Emmanuel Makronun qərəzinin arxasında hansı səbəblər durur?

Fransa Prezidenti Emmanuel Makronun Azərbaycana qarşı qərəzli mövqe tutmasının şübhəsiz ki, bu ölkədəki güclü erməni lobbisi ilə birbaşa əlaqəsi var. Ötən əsrin əvvəllərində baş verən oktyabr inqilabından sonra çar Rusiyasının əyalətlərində yaşayan varlı ermənilər Fransaya köçərək mənsəb sahibləri olublar. Fransa siyasətçiləri hər dəfə seçkilər yaxınlaşanda ermənilərə “pay” verib onların səslərini alırlar. Bu proses indiyədək davam edir. Lakin artıq dünya dəyişib və “Dənizdən-dənizə böyük Ermənistan” ideyası artıq avantüraya çevrilib. Artıq quru vədlər, ideyalardan ibarət “payı” erməni lobbisi qəbul etmir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdi. Dünya birliyi də rəsmi Bakının mövqeyini dəstəklədi. Belə bir vəziyyətdə Makron seçicilərinin üzünə baxmağa utandı və Azərbaycana qarşı qərəzli mövqeyi ilə simasını qorumağa cəhd etdi.

Lakin məsələ yalnız bununla bitmir. Fransa Prezidenti hakimiyyətdə olduğu illərdə ölkəsinin beynəlxalq aləmdəki nüfuzunu da qoruyub saxlaya bilmədi. Fransa bütün qlobal siyasi proseslərdən kənarda qaldı. Bunun bir səbəbi Fransanın keçmişdə qatı müstəmləkəçilik siyasəti yürütməsi ilə bağlıdırsa, digər səbəbi də Makronun bacarıqsızlığıdır.

Uzun illər boyu ATƏT-in Minsk qrupuna həmsədrlik edən Fransa Qarabağa ədalət gətirə bilmədi və bu məsələ ilə siyasi manipulyasiya edərək, dünyada qlobal güc kimi qalmağa çalışdı. Lakin dünyada yaşanan yeni siyasi proseslər Fransanın manevr imkanlarını da zəiflətdi. Türkiyə Fransanın Liviyaya və Suriyaya müdaxiləsinə imkan vermədi. Ardınca Maliyə soxulmaq istəyən Fransa Böyük Britaniyanın müqaviməti ilə rastlaşdı. Daha sonra Avstraliya ilə 2020-ci ildə müqavilə imzalayaraq sualtı gəmilər istehsalına başladı ki, buna da ABŞ imkan vermədi. Bütün bunlar da Prezident Makronun hakimiyyətdə olduğu dövrdə baş verdi ki, bu da onun siyasi nüfuzunu, necə deyərlər, yerlə bir etdi.

Münxen Təhlükəsizlik Konfransında Makronun Azərbaycana qarşı qərəzli çıxışı da onun ermənilərə və Cənubu Qafqaza sülh gətirmək istəyindən irəli gəlmir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, o, revanş edib Fransanı qlobal siyasi proseslərin iştirakçısına çevirməyə cəhd edir və Ermənistanın regionda sülh yaratma prosesinə mane olmasını dəstəkləyir. Lakin bu siyasətin də sonu puç olacaq. Çünki Avropa təkcə Fransadan ibarət deyil. Avropa dövlətləri indi Azərbaycan ilə əməkdaşlığa daha çox can atır və regionda sülhün tezliklə bərqərar olması istiqamətində fəaliyyət göstərirlər. Bunu Prezident İlham Əliyevin baş nazir Nikol Paşinyan ilə debatı da sübuta yetirdi. İşğalçılıq siyasətinə haqq qazandıra bilməyən Ermənistanın baş naziri kontekstdən çıxmaq məcburiyyətində qaldı və Avropanın siyasi elitası İrəvanın və Parisin hansı məqsədlərə nail olmaq istədiklərini aydın şəkildə anladı: Ermənistan prosesi uzadıb Avropadan maliyyə qoparmağa, Fransa isə erməniləri dəstəkləyib qlobal siyasətdə varlığını göstərməyi planlaşdırır.

Xudaferin.eu

17:10