“Ermənilər təkcə yurdumuzu deyil, uşaqlıq xatirələrimizi də işğal edib” – köçkün jurnalistlərin xatirələri...

Etibar Seyidağa: “Kəndimizin şəklini böyüdərək evimin divarından asmışam”; Elşad Eyvazlı: “Kəlbəcərsiz keçən 25 il sanki bir saatdan da az zamandır”

 

Bu günlərdə Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin modern.az saytında “Mənim kəndim” rubrikasındakı fikirlərindən kiçik sitatı təqdim edirik:  “Bu gün də ruhən təzələnmək üçün tez-tez kəndimizə gedirəm. Hər dəfə xaricə səfər edib qayıdandan sonra dərhal ora baş çəkirəm.

Müəllimlərimə, məktəbimizə, qohum-tanışlara baş çəkir, sonra da mütləq qəbiristanlığı ziyarət edirəm. Rəhmətlik anamın məzarı oradadır. Anam nə qədər yaşayırdısa, özümü elə bil həmişə mühafizə edilmiş sayırdım, bilirdim ki, hər zaman duaları bizimlədir. Xarici səfərlərdən qayıdanda, bəzən  Bakıda  öz evimə getmədən aeroportdan birbaşa kəndə gedərdim, anamı ziyarət edərdim. Nə qədər uzaq  də olsa, yorğunluq hiss etməzdim, öncə kəndə gedib ona  baş çəkib, sonra Bakıya qayıdardım. İndi hər dəfə anamın  məzarını ziyarət edəndə, rahatlaşanda düşünürəm ki, gör dədə-baba yurdlarından məcburi köçkün düşmüş soydaşlarımız necə ağrı-acı çəkirlər!”

Müşfiq Ələsgərlinin bu yazısı biziə bir daha Azərbaycan mediasında çalışan, taleyinə məcburi köçkünlük düşmüş jurnalistləri xatırlatdı. Çoxlarına məlumdur ki, mətbuatda tanınmış imzalar arasında ölkəmizin işğal altında olan rayonlarından olan jurnalist və redaktorlar var. Onlardan “Yeni Müsavat” qəzetinin redaktoru,  Şuşadan olan Nazim Sabiroğlu, qəzetin siyasi yazarı, kəlbəcərli Etibar Seyidağa, musavat.com saytının rəhbəri, Füzulidən olan Xalid Kazımlı, Cəbrayıldan olan Seymur Verdizadə, modern.az saytının rəhbəri, kəlbəcərli Elşad Eyvazlı, eləcə də saytın redaktoru, Cəbrayıldan olan Əfqan Qafarlı, digər cəbrayıllı, “Həftə içi” qəzetinin jurnalisti Naibə Qurbanovanı göstərmək olar. Təbii ki, digər həmyerliləri kimi, taleyinə məcburi adı yazılan köçkün jurnalistlər də daim vətən həsrəti ilə yaşayır, yuxularında doğma kəndlərini, yurd-yuvalarını görür.

“Yeni Müsavat”ın əməkdaşı vətən həsrəti ilə yaşayan bir neçə redaktor və jurnalistin təəssüratını öyrənməyə çalışıb.

 

Əməkdaşımız Etibar Seyidağanın dedikləri: “Mən 16 yaşımadək Kəlbəcər rayonunun Başlıbel kəndində yaşamışam. 1993-cü ilin 2 aprelində Kəlbəcər işğal olunana qədər həmin kənddə yaşamışam. Bizim kəndimiz Kəlbəcərin 129 kəndi içərisində ən böyük olanı idi, həm əhalisinin sayına, həm də ərazisinin böyüklüyünə görə... Başlıbel Kəlbəcərin ucqar kəndlərindən biridir. Kənd, demək olar ki, məşhur Dəlidağın ətəyində yerləşib. Yəni kənddən bir neçə kilometr yol getdikdən sonra Dəlidağa çıxmaq olurdu. Kəndimiz dağın güney hissəsində yerləşirdi, xatirələrimdə bu cür qalıb...

Kəndimizin üçdən bir görüntüsünü əks etdirən, təxminən 1980-ci ildə çəkilən bir şəkil var. Bildiyim qədər kəndimizdən olan insanların çoxunun evində həmin şəkil var. Mən də şəkli böyüdərək evimin divarından asmışam. Övladlarıma kəndimiz haqqında danışır, onu təsvir edirəm, şəkildə olduğu kimi əks olunan məktəbimizdən, evlərdən, orda kimlərin yaşamasından söz açıram. Kəndimizdən, uşaqlığımla bağlı xatirələrdən o qədər danışmışam ki, övladlarım görməsələr belə, kəndimizi sanki mənim qədər artıq tanıyırlar. Kəndimiz haqqımda övladlarıma danışmağımı özümə  borc bilirəm, bununla da həm sanki içimdə bir rahatlıq tapıram. Sanıram ki, kəndimizə yenidən dönürəm.

Müşfiq Ələsgərlini “Mənim kəndim”də oxudum. Yazıda qeyd edir ki, “hansısa xarici səfərdən sonra kəndimizə gedib, ruhumu təzələyirəm”. Doğrudur, 25 ildir ki, kəndimizin üzünü görmürəm, ondan uzaq düşmüşəm. Bununla da sanki ruhumuz ölüb, köhnəlib.

Hərdən ermənilər sosial şəbəkələrdə, mətbu orqanlarında bizim kəndimizin, Kəlbəcərin görüntülərini yayırlar. Həmin görüntülərə baxanda insanın bədənində qan donur. Həmin hissləri sözlə ifadə etmək olmur... İnsanın doğulub-böyüdüyü kəndə 25 il ayaq basa bilməməsi, sözün əsl mənasında faciədir. Ermənilər  təkcə bizim yurd-yuvamızı işğal etməyib, həm də mənim və mənim kimi insanların uşaqlıq xatirələrini işğal edib, biz ona da qayıda bilmirik...“

 

Modern.az saytının rəhbəri Elşad Eyvazlı: “Kəlbəcərlə bağlı nəsə soruşsalar, günlərlə danışaram, bəs etməz... Amma yenə də deyirəm, Kəlbəcərsiz keçən 25 il sanki bir saatdan da az zamandır. Evimiz gözümün önündən kino lenti kimi keçir. Həyətimiz, qonum-qonşu, uşaqlıq illəri... Kəndimizin yaşlı adamları... Yollar, məktəbimiz, müəllimlərimiz... Hər birinin öz dadı, öz rəngi var idi... Həyat o zaman nə mənalı imiş... İndinin özündə də adam əzab çəkə-çəkə, qovrula-qovrula o kəndimizdəki xatirələrin şirinliyində xumarlanmaq istəyir.

Birdən adam kəndi elə istəyir ki, sözün həqiqi mənasında burnunun ucu göynəyir... Burnun ucu göynəmək buna deyirlər. Evimizdən yüz metr o yana bir cığır var idi. Yaxın dostlarla ta uşaqlıqdan Kəlbəcər işğal olunana kimi  bütün xoş günlərimiz o cığırda keçib. Orada oynardıq, yeyərdik, içərdik. Biri evdən pendir gətirərdi, o biri çörək, biri başqa nəsə...  Həmin cığırda oturub söhbət edə-edə pendir-çörəyimizi yeyərdik. O cığırda, o dostlarla yediyim pendir-çörəyin dadını bu gün də heç nə əvəz eləmir. Yuxularda tez-tez o cığırı görürəm. Evimizi, uşaq vaxtı yatdığım çarpayını görürəm. Kəndimizin özünü görürəm. Amma indi çox güman həmin kənddən bir əsər-əlamət qalmayıb.

Kol-kosun basdığı xarabalığa çevrilib. Düşünürəm ki, o kənd hər şeyin acığına özü özünü o cür xarabalığa çevirib.

Oranın qəbiristanlığında mənim çox yaxın qohumlarım uyuyur. O kəndin keşiyini indi həmin qəbiristanlıqdakı ruhlar çəkir. Bizim kimi dirilərdən, onlar kimi ölülər daha xoşbəxtdirlər...“

 

Jurnalist Naibə Qurbanova doğulub-böyüdüyü Cəbrayıl rayonunun Sədi kəndi haqqında təəssüratlarını bu cür bölüşür: “13 yaşıma qədər o kənddə böyümüşəm. 1993-cü ildə məlum hadisəyə görə kəndimizi tərk etməli olmuşuq. Bəzi siyasi hadisələr, məcburi köçkünlərin taleyi üzərindən aparılan alver, iyrəncliklər onlara olan münasibəti də dəyişdi. Çoxlarına elə gəlir ki, biz burada torpağımızı unutmuşuq, daha qayıtmaq istəmirik. Ona görə də bu mövzuda bir kəlmə deyən kimi, reaksiyalardan qeyri-səmimi münasibəti hiss etməyə bilmirsən. Ona görə bu mövzuda çox vaxt susuram. Bu elə yanğıdır ki, səssiz çəkilir. Kəndimizlə bağlı heç vaxt kədərli düşünə bilmirəm. Xatırlayan kimi nəsə qəribə rahatlıq tapıram. Ola bilər ki, bu ömrümün ən gözəl illərinin kəndimizlə bağlı olmasından irəli gəlir.

Ən çox bayram günləri yadımıza düşür. Hər fəsil dəyişəndə ağlımdan keçir - görəsən, indi bizdə də qar yağır? Bizdə də gün çıxıb... Bizdə də yağışlıdır. Bir də yayda kökü kəndə bağlı olanlar öz yurdlarına gedəndə qəribə nisgil çökür adama.

Kəndin yüksək təpəsinə qalxıb oradan Araz çayına baxırdıq. Axşamtərəfi gün batanda çaya gün düşürdü uzaqdan ilana oxşayırdı Araza. Sərhəddə yaxın İran kəndlərinin həyatı bizə elə maraqlı gəlirdi ki. Geyimdən tutmuş, yaşayış tərzinə qədər çox fərqli idik onlardan. İndi İrana gedəndən gedənə o taydan bu taya baxırıq. Amma nə o tay bizimdi, nə də bu tay. Dəhşətli hissdir. Ötən il anamla İrandaydıq, oradan Naxçıvana gedəndə sürücü dedi ki indi sizin torpaqları görəcəyik, baxmaq istəyirsizsə maşını saxlayım. Bildim ki, anam görsə halı dəyişəcək, dedim yox, saxlamayın. Birdən anam Xudafərin körpüsünü görüncə necə hönkürdüsə dedim saxlayın düşək, uzaqdan da olsa baxaq. O mənzərəni heç bir sözlə ifadə edə bilmərəm. Anam doğulduğu torpağa toxunsun deyə az qalırdı özünü Araza ata. Torpaqsızlıq ağrısını biz hələ neçə nəsillərə ötürəcəyik. Bu itkinin vurduğu mənəvi, psixoloji yaralar çətin sağala...“

 

Sonda “Yeni Müsavat” qəzetinin redaktoru Nazim Sabiroğlunun bir müddət bundan əvvəl mətbuatda Şuşa ilə bağlı olan  dediklərini təqdim edirik:

“İnsan ən xoşbəxt günündə belə özünü tam hiss etmir. Qaçqınlığın ruhumuza vurduğu ən böyük zərbə budur.  Fikirləşirəm ki, həyatımda nəsə çatmır. Əlimi cibimə atıram görürəm xərcliyim var, normal yaşam şəraitim, işim var, amma nəsə çatmır. Bu nəsəni çox fikirləşmədən bilmirəm ki, bəli, həyatımda məhz Şuşa çatmır. Şuşasız nə jurnalistikam tamdır, nə ruhum... Ümumiyyətlə, Şuşasız Azərbaycan tam deyil, yarıdır. Əvvəllər Azərbaycan  jurnalistlərinin Dağlıq Qarabağa səfərləri olurdu və onlar orada gördükləri barədə təəssüratlarını yazırdılar. Allah mənə o günü nəsib eləməsin ki, erməni tapdağında olan Şuşaya Bakıdan jurnalist kimi gedim və qayıdanda ora barədə nəsə yazım. Şuşaya gedərəm, çataram, amma oradan qayıdıb hər hansı yazı yaza bilmərəm. Buna ürəkmi dözər...”

Xalidə GƏRAY,
Musavat.com

 

12:44