Elxan Şahinoğlu: “ABŞ-ın Azərbaycandakı səfiri XİN-ə çağırılaraq, izahat istənilməlidir"

Politoloqdan Amerikadan Azərbaycan əleyhinə olan prosesə sərt mövqe; “Səfir bu haqda Dövlət Departamentini məlumatlandırmalıdır, əks halda...”

Azərbaycanın işğal olunmuş ərazilərində mina təmizləmə adı altında ABŞ-ın “HALO Trust” təşkilatı vasitəsilə Ermənistana və qanunsuz rejimə dəstək göstərilməsi faktı ortaya çıxıb. Xəbər verdiyimiz kimi, təşkilatın Dağlıq Qarabağda Azərbaycandan razılıq almadan iş apardığı, hesabatlarında isə Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi deyil, ayrıca qurum, bəzi yerlərdə hətta ölkə kimi təqdim edilməsi faktı var.

Özünün elan etdiyi kimi, “HALO Trust” işğal altında olan ərazilərimizdə “humanitar” minatəmizləmə fəaliyyəti ilə məşğul olan yeganə təşkilatdır. Məlum olduğu kimi “HALO Trust” Birləşmiş Krallıqda xeyriyyə təşkilatı statusunda qeydiyyata alınmış özəl təşkilatdır. “HALO Trust”-da çalışan şəxslərin mütləq əksəriyyəti keçmiş hərbçilərdir.

“HALO Trust” ötən ilin mart ayında 2017-ci il üzrə hesabatını yayıb. Bu hesabatda onun hansı ərazilərdə fəaliyyət göstərdiyi və bu fəaliyyətin bəzi detalları barədə məlumatlar əks olunub. Hesabatda təşkilatın Dağlıq Qarabağ bölgəsində fəaliyyətinə ayrıca hissə həsr olunub. Təşkilatın ölkəmizin ərazilərində fəaliyyətinin hansı dövlətlər tərəfindən maliyyələşdirildiyi hesabatda göstərilmir (hesabatda bu fəaliyyətə ayrılan vəsaitin “qapalı” olduğu göstərilir).

“HALO Trust” ABŞ tərəfindən maliyyələşdirildiyi halda, Azərbaycanın işğal olunmuş ərazilərindəki fəaliyyəti barədə Azərbaycan hökumətindən icazə almır və fəaliyyətinin nəticəsi barədə hesabat vermir.

Vacib məqam kimi qeyd edək ki, ABŞ tərəfi də maliyyələşməni yalnız keçmiş DQMV inzibati hüdudları çərçivəsində minatəmizləmə fəaliyyətinə ayırır və hazırda təmizlənmə işlərinin yekunlaşdığı bəyan edilən 97,6% rəqəmi məhz bu bölgəyə aiddir İndi məlum məqam ondan ibarətdir ki, “HALO Trust”, erməni lobbiçiləri və onların Konqresdəki tərəfdarları ABŞ tərəfindən ətraf rayonların da maliyyləşdirilməsinə nail olmaq üçün ciddi səylər göstərir (sənədlərdə minalanmış məkanların 62%-nin məhz bu ərazilərdə yerləşdiyi göstərilir). ABŞ tərəfi mövqeyinin humanitar əsaslara söykəndiyini iddia edərək, mina təmizləmə işlərinin DQMV-də yaşayan insanların təhlükəsizliyi üçün etdiyini bildirir. Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi ətrafında işğal edilmiş ərazilərdə insanlar yaşamır, həmin ərazilərdə mina təmizləmə işlərinə ABŞ tərəfindən maliyyə yardımının ayrılması işğal olunmuş ərazilərin ilhaqına (anneksiya) xidmət edən addım kimi qəbul oluna bilər.

Qeyd edək ki, əks olunan texniki məlumatlar ilə yanaşı, “HALO Trust”ın hesabatında ölkəmizin ərazi bütövlüyünə qarşı birbaşa təhrifedici ifadələr yer alıb. Belə ki, hesabatda Dağlıq Qarabağ bölgəsi ayrıca subyekt kimi və bəzi yerlərdə “ölkə” kimi, işğal olunmuş ətraf rayonlar isə “Dağlıq Qarabağ tərəfindən nəzarət olunan, lakin onun Sovet sərhədlərindən kənarda yerləşən ərazilər” təqdim olunur. “HALO Trust” təşkilatı vasitəsilə Ermənistana və qanunsuz rejimə dəstək göstərilməsi ciddi suallar doğurur. Azərbaycan bu məsələ ilə bağlı hansı addımları atmalıdır?

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, ABŞ yaxşı halda dostlarını incik salır, pis halda isə itirir. Artıq Türkiyəni itirilmiş dostlar siyahısına aid etmək olar: “Amerikanın hansısa təşkilatının Azərbaycanın icazəsi olmadan işğal altındakı torpaqlarda minatəmizləmə işinə başlaması da ikitərəfli münasibətlərə xoş olmayan addımdır: ”Üstəgəl, Dağlıq Qarabağı müstəqil subyekt kimi göstərmələri də Ermənistana dəstəkdən başqa bir şey deyil. İstisna etmirəm ki, bu işin içində Amerikadakı erməni lobbisi dayanır. Məhz onların səyi nəticəsində ABŞ şirkəti Dağlıq Qarabağda iş aparır. Ancaq əgər bu versiyanı qəbul etsək belə, Amerikanın dövlət strukturları işə qarışmalıydı. Ona görə də ABŞ-ın Azərbaycandakı səfiri XİN-ə çağırılaraq ondan izahat istənilməlidir. Səfir də bu haqda Dövlət Departamentini məlumatlandırmalıdır. Əks halda, Dövlət Departamentinə siqnallar göndərməliyik ki, belə gedişat iki ölkə arasındakı münasibətləri soyudacaq".

Elxan Şahinoğlu məlumat verdi ki, ABŞ-da Azərbaycan əleyhinə daha bir addım bugünlərdə atılıb: “Dövlət Departamentinin ”terror təhlükəsi qarşısında Azərbaycana getməyin" məsləhətinin ardınca indi də xəbər gəlib ki, Konqres nümayəndələrinə “ABŞ-Artsax: səfərlər və təmaslar” adlı sənəd paylanıb. Sənədin müəllifi qatı ermənipərəst konqresmen Frenk Pallonedir. O, həmin sənəddə Vaşinqtonu Dağlıq Qarabağı rəsmən tanımağa və separatçılarla birbaşa təmas qurmağa çağırıb. Pallone tək deyil, onu dəstəkləyən başqa konqresmenlər də var və həmin konqresmenlər tez-tez Dağlıq Qarabağa səfər edirlər. Əlbəttə, bu sənədin Konqresdə qəbul olunacağı şübhə doğurur, ancaq bu sənədin Konqresdə müzakirəsi belə doğru deyil. Dövlət Departamenti bu cür konqresmenlərə ABŞ-ın dövlət və təhlükəsizlik maraqlarını izah etməlidir ki, Vaşinqton Rusiyanın bölgədəki forpostu Ermənistana dəstək verə bilməz, Azərbaycan bir çox məsələdə Vaşinqtonla əməkdaşlıq edir və s. ABŞ konqresmenlərindən birinin də ağlına gəlməz ki, Abxaziya, Cənubi Osetiya, Dnestr və ya Donbass separatçılarına dəstək versin, ora səfərlər etsinlər, çünki anlayırlar ki, bu bölgələr Rusiyanın nəzarətindədir və bu Amerikanın maraqlarına ziddir. Amerikalı bir qrup konqresmenin Dağlıq Qarabağı digər separatçılardan ayrı tutması ikili standartın bariz nümunəsidir".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

10:05