Erməni inqilabı, 12 may mitinqi və Qarabağ

“…Qarabağı geri almaq sizə asan olmayacaq. Azərbaycanın siması ilbəil pisə doğru dəyişir. Avtoritarizmə yönəlik hər addım sizi Qarabağdan uzaqlaşdırır. Demokratik ölkə qura bilməsəniz kimsə orada yaşamaq istəməyəcək. Beynəlxalq ictimaiyyət sizi dəstəkləməyəcək”.
Bu sözləri ötən il bir avropalı jurnalist dostum demişdi. Onunla görüş təəssüratımı “Solovyov, Petruşka və acı Qarabağ həqiqəti” yazısında yazmışam, ürək ağrısıyla.

***

Dünən erməni xalqı bütün dünyaya öz iradəsini nümayiş etdirdi – demokratiya mücadiləsində istəyinə çatdı!

Serj Sarkisyanın istefasına nail olan ermənilərin 11 günlük etiraz hərəkatı indi onları dünyanın gözündə azadlıq, ədalət, demokratiya yolunda mübariz xalqa çevirdi.

Bu o deməkdi ki, Ermənistanda baş verən məxməri inqilab bizi Qarabağdan daha da uzaqlaşdıracaq!

Tərəqqipərvər dünya heç vaxt demokratik ölkəni qoyub Qarabağı hüquqların pozulduğu, azadlıqların tapdandığı ölkəyə qaytarmağa razılıq verməyəcək!

Müstəqillik qazanandan bəri ermənilərin də, bizim də apardığımız iki davamız var – Qarabağ və demokratiya. Bu gün ermənilər hər iki davada qalib, bizsə məğlub durumdayıq.

2003-cü ildə Gürcüstan, 2004 də Ukrayna, 2005 də Qırğızıstan rəngli inqilablarının canlı şahidi kimi eyforiya yaşayanlara qoşulmuş, sonrakı illərdə bu inqilabların gətirdiyi xoş dəyişikliklərlə yanaşı bəlaları da izləyən biri kimi Ermənistandakı bu hərəkatın onlara xoşbəxtlik gətirəcəyini bilmirəm.

Amma bir şeyi dəqiq bilirəm ki, 11 günlük etiraz mitinqləri “Qarabağ” hərəkatı dalğasında hakimiyyətə gəlmiş 25 illik bir klanın başçısına “Get!” deyib taxtdan salmağa gücü çatan insanlarda özünəinam, ləyaqət hissini kəlləçarx edəcək.

***

Qarabağ Azadlıq Təşkilatı mayın 12-də – alçaldıcı Bişkek protokolunu imzaladığımız gün –Qarabağın azad edilməsi tələbiylə mitinq planlayır. Belə bir ümumxalq mitinqini mən də istəyirəm.

Amma məni eşitsəydilər təşəbbüskarlara bir-iki söz deyərdim: Ən azı 100 min adam toplanmayacaqsa, bu mitinqi keçirməyin! 5-10 min adamın “Məhsul” stadionunda “Qarabağ” tələb etməsi tələyə düşmək olar.

3 milyonluq Ermənistanda 100 min etirazçı xirtdəyədək korrupsiyaya bulaşmış Qarabağ qaliblərini hakimiyyətdən saldığı bir zamanda 10 milyonluq Azərbaycan görüntü xatirinə, icazəli, razılaşdırılmış “Qarabağ” mitinqinə 5-10 minlə çıxmasın!

Mənim hakimiyyətdəkilərə belim bağlı deyil, inanmıram, etibar eləmirəm! Sabah Qarabağ məsələsinin de-yuri həlli gündəmə gələndə 25 ildə 25 evlik bir kəndi belə azad edə bilməyənlər bizi fakt qarşısında qoyar – “Xalq Qarabağı istəmir!”, deyər!

Bunu dünya da görər, erməni də. Ən dəhşətlisi – olan-qalan ümidimiz, inamımız sarsılar.

Qarabağı ermənidən yox, öz hakimiyyətindən tələb edəcəksən! Qarabağa yol Bakıdan keçir, amma “Məhsul” stadionundan yox!

***

Unutmayaq ki, indi bizim qarşımızda 25 il “Qarabağ klanı”na müticəsinə boyun əyən erməni xalqı yox, azadlıq, ədalət, demokratiya tələbiylə bu klanı hakimiyyətdən salan özünə inamlı, ləyaqəti hissini bərpa etmiş bir xalq var.

Qarabağı belə xalqdan geri almalıyıq!

Vahid Qazi

13:45