din alimləri də olmalıdır. Və onlarin işi dini kitabları təhlil etməkdir. İzahatlar, din tarixi, mətnşünaslıq və s. Amma alim var, “alim” də var!.. Bu haqda mənin islama aid mübahisə doğura biləcək mülahizələrim az deyil, beş kitab çap eləmişəm. Təəssüf ki, kitablarım rus dilindədir, amma ayrı-ayrı parçaları ingilis, türk, ərəb, ivrit, Azərbaycan dillərində işıq üzü görüb. Bu, başqa və ayrıca bir müsahibənin problemləridir. Quran və müasir islam, Quran və M.P, Quranda ziddiyətlər və s.

– Çağdaş Azərbaycan tənqidçilərindən kimi daha çox oxuyur və qiymətləndirirsiniz?

– Bu suala cavab vermək istəmirəm.

– Bəzən hesab edirlər ki, sizin Anara qarşı sərt tənqidi münasibətiniz şəxsi kontekstdədir. Onunla əvvəllər dost olubsunuzmu?

– Tarix var, həqiqət var... Anar həqiqətən əsl yazıçıdır və bunu heç cür və heç kim inkar edə bilməz. Amma bir var “yazıçı Anar”, bir də var “idarə sədri” Anar. Birincisni gülər üzlə qarşılayıb bağrıma basardım, ikincisinə quruca salam verib keçərdim.

– Lütfi Zadə vəsiyyət etdi ki, onu Azərbaycanda dəfn etsinlər. Maraqlıdır, belə bir vəsiyyət sizin də ağlınızdan keçibmi?

– Hələlik uzağam bu hislərdən.

– Nobel arzusu sizdə də var?

– Bu mükafatı almağı kim istəməz ki?

– Bəs Nobel arzusu ilə yazıb-yaradan yazıçılara münasibətiniz necədir?

– Bunu arzulayanlara münasibətim müsbətdir. Yazsınlar-yarışsınlar...

– Sonda... Cinlə şeytanın fərqi nədir?

– Bu, İlahiyə veriləcək suallardandır. Məncə, əmioğlu və yaxud, əkiz qardaşdılar.

Müəllif: Kəramət Böyükçöl

 

13:37