Ekspert: Mərkəzi Bank “qara bazar”ı çiçəkləndirir

«Mərkəzi Bankın 2017-ci ildəki ilk valyuta hərracı göstərdi ki, o, hər hərracda tələbdən dəfələrlə az valyuta çıxartmaqda israrlıdır». Mərkəzi Bankın(MB) 2017-ci ildəki ilk hərracının nəticələrini şər edən iqtisadçı Natiq Cəfərli belə deyib. Ekspertin fikrincə, bu addım «qara bazar»ı təşviq edəcək, rəsmi məzənnə əhəmiyyətini itirəcək.

Sərbəst valyuta alışsatışı bərpa edilməlidir, yoxsa...

«MB-nin əsas vəzifəsi sərbəst valyuta alış-satışını bərpa etmək olmalıdır. Yoxsa, qiymətlər daha sürətlə artacaq, mağazalar, apteklər getdikcə boşalacaq, olan-qalan investorlar da ölkədən qaçıb gedəcək, rəsmi məzənnə ilə real məzənnə arasında fərq böyüyəcək», - iqtisadçı bildirib. N.Cəfərli həmçinin, Mərkəzi Bankın ən qısa zamanda məzənnə marjasını dəyişməli olduğunu vurğulayıb.

4 faizlik marja ləğv edilməlidir

«Mərkəzi Bank 4 faizlik, artıq mənasını itirmiş məzənnə marjasını ləğv etməlidir. Banklara sərbəstlik verməli, valyutadəyişmə məntəqələrinin yenidən açılmasına şərait yaratmalıdır. Başqa yol yoxdur, ölkəni məzənnə siyasətində Türkmənistana, Özbəkistana çevirmək olmaz, bu, daha təhlükəlidir», - deyə N.Cəfərli hesab edir. Bu gün, yanvarın 5-də keçirilən ilk valyuta hərracında dolların məzənnəsi 1.7707-dan 1.7742 manata qədər artıb. Əksər kommersiya bankları isə, ötən ilin sonlarında olduğu kimi, dollar satışından imtina edib. Yalnız bir neçə bank limitlə dollar satır. Kommersiya bankları bir dolları hazırda 1 manat 84 qəpiyə alırlar. Dolların satış qiyməti bundan cüzi yüksəkdir.

Azadlig.org

10:43