DƏYƏRLƏRİMİZİ ÖZÜMÜZ QORUMALIYIQ…..

Minilliklər boyu Azərbaycan dahilərin, söz ustadlarının, dövlət qurucularının, sərkərdələrin, filosofların , görkəmli elm adamlarının Vətəni olub.
Bu torpağın yetişdirdiyi Dədə Qorqud , Babək , Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Xəqani, Nəsimi, Tusi , Füzuli, Uzun Həsən . Şah İsmayıl Xətai, Şah Məhəmməd Qacar , Nadir Şah Əfşar, Mirzə Fətəli Axundov, Aşıq Ələskər , Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Səttar xan , Cəfər Cabbarlı, Hüseyn Cavid , Şəhriyar, Üzeyir Hacıbəyov , Lütvü Zadə , Məmmədəmin Rəsulzadə , Heydər Əliyev , Bəxtiyar Vahabzadə kimi böyük tarixi şəxsiyyətlər millətimizin mənəvi sütunlarına çevriliblər.
Bu adlar yalnız tarix deyil ; millətin kimliyidir, özünüdərkidir, ruhudur.
Başqa xalqlar öz görkəmli şəxsiyyətlərini bir qədər də böyüdərək, tarixə dahilər kimi təqdim edirlər.
Çox təəsüf ki, biz bu sahədə səhlənkarıq edirik.
Və bəzən tarixi şəxsiyyətlərimizi özümüz aşağılayırıq.
Son illər bu tarixi şəxsiyyətlərimizi məqsədli şəkildə gözdən salınması ; tarixi simaların çirkin təqdimatı, onların həyat və fəaliyyətinin təhrif edilməsi -- təhlükəli tendensiyaya çevrilir.
Xüsusilə mədəniyyət adı altında milli dəyərlərə hücum edən müəyyən qrupların cəhdləri təsadüfi deyil, təsadüfi də görünmür.
Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızının məşhur şairə və fikir adamı -- Məhsəti Gəncəvini aşağılayıcı formada təqdim etməsi ; cəmiyyətdə haqlı narazılıq doğurdu.
Məsələnin kökü təkcə bir film və ya bir şəxsin yanlış yanaşması deyil — milli irsimizə qarşı planlı təxribatların davam etməsidir.
Bu gün birilərinin “yenilik”, “modern baxış”, “azad yaradıcılıq” adı altında etdikləri əslində milli irsi gözdən salmaq, köksüz bir cəmiyyət yaratmaq cəhdidir.
Məqsəd isə aydındır : xalq öz qəhrəmanlarını, dahilərini, söz adamlarını tanımasın, onlarla fəxr etməsin, onları nümunə götürməsin.
Doğrudur bu, yeni baş vermir. Tarix boyu imperialist qüvvələr bir çox millətlərə öz kimliyini unutdurmağa çalışıblar.
Bu gün isə informasiya texnologiyalarının daha çox inkişaf etdiyi dövrdə ; təxribatlar daha incə, daha peşəkar və daha təhlükəli şəkildə edilir.
Xaricdən yönəldilən, daxildə isə bəzi dairələr tərəfindən dəstəklənən bu fəaliyyətlərin ortaq hədəfi
--- Azərbaycan xalqını öz köklərindən qoparmaqdır.
Bu kimi cəhdlərdə “feminizm”, “incəsənət”, “modern interpretasiya” kimi anlayışlardan pərdə kimi istifadə etmək adi hala çevrilib.
Amma bu təxribatı törədənlər unudurlar ki, millətin dəyərləri ilə oynamaq nə yenilikdir, nə yaradıcılıq. Bu, yalnız dəyərsizləşmədir – özü də məqsədli və düşünülmüş şəkildə.
Əgər hər hansı bir azərbaycanlı – özü də təhsilli, imkanlı və cəmiyyətə təsir imkanı olan biri – xalqının ərənlərini, şəxsiyyətlərini cəmiyyətə yalnış təqdim edirsə, burada ən böyük problem ya onun daxili kimlik boşluğudur ya da o şəxs sifariş yerinə yetirir.
Çünki kimliyinə dəyər verən insan heç vaxt öz millətinə qarşı bu cür addım atmaz.
Hər xalqın içində belə “sapı özündən olan baltalar” çıxıb, amma heç biri tarix qarşısında üzüağ qalmayıb.
Bu gün məsuliyyət hamımızın üzərindədir. Sevib-sevməməyimizdən, ideoloji fərqlərimizdən, şəxsi baxışlarımızdan asılı olmayaraq ; bir həqiqəti dərk etməliyik --- əgər biz dəyərlərimizi özümüz qorumasaq , onları başqa heç kim bizim yerimizə qoruyası deyil.
Bütün hallarda Tarixi şəxsiyyətlərimizi -- onların özlərinin yaratdığı dəyərlər yaşadacaq.
Xalqımızın söz sərvəti, ədəbiyyatı, musiqisi, dövlətçilik ənənəsi heç vaxt bir-iki təxribatın təsiri altında əriyib yox olmayıb, olmayacaq da !
Amma bunun üçün cəmiyyətimiz ayıq olmalı ; maariflənməli, dəyərlərimizə sahib çıxmalıdır.
Biz dünya ilə ayaqlaşa bilərik, modern ola bilərik, yenilikçi ola bilərik.
Amma kökünü kəsmiş ağacın yaşamaq şansı olmadığı kimi, kimliyini itirmiş millətin də gələcəyi olmaz.
Ona görə də hər kəs anlamalıdır ki : Dəyərlərimizi özümüz qorumalıyıq.
Onları bizdən başqa heç kim qorumağa borclu deyil.
Dəyərlərimizi qorumasaq – sabah özümüzü tanımayacağıq...

Müəllif : Qəvami Sadıqbəyli
Xudaferin.eu

18:32