Erməni XİN rəhbəri niyə Lavrovla görüşə gedir?

İstisna deyil ki, Sergey Lavrov erməni həmkarı ilə Moskvada keçirəcəyi görüşdə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü barədə razılaşacaqlar. 

Bu sözləri Oxu.Az-a açıqlamasında “Cənub Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə Ermənistan xarici işlər nazirinin Rusiyaya səfərini şərh edərkən deyib.

“Güman etmək olar ki, söhbət bütünlükdə tanışlıq səfərindən gedir. Bu səfər zamanı müxtəlif məsələlərin, o cümlədən Dağlıq Qarabağ probleminin həllinin müzakirəsi nəzərdə tutulur”, - o qeyd edib. 

Ekspert deyib ki, Mnatsakanyanın Rusiyaya səfərindən əvvəl Paşinyan Gürcüstana gedib: 

“Paşinyanı hazırda Rusiya və Ermənistan arasında Gürcüstandan keçəcək yeni tranzit yolunun açılışı maraqlandırır. Ona görə istisna deyil ki, tərəflər regional siyasətlə bağlı fikir mübadiləsi aparacaqlar. 

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində danışıqlar prosesinin müzakirəsinə gəlincə isə, Mxatsakanyan danışıqların spesifikasını bilir, ancaq heç vaxt orada iştirak etməyib”, - İ.Vəlizadə bildirib. 

Politoloqun fikrincə, Lavrov erməni həmkarını danışıqların bu mərhələsinin detalları, Rusiyanın bu məsələnin nizamlanmasında mövqeyi və digər məsələlərlə tanış edəcək. 

“Düşünmürəm ki, tərəflər hansısa konkret addım atacaqlar. İstisna deyil ki, görüşdə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü razılaşdırılacaq”, - ekspert əlavə edib. 

Qeyd edək ki, Lavrov və Mnatsakanyan görüşü iyunun 7-də keçiriləcək. 

Oxu.az

19:58