Ermənilər bizi etnik düşmənçilik və zorakılıq müstəvisinə çəkə bilər

“ABŞ və bəzi Avropa ölkələrində azğınlaşmış erməni dəstələrinin azərbaycanlılara vəhşicəsinə hücum edərək onları döymələri, zor tətbiq edərək xəsarət yetirmələri ermənilərin mənfur xislətini bir daha ortaya qoydu”. 

Bu fikirləri Milli Məclisin sabiq deputatı, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli İlkxeber.org-un əməkdaşı ilə söhbətində səsləndirib.

Q.Əlibəylinin fikrincə, Azərbaycan türklərinə qarşı ermənilərin bir əsrdən artıq bir müddətdə davam edən soyqırım siyasətinin tərkib hissəsi kimi nəzərdən keçirilməlidir: 

“Xarici İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun çevik reaksiyası bu vəhşiliyin dünya birliyi tərəfindən adekvat qiymətləndirilməsi üçün əhəmiyyətli olsa da, bütövlükdə dövlət və cəmiyyət səviyyəsində aktiv fəaliyyətin həyata keçirilməsi məqsədilə tədbirlərin görülməsi vacibdir”.

Partiya sədrinə görə, bu işdə siyasi mənsubiyyətindən və iqtidara münasibətindən asılı olmayaraq bütün siyasi qüvvələrin bir araya gələrək əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsi vacibdir. Eyni zamanda vətəndaş cəmiyyəti institutları, xüsusən də hüquq müdafiə təşkilatları daha səmərəli fəaliyyət göstərə bilər. Lakin emosiyalara qapılaraq təxribatçılara eyni zorakı üsullarla cavab verilməsi yolverilməzdir və bütün dünyada ermənilərin daha həyasız təxribatları ilə üzləşə bilərik.

Ona görə də sabiq deputat hesab edir ki, erməni vəhşiliklərinin törədildiyi və törədiləcəyi ehtimalı olan yerlərdə hüquqmühafizə və digər dövlət orqanlarına müraciət edilməsi, o cümlədən səfirlik və konsulluqlar vasitəsilə rəsmi müraciət edilməsi daha məqsədəuyğundur. “Ermənilərin bizi bütün dünyada etnik düşmənçilik və zorakılıq müstəvisinə çəkməsinə imkan verməməliyik”-deyə partiya sədri fikrini tamamlayıb.

15:24