Ermənilər Şirazlı kənd qəbiristanlığını dağıdaraq onun üzərində kilsə inşa ediblər - Tədqiqat

2022-ci ildə Ermənistanın Ararat mərzinin Vosketap kəndində istifadəyə verilən erməni kilsəsi azərbaycanlılara məxsus Şirazlı kənd qəbiristanlığının məhv edilməsindən sonra onun üzərində inşa edilib. Söhbət 1988-ci il mayın 11-dən başlayaraq kənd əhalisinin indiki Ermənistan - Türkiyə sərhədinə qovulmasından sonra dağıdılan ozamankı Ararat rayonu (Vedi rayonu) Şirazlı kəndindən və onun qəbiristanlığından gedir.

Qəbiristanlıq hərbi-topoqrafik xəritələrdə hələ 1896-1899-cu illərdə hazırlanıb, daha sonra 1913-cü ildə əlavələr edilib və ən son 1918-ci ildə nəşr edilmiş 1:84000 (verst) miqyaslı məxfi xəritədə "Маг." yəni, müsəlman qəbiristanlığı kimi qeyd edilib. Qəbiristanlıq Sovet hərbi-topoqrafik xəritələrindən Hərbi-Topoqrafik İdarənin 1931-ci ilə aid 1:42000 (verst) miqyaslı məxfi xəritəsinə də eyni cür qeyd edilib. Sonrakı dövrlərə aid Sovet İttifaqının Baş Qərargahı tərəfindən 1981-ci ildə nəşr edilən 1:50000 və 1:100000 miqyaslı xəritələrdə də qeyd edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun baş mütəxəssisi Səbuhi Hüseynov məlumat verib.

Onun sözlərinə görə, XIX-XX əsrlərdə Şirazlı kəndinin azərbaycanlı əhalisinin qəbiristanlığı olan bu ərazi 1988-ci ildə yerli əhalinin kənddən qovulmasından sonra dağıdılıb. Səbuhi Hüseynov əlavə edib: “Biz bu dağıntını peyk görüntülərinin göstərdiyi sübutlarla tədqiq etmək istədik. Peyk görüntülərindən ABŞ Geoloji Tədqiqatlar Xidmətinin arxivində saxlanılan 1973-cü il KH-9 Hexagon peykinin görüntülərinin Coğrafi İnformasiya Sistemində georeferensiyası sayəsində qəbiristanlığın ərazisini hesablamaq mümkün oldu. Qəbiristanlığın ətrafı ağaclarla çevrələnib və 1,98 hektar (19858 kvadratmetr) ərazini əhatə edib. Yenə həmin arxivdən əldə etdiyimiz 1980-ci il 3 iyul tarixli KH-9 Hexagon peykinin görüntülərinə görə, qəbiristanlıq ərazisi dəyişməz qalıb. 1988-ci il mayın 11-dən başlayaraq kəndin azərbaycanlı əhalisinə qarşı qırğınlar törədilib, evləri yandırılıb və yağmalanıb. Kəndi tərk edən əhali indiki Ermənistan-Türkiyə sərhədində neytral əraziyə qaçaraq orada gözləməli olub. Bir müddət sonra isə əhali Naxçıvana və oradan da Azərbaycanın digər ərazilərinə gətirilib”.

Tədqiqatçı bildirib ki, əhalisi qovulan kəndə yerləşən ermənilər əvvəlcə kəndin adını dəyişərək 1991-ci ildə Vosketap ediblər. Sonrakı illərdə isə Ermənistan artıq azərbaycanlılara məxsus kəndin maddi-mədəni irsinin silinməsi siyasətinə start verib. İlk yerdə isə kəndin müsəlman qəbiristanlığı hədəf seçilib. Burada təqdim etdiyimiz 1980-ci il KH-9 Hexagon peyk görüntüsü ilə 2003-cü il Landsat peyk görüntüsünün müqayisəli təhlili onu deməyə əsas verir ki, bütün qəbiristanlıq 2003-cü ilə qədər hələ ki, müəyyən edə bilmədiyimiz bir tarixdə (peyk görüntüləri 2003-cü ildən görüntü imkanı verdiyinə görə) onun bütün ərazisi (1.98 hektar) tamamilə yer üzündən silinib, ağır texnikalarla yeri hamarlanıb və yerində bağ salınıb.

“2013-cü ildə erməni kilsəsinin Ararat yeparxiyasının yepiskopunun Şirazlı kəndinin müsəlman qəbiristanlığının təmizlənmiş ərazisində kilsənin təməlqoyma mərasimini keçirib. Kilsənin inşası 9 il çəkib və 2022-ci ildə yeparxiyanın yepiskopu Gevorq Saroyan tərəfindən kilsə təqdis mərasimi ilə ziyarətə açıq elan edilib. Bununla da istər erməni kilsəsi, istərsə də Ermənistan dövləti özünün əsl mahiyyətini ortaya qoyub”, - deyə Səbuhi Hüseynov vurğulayıb.

 

Xudaferin.eu

16:48