Ehtiyatlı olsun: “Bakıda insanları ölümə aparan çörəklər satılır”

 

Son vaxtlar Bakıda satılan çörəklərin içərisindən yad cisimlərin çıxması kimi faktlara çox rast gəlinir.
 

Sosial şəbəkələrdə və KİV-də bununla bağlı çoxsaylı məlumatlar və görüntülər yayılır. Kimi çörəyin içindən tük, kimi çöp, kimi də taxta və s. tapır. Hətta çörəyin içindən mismar və digər insan orqanizmi üçün çox təhlükəli, ölümə səbəb ola biləcək cisimlər də çıxır. Bu gün də Bakı sakinlərindən biri aldığı çörəyi kəsərkən içərisindən kəndir ip çıxıb. Bu barədə Mehparə Məmmədova adlı paytaxt sakini “Facebook” səhifəsində yazıb. İstifadəçi həmin çörəyin fotosunu da paylaşıb.

“Dünən axşam bacımgilə gedəndə yol üstü, heç vaxt girmədiyim bir marketə girdim, çörəyi də oradan aldım. Səhər yeməyində doğrayanda içindən kəndir çıxdı. Çörəyin içindən çıxan kəndir və başqa qırıntılarla birlikdə aparıb market sahibinə göstərdim. Dedi ki, artlq neçənci dəfədir ki, camaat üstümə gəlir. Daha ordan çörək götürməyəcəm. Çörək "Binəqədi Yanar dağ" cörək sexindən gətirilib”, - deyə Mehparə Məmmədova bildirib.

Həmin statusun altından da çoxsaylı şərhlərdə hamı çörəyin içərisindən müxtəlif cisimlərin çıxdığını yazıb. Mehparə Məmmədova isə əlavə edib ki, adıçəkilən sexin nə ünvanını, nə də əlaqə nömrəsini öyrənə bilib. Market sahibi də çörəyi kimdən aldıqlarını deməyib.

Məsələyə aydınlıq gətirmək istədik. Adıçəkilən çörək sexinin ünvanını axtarsaq da, tapmaq mümkün olmadı. Bu isə böyük qanun pozuntusudur. Çünki mal, əsasən qida məhsulu istehsal edən şirkətlər mütləq ünvan və əlaqə nömrələrini malın üzərində qeyd etməlidirlər. Bundan başqa, həmin şirkətlərin əlaqə nömrəsi və ünvanı internetdə yazılmalı, istehlakçılar üçün açıq olmalıdır. Bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlamasında bildirib: “Nazirlər Kabinetinin 95 saylı qərarına görə, bütün mallar, əsasən də, ərzaq məhsulları qablaşdırılmalıdır. Malın büküldüyü kağızın üzərində isə məhsul istehsal edən şirkətin adı, ünvanı və əlaqə telefonu yazılmalıdır. Çox təəssüf ki, “Zavod çörək”ləri qablaşdırılmır və açıq satılır. Həmin sexin əlaqə vasitələri də gizli qalır. Bu da istehlakçıların hüquqları və Nazirlər Kabinetinin qərarının pozulması deməkdir. Bu halda istehlakçı mütləq lazımı orqanlara məlumat verməlidir. İqtisadiyyat Nazirliyinə, Səhiyyə Nazirliyinə bildirilməlidir. Çörəyin içərisindən kənar cisim çıxırsa, demək burada heç bir gigiyenadan söhbət gedə bilməz. Bununla bağlı çox sayda müraciətlər olur. Bunun qarşısı mütləq alınmalıdır. Əks halda insanlar arasında xəstəliklər artar”.

Muxalifet.az

 

10:36