Elnaz Kərimpur: “Bütöv Azərbaycan musiqisi qürur mənbəyimizdir”

Elnaz Kərimpur əslən Güney Azərbaycanın başkəndi Təbrizdəndir. Hal-hazırda ABŞ-ın Nyu Mexiko ştatında yaşayır. “Edmonds Community College”də təhsilini alıb. Bununla yanaşı, qürbətdə Azərbaycan musiqiçisi kimi də tanınır. Onun tarda olan ifası demək olar ki, sadəcə soydaşlaırmız deyil, həm də ameriaklı sənətsevərlərin böyük marağına səbəb olmuşdur. O, Amerika qitəsində hər il keçirilən musiqi festivallarında tarda çaldığı milli musiqimizi geniş şəkildə təmsil edir. Bununla yanaşı, dünya xalqlarının, klassik musiqilərin ifaçısı kimi də sevilir. Elnaz xanım ABŞ-da fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatlarının tədbirlərində fəal şəxslərdən biri kimi çoxları tanınır.

–Elnaz xanım sizin üçün uzaq Amerikada yaşamaq çətin deyil ki?
–Çox çətindir. Hər gecə Təbrizi yuxularımda görürəm. Yaxınlarımı, dostlarımı, Səhənd, Eynal və Zeynal dağlarının mənzərələrinin tablosu yaddaşıma elə həkk olunub ki, bütün bunları unutmaq mümkün deyil.

–Amerikada yaşayan Güney Azərbaycan kökənli soydaşlarımızın bir qədər fərqli şəkildə düşüncə tərzi var. Yəni cəmiyyət müxtəlif ideya və baxışlarına görə bir-birindən çox ayrı düşüb. Bütün bunlar bizlərin vahid millət düşüncə tərzimizin şərtləri içində lazım olan addımlarımızı atmaqda çox böyük çətinliklərə səbəb olur. Sizin fikrinizcə qarşımıza çıxan bu sədləri aşmaq mümkündürmü?
–Nəinki Amerikada, Kanada və Avropa dövlətlərində də durum belədir. Min dəfələrlə təəssüflər olsun ki, uzun illər, yəni pəhləvilərin hakimiyyətdə olduğu dönəmdə “Vahid İran milləti” ideyası adı altında “paniranizm” və “panfarsizm” kimi assimliasiya siyasətinin sonucu olaraq, hələ də bizlərə “etnik azəri” damğası vurulmaqda davam etdirilir. Bizlərə sanki bununla aşağılayıcı tərzdə yanaşılması ideyası hakim rolunda çıxış edir. İrançılıq ideyası ilə dolayı yolla inkar düşüncəsi öz manqurtlarımız tərəfindən daha çox dəstək qazanmaqdadır. Bu ideyanın tərəfdarlarının çox güclü maliyyə mənbələri vardır. Çünki, şahın hakimiyyəti dönəmində milyardlara sahib olan bu zümrənin xaricə dolayı yolla ötürdüyü maliyyə mənbələri onları buna vadar edir. Demək olar Amerikada ən zəngin ailələrin sırasında öndə gedənlərin çoxu bizim milli manqurtlarımızdırlar. Onlar çox nadir hallarda Azərbaycan Türkü olduqlarını etiraf edirlər. Qatı farsçılıq ideyasının xəstəliyinə tutulmuş bu insanların ən çox tərəfdaşları da əbədi düşmənimiz ermənilərdir. Erməni lobbisi bu manqurtların vasitəsilə böyük işlər görürlər. Amerika İranda 37 ildir mövcud olan rejimin demokratikləşməsini, liberal siyasətə üz tutmasını bir şərt olaraq irəli sürüb. Əgər bu proses inkişaf edərsə, o zaman Güney Azərbaycana ən böyük zərbə Qərbdəki maliyyə şəbəkələrinə malik olan manqurtlarımızın bizlərə vuracağı sarsıdıcı zərbələrin miqyası daha dəhşətli olacaq.

–Bəs bu prosesin qarşısını necə almaq olmaq olar?
–Mən adi bir vətəndaş kimi əlimdə milli tarımız Azərbaycan musiqisini təbliğ etməklə bu yolda mübarizəmi aparıram. İstər xalq mahnıları, istərsə də bəstəçilərimizin əsərləri, ya da muğamlarımızı milli tarımızda ifa etməklə, bütün konsertlərdə, kütləvi tədbirlərdə öz ideyalarımı musiqinin dili ilə ifadə edirəm. Bəzən elə olub ki, hansısa musiqi parçasını ifa etdiyim zaman ağlayan insanlar görmüşəm. Əlimdə tar hansısa musiqi parçasını ifa edə-edə özüm də onlara qoşularaq kövrəlmişəm. Çünki, bunun nə demək olduğunu acı qürbət taleyini yaşayanlar çox yaxşı anlayırlar.

–Bəs həmin məqamda kövrələn insanlar daha çox nəyin haqqında düşünürlər?
–Onların demək olar ki, hamısı vətən həsrətini yaşayanlardırlar. Doğulub boya-başa çatdıqları keçmişi xatırlayırlar. Bu elə bir hiss və duyğudur ki, onun resepti yoxdur. Hər bir insanın özünə məxsus forması və çaları var. O duyğular da elə onunla birgə yaranır. Bəzən elə insanlar olub ki, milli musiqimizin təsiri altında həyatının yalnış bir axarda olduğunun fərqinə varmağa başlayıblar. Şəxsən öz qohumlarım arasında çoxlarına rast gəlmişəm. Onlar milli kimliklərini, mənsubiyyətlərini, dəyərlərimizi dərk etdikcə öz həyat yollarının keçmişinə nəzər yetirməyə başlamışlar. Beləliklə də milli kimlik məsələsi artıq onların həyat məramına çevrilib. Manqurtlarımızdan söz açmağına dəyməz. Axı insan nə qədər düşüncəsiz ola bilər ki, bunca milli kimliyini nəinki unutmaq, hətta buna görə bir çoxlarının utandıqlarının şahidi olmuşam. “İranlılıq” adı altında farslaşmanı, “Vahid İran milləti”ni təmsil etdiyini dilə gətirərək bunun üçün mübarizə aparanlar da var. Bax faciə budur. Bu insanlar Türkiyədə etnik bölücülük siyasətinə, hətta terroru müdafiə edən PKK kimi qruplara belə dəstək verirlər. Onların mitinqlərində iştirak edirlər. Bizim tarixi torpaqlarımıza Ermənistanın ərazi iddia etməsini alqışlayırlar. Çünki, ermənilər və farsların eyni mənşəli xalq olduqları haqqında uydurmalarla dolu olan minlərlə məqalə və yüzlərlə kitab oxuyublar.

–Bütün bunları görən bizim soydaşlarımız manqurtlaşmış soydaşlarımız arasında hər hansı bir təbliğatı aparırlarmı?
–Bu mümkün olan şey deyil. Dəfələrlə ana dilini az da olsa bilən, etnik kimliyini anlayan bir çox yaşıdlarımla söhbətlərimiz olub. Onlar milli tariximizi, ədəbiyyatımızı, musiqimizi, və mədəniyyətimizi dərk etmədikləri üçün, nə qədər yalnış yolda olduqlarını anlaya bilmirlər. Mən qarışıq ailələri təmsil edən insanlarda harada suç axtarmıram. Ancaq, yüz faiz bizim millətə mənsub olan və manqurt düşüncəli insanları anlamaqda çox çətinlik çəkirəm. Faktiki olaraq, ABŞ-ın hər bir bölgəsində milli kimliyini tanıyan soydaşlarımız təbii ki, öz təbliğatlarını aparırlar. Hətta bunun üçün panel də təşkil edirlər. Mühazirələr oxuyurlar. Gəncləri öz milli kimliyinə döndərmək, ona sahib çıxmaq üçün əllərindən gələni edirlər. Burada yurd dışında və dünyada haqq səsimizi ucaldan tək efir məkanı isə “GünAz TV” kanalıdır. Nə yaxşı ki, kanalın vasitəsilə ana dilində proqramlarımızı, müxtəlif mövzulu verilişləri izləyə bilirik. Kanal həm də bütöv Azərbaycan məsələsində önəmli rol oynayır.

–Son zamanlar Azərbaycan Respublikasının ordusu erməni işğalına son qoymaq üçün qəti addımlar atmağa başlayıb. Bu məsələ ABŞ-da yaşayan soydaşlarımız arasında necə qarşılandı?
–Biz Amerikaya məxsus informasiya agentliklərinin, TV kanalların, eləcə də Qafqazla bağlı bir sıra politoloqların mülahizələrini diqqətlə izləyirik. Ancaq, əsil həqiqətləri elə Azərbaycan dövlətinə məxsus olan infomasiya mərkəzlərindən təqib etmək daha doğru addımdır. Bu sahədə fikrimcə Azərbaycan hökuməti daha fəal olmalıdır. Ölkəmizlə bağlı mövcud olan “erməni məsələsi”nin tarixi səbəblərini deyil, bu günün gerçəkliklərini üzə çıxartmaq daha doğru olardı. BMT-nin özü Azərbaycanın ərazi bötüvlüyünü tanıması  haqqında 1991-ci ildə qərarı var. Azərbaycanın ərazilərinin işğal olunması ilə bağlı BMT kimi nüfuzlu bir təşkilatın bir sıra qətnamələri mövcuddur. Məhz bu iki fakta əsaslanıb Azərbaycan dövlətinin apardığı atniterror əməliyyatlarına haqq qazandırmaq asandır. Mən nə siyaətçiyəm, nə də hansısa bir siyasi maraqların ətrafında deyiləm. Vətənimlə bağlı həqiqətlərin ortaya qoyulması üçün əlimdən gələni edirəm. Ən azından amerikalı tanışlarım, rəfiqələrim, hətta manqurtlaşmış soydaşlarım arasında Qarabağ həqirətlərini izah etməyə çalışıram. Amerikada yaşayan Azərbaycan və Türk diaspor təşkilatlarının hər il Qarabağ və Azərbaycanın işğal edilmiş əraziləri haqqında kütləvi tədbirlər və yürüşlər keçirirlər. Bu aksiyalara mən və ailəm də qatılırıq. Ötən dəfə Vaşinqtondakı “Xocalı Soyqırımı”nın anım mərasiminə amerikalı rəfiqələrimi də aparmışdım. Onlar bu soyqırım zamanı qətlə yetirilmiş uşaqların fotolarını gördükdə dəhşətə gəlmişdilər. Bu gün həmin rəfiqələrimin ermənilərə olan münasibətləri xeyili dərəcə dəyişib.

–Bəs milli musiqimizə, tar çalğı alətinə olan marağınız haradan yarandı? Axı tarda bizim qadınlar çox nadir hallarda ifaçı kimi məşğul olublar.
–Təbrizdə öz şəxsi vəsaiti ilə Azərbaycan musiqisini və mədəniyyətini yaşadan, məşhur bir insan var. Onu Güney Azərbaycanın hər yerində çox yaxşı tanıyırlar. Bu, Həsən Dəmirçi adı ilə tanınan əsil yurdsevər bir şəxsiyyətdir. Onun Təbrizdə dəmirçixanaları var. Həsən bəy öz şəxsi müəssisələrinin gəliri ilə Milli Çağlı Alətləri Orkestrini yaradıb. Özü də mahir tar ifaçısıdır. Hər ay demək olar ki, bu orkestr Güney Azərbaycanın fərqli bölgələrində milli musiqimizi təbliğ edən konsert proqramları ilə çıxış edir. Mən də uşaq vaxtımdan Həsən bəyin bu yöndəki fəaliyyətlərinin vurğunuyam. Atamla çox yaxından dostdurlar. Elə uşaqlıq çağlarımdan əlimdə tar milli musiqimizi yaşatmaq üçün Həsən bəyin başlatdığı ənənəni davam etdirməyə çalışıram. Bu gün onun tələbələrinin sayının hüdudu yoxdur. Dəfələrlə Tehran rejimi onu həbslərə atıb, işgəncələr verib, ancaq, heç bir zaman öz yolundan dönməyib. O, sadəcə tar ifaçısı deyil. Milli Orkestrimizin yarıdıcı da sayılmır. O, bütün şüurlu həyatı ilə Güney Azərbaycan Milli Davasının önündə örnək olmanın simvoludur. Bizlər də onun davamçıları olaraq, Azərbaycan sevdalısı ideyaların yolçularıyıq.

–Bizə o da bəllidir ki, siz həm də beynəlxalq musiqi festivallarında iştirak edirsiniz. Bu festivallarda necə təqdim olunursunuz?
–Çox yaralı bir mövzuya toxundunuz. Əvvəllər hansısa musiqili tədbirə, festivala və ya başqa bir mərasimə dəvət olunanda məni “Persian music” mədəniyyətinin təmsilçisi kimi təqdim edərdilər. Bütün bunlardan çox-çox sıxılardım. Sən demə, uzun illərdir Qərbdə Güney Azərbaycanı, eləcə də Quzey Azərbaycanı belə təqdim ediblər. Bizimkilər buna görə heç etirazlarını bildirməyiblər. Harada bir mərasimə dəvət edilirəmsə bildirirəm ki, məni “South Azerbaijan”, yəni Güney Azərbaycanın nümayəndəsi kimi təqdim etsinlər. Bunu anlayanlarla işimiz yoxdur, anlamayanlara isə Güney Azərbaycanın 35 milyonluq toplumu və tarixi ərazisi, mədəniyyəti haqqında bilgilər verirəm. Heç bir zaman hansısa konsertə, beş manatlıq qazancıma görə “Persian music” bayrağının altına girmərəm. Bəzən elə olur ki, kimliyimi, hansı mədəniyyəti təmsil etdiyimi, milli musiqimizi tanımaları üçün Azərbaycan dövlətinin bayrağını başımın üstündən asıram. Konsertdən sonra əldə etdiyim alqışların Azərbaycana şamil edilməsindən isə qürur duyuram və fərəh hissi keçirirəm.

–Bakıda oldunuzmu?
–Çox istəyirəm ki, Bakını, Quzey Azərbaycanımızın hər qarışını ziyarət edim. Hələ ki, bu xoşbəxtlik mənə qismət olmayıb. Ancaq, Quzey Azərbaycanın bütün tarzənlərini çox yaxşı tanıyıram. Türkiyədə yaşadığım dönəmlərdə demək olar ki, onların hamısını canlı şəkildə dinləmişəm. İndiki internet dünyasında istənilən ifaçının qiyabi də olsa seyr etmək çox asandır. Güney Azərbaycan, Türkiyə, Almaniya, ABŞ, Kanada və başqa ölkələrdə tarzən kimi bütöv Azərbaycanın musiqisini ifa etmək mənim üçün qürur mənbəyidir.

Söhbətləşdi: Ə. Yusifoğlu                        

12:41