Erməni vəhşiliyini bütün dünyada ifşa etməliyik

Brüssel və Los Ancelesdə azğınlaşmış erməni dəstələrinin soydaşlarımızı təkləyərək vəhşicəsinə döymələri hamımızı hiddətləndirib. Əslində bizim üçün bu vəhşilik və qəddarlıq yeni xəbər deyil. Biz azğınlaşmış erməni dəstələrinin törətdiyi Xocalı soyqırımını, Bakıdakı mart qırğınlarını unutmamışıq. Ancaq bu dəfə onlar bu vəhşiliyin bir qismini bütün dünyanın gözü qarşısında etdilər. İndi Xarici İşlər Nazirliyi bu vəhşiliyin dünya birliyi tərəfindən adekvat qiymətləndirilməsi üçün səfərbər olmalı, dövlət səviyyəsində aktiv iş aparılmalıdır.
Əziz həmvətənlər, dünyanın hər yerində daha yaxşı təşkilatlanıb özümüzü, bir birimizi qorumağı bacarmalıyıq. Qəddar zorakılıqdan mütəşəkkil qaydada qorunmaq haqqımızdır. Lakin biz heç bir halda erməni qruplarının etdiyi vəhşiliyi etməməliyik. Biz də eynisini etsək, onlar informasiya və təbliğat işində bizdən öndə olduqları üçün bizim torətdiyimiz zorakıliqları dünyaya daha yaxşı yayacaqlar. Belədə biz haqlı ikən haqsız duruma düşə bilərik. Bizim mübarizəmiz işğal olunmuş Azərbaycan torpaqlarını azad etmək, təcavüzkar Ermənistanın beynəlxalq hüququ tapdayaraq işğal etdiyi Qarabağı azad etmək uğrundadır. İmkan verməməliyik ki, bizi bütün dünya boyunca etnik düşmənçilik müstəvisinə çəksinlər. Bu bizə yox, təcavüzkara lazımdır. Həm də o səviyyəyə enmək mənəvi baxımdan bizə yaraşmaz. Unutmayaq ki, Qarabağın taleyi yalnız Qarabağ uğrunda Azərbaycan dövlətinin aparacağı savaş və uğurlu diplomatiya ilə həll oluna bilər. Hələliksə Bakıda Qarabağ hayqıran vətənpərvər insanlara divan tutulur. Qarabağsevərlər Bakıda da fiziki zorakılığa və işgəncəyə məruz qalır.
Baxmayaraq ki, ilk dəqiqələrindən dövlətimizin və ordumuzun yanında olduğumuzu bəyan etmisik, 14 iyul Qarabağ mitinqinə fərdi şəkildə qoşulmuş AXCP üzvlərinin heç biri təxribata və zorakılığa yol verməyib, həmin mitinqi bəhanə edərək artıq 20 nəfərdən çox AXCP üzvünü həbs ediblər. Həbs olunan cəbhəçilərin arasında partiya Rəyasət Heyətinin 4 nəfər üzvü də var. Onlardan Asif Yusifli, Ayaz Məhərrəmli, Bəxtiyar İmanova digərləri ilə birlikdə cinayət işi açılıb. Dünən isə Fuad Qəhrəmanlı həbs olinub. Bu günə qədər 12 nəfər AXCP fəalına cinayət ittihamının elan edildiyi haqda məlumat var. Ancaq rəqəmlər hər gün artır. Onu da nəzərə almaq lazımdır ki, həbs olunan fəalların xeylisi heç həmin mitinqdə iştirak belə etməyiblər. Həbs olunanlarla vəkillərin görüsünə imkan verilmir. Onların bir çoxuna ağır isgəncələrin verildiyi haqda məlumatlar yayılıb.
Vəhşiləşmiş erməni qruplarının səviyyəsinə enmədən özünüzü, bir-birinizi qoruyun. Bu məqsədlə yaşadığınız ölkənin hüquqi mexanizmlərindən də bacarıqla istifadə edin. Ən başlıcası, təşkilatlanın. Və unutmayın: Qarabağın azadlığı həm də Tofiq Yaqublu, Asif Yusifli, Babək Həsənov, Saleh Rüstəmli kimi hazırda siyasi məhbus həyatı yaşayan Qarabağ qəhrəmanlarının azadlığından keçir. 14 iyul möhtəşəm Qarabağ mitinqində məqsədli törədilmiş təxribat bəhanəsilə həbs edilən vətənpərvərlərin, Qarabağsevərlərin azadlığından keçir.
Azərbaycan cəmiyyətinin bir çox tanınmışları, ictimai-siyasi xadimləri birgə bəyanat yayaraq, Xalq Cəbhəsinə, Qarabağsevər, vətənpərvər insanlara qarşı aparılan bu repressiyaya kəskin etiraz bildiriblər. Xalqımızın sınağa çəkildiyi bu günlərdə mövqe bildirən, ədalətsizliyə, haqsızlığa susmayan hər bir ictimai-siyasi xadimə və vətəndaşımıza təsəkkür edirəm. Fürsətdən istifadə edib hamınızı Qarabağ, vətənpərvərlik və həm də Qarabağsevərləri dardan qurtarmaq uğrunda birgə mübarizəyə səsləyirəm.

P.S Bu müraciət xudaferin.eu elektron poçtuna göndərilib və çap olunamsı xaiş olunub...

18:28