Düsseldorfda Azərbaycan Xalq Cümhuriyyətinin və Qara Qarayevin 100 illik yubileyləri qeyd olunub

Almaniyanın Düsseldorf şəhərində Azərbaycan, rus və almandilli cəmiyyətlərin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin və dahi bəstəkar Qara Qarayevin 100 illik yubileylərinə həsr olunmuş gecə keçirilib.

Xudaferin.eu AZƏRTAC-a istinadən bildirir ki, Düsseldorf şəhərinin meri Tomas Geysep gecənin təşkilatçısı, “Pinnokio” Cəmiyyətinin rəhbəri Lalə Süleymanovaya, Azərbaycandan gəlmiş Xalq Yazıçısı Çingiz Abdullayevə təşəkkür edib.

Daha sonra Çingiz Abdullayev tədbir iştirakçılarına Azərbaycan xalqının böyük mədəni irsi, müxtəlif zamanlarda yaşayıb-yaratmış yazıçı və şairlər haqqında məlumat verib, Qara Qarayevin yaradıcılığı və musiqi irsi barədə danışıb.

Tədbirin bədii hissəsində Almaniyada musiqi fəaliyyəti ilə məşğul olan həmyerlimiz Anar İbrahimov skripkada Qara Qarayevin əsərlərini ifa edib. Çexiya və Azərbaycanda tanınan dramaturq və şairə Leyla Bəyim Cəfərova isə dahi bəstəkarın 100 illiyinə həsr etdiyi “Yeddi gözəl” adlı lirik əsərini səsləndirib. Həmçinin azərbaycanlı rəssam və gəlincik ustası olan Vəfa Həşimova yubiley üçün hazırladığı yeni kolleksiyasını təqdim edib.

Qeyd edək ki, ədəbi-bədii gecə Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi və Düsseldorfda fəaliyyət göstərən “Pinnokio” Cəmiyyətinin təşkilatçılığı ilə keçirilib.

14:15