Ekspert: ATƏT-in Minsk qrupu ya buraxılmalı, ya da bu təsisatda islahatlar aparılmalıdır

karabakhspace.commonspace.eu portalında Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin böyük məsləhətçisi Vasif Hüseynovun Azərbaycan və Ermənistan arasında münaqişənin nizamlanmasında ATƏT-in Minsk qrupunun vasitəçilik rolu və tutduğu mövqeyə dair ekspert rəyi dərc edilib.

AZƏRTAC xəbər verir ki, ekspert materialda əvvəlcə oxuculara ATƏT-in Minsk qrupu barədə ətraflı məlumat verir. Qeyd edilir ki, bu qrup 1990-cı illərin ortalarından 2020-ci ilin sonlarınadək, yəni İkinci Qarabağ müharibəsi başlayana kimi Ermənistan-Azərbaycan münaqişəsində əsas vasitəçi rolunu oynayıb. 1995-1997-ci illərdə vasitəçilik missiyası ABŞ, Rusiya və Fransaya həvalə edilib və bu ölkələr həmin vaxtdan qrupda həmsədrliyi həyata keçirirlər.

V.Hüseynov Minsk qrupunun münaqişə tərəflərinin mövqeyinə də toxunub və diqqətə çatdırıb ki, hər üç ölkədə nüfuzlu erməni diasporu var və onların müvafiq parlamentləri müxtəlif vaxtlarda erməni tərəfinə dəstək ifadə ediblər (deputatların işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfərlərindən tutmuş Azərbaycana yardımın məhdudlaşdırılmasına qədər). Fransanın vasitəçi kimi neytrallıq prinsipinə məhəl qoymaması və açıq şəkildə Ermənistanın tərəfinə keçməsi son müharibə zamanı və ondan sonra Minsk qrupunun imicini və effektivliyini daha da sarsıdıb. Müharibədən bir neçə həftə sonra Fransa parlamentinin hər iki palatası heç Ermənistanın özünün belə müstəqil dövlət kimi tanımadığı qondarma “Dağlıq Qarabağ respublikası”nı tanıyan qətnamələr qəbul edib. Tarixə nəzər saldıqda hələ 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı müzakirələr apararkən Fransanın da ermənipərəst rolu yada düşür. Məhz Fransanın təkidli tələbi ilə işğalın səbəbkarları “yerli erməni qüvvələri” (yəni Ermənistan dövlət kimi deyil) kimi qeyd edilmiş və münaqişə Xartiyasının VII fəslində nəzərdə tutulan “təcavüz aktı” kimi deyil, daha yumşaq VI fəsildəki “sülh yolu ilə həll edilməli olan mübahisə” kimi tövsif edilmişdi.

Müəllif qeyd edir ki, məhz bu və digər reallıqlar üzündən Azərbaycan xalqı ötən illər ərzində Minsk qrupunun vasitəçiliyinə inamını itirib və heç vaxt onu münaqişənin ədalətli həllini təmin edəcək vicdanlı vasitəçi kimi görməyib. Bu fonda Rusiyanın 44 günlük müharibədən sonra münaqişə tərəfləri arasında aparıcı vasitəçi kimi yenidən meydana daxil olması ATƏT-in vasitəçilik missiyasını sülh prosesindən tamamilə kənara qoydu. Qrup o vaxtdan bəri regional nəqliyyat və kommunikasiya kanallarının açılmasına dair müharibədən sonrakı danışıqlarda və davamlı nizamlanma və hərtərəfli sülh sazişi üçün səylərdə heç bir təsirli rol oynamır.

Daha sonra hazırkı vasitəçilik səylərinə toxunan V.Hüseynov diqqətə çatdırıb ki, dekabrın əvvəli üçün planlaşdırılan Stokholm görüşündən əvvəl Rusiya artıq noyabrın 26-da Soçidə Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli sammitini keçirib və bəzi kritik məsələlərlə bağlı razılıq əldə edilib. Bundan sonra üç ölkənin Baş nazirinin müavinləri səviyyəsində görüş keçirilib, mina xəritələri və əsir mübadiləsi baş verib. Qarşıdakı aylarda nəqliyyat dəhlizlərinin açılması, Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası və demarkasiyası və s. ilə bağlı daha müsbət irəliləyişlər gözləmək olar.

Qrupun hazırkı strukturda israrlı olması və müharibədən əvvəlki gündəliyə sadiqliyi yanlış şəkildə beynəlxalq vasitəçi roluna xidmət edir, yeni beynəlxalq missiyanın formalaşdırılması ilə bağlı danışıqların başlanmasına mane olur və buna görə də problemi həll etmək əvəzinə, həmin problemin bir hissəsinə çevrilib. Artıq beynəlxalq ictimaiyyətin Bakı və İrəvan arasında müharibədən sonrakı sülh prosesində Minsk qrupunun roluna yenidən baxmağının vaxtı yetişib. Bu qurum ya tamamilə ləğv edilməli, ya da danışıqlar prosesini effektiv həyata keçirmək üçün onun üzərində islahat/yenidən strukturlaşma aparılmalıdır.

Xudaferin.eu

15:08